“COP29-un Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir” - DEPUTAT DANIŞDI
“Dünyada iqlim dəyişikliyi ilə bağlı BMT-nin çərçivə konvensiyası olan COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəmizin tarixində çox mühüm hadisədir. Təsadüfi deyil ki, bu tədbirin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsinin sədri cənab Prezidentin özüdür və komitənin ilk iclasında ölkə başçısı çıxış edərək, tədbirin olduqca ciddi uğurlar nəticəsində əldə olunduğunu və tarixi əhəmiyyət daşıdığını qeyd edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, ölkə başçısı haqlı olaraq vurğulayıb ki, belə bir tədbirin Azərbaycanda keçirilməsini dünyanın bütün ölkələri, o cümlədən Ermənistan da dəstəkləyib: “Bu Azərbaycana göstərilən böyük hörmət və ehtiramdır.
Digər tərəfdən Azərbaycan iki ay öncə çox ciddi anti-terror tədbirləri keçirərək, ölkəmizin bütün ərazilərində suverenliyimizi bərpa etdi. Həmin zaman Fransa başda olmaqla bir sıra Qərb ölkələri Azərbaycana qarşı çıxdılar, ölkəmizi tənqid etdilər. Nəticədə isə cəmi iki ay sonra bütün dünya dövlətləri Azərbaycanı dəstəklədi. Bu isə Azərbaycanın haqq işini həyata keçirdiyini bir daha göstərmiş oldu.
COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanı bir daha dünyanın mərkəzinə gətirəcək və Azərbaycan son illərdə əldə etdiyi böyük uğurları daha böyük miqyasda təkrarlayacaq. Cənab Prezident öz çıxışında həm də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə əldə etdiyi uğurlardan da danışdı və göstərdi ki, 120 dövləti əhatə edən bu böyük təşkilata Azərbaycanın sədrliyi dövründə hərəkat daha da inkişaf edərək, güclü təşkilata çevrilib. Təşkilatın parlament, gənclər, qadınlar şəbəkəsi yarandı və Qoşulmama hərəkatı BMT-dən sonra ikinci çox ciddi bir təşkilata çevrildi. Bu isə məhz Azərbaycanın uğurudur. Bu uğurlara görə Azərbaycanın təşkilata sədrliyi bir il daha uzadıldı.
Eyni zamanda Azərbaycanın bölgədə sülhə və sabitliyə qarant dövlət olduğu da belə bir tədbirlə bir daha təsdiqlənir.
COP29 Azərbaycanda yüksək səviyyədə keçiriləcək, bu çərçivədə ölkəmizə 60-70 min qonağın gələcəyi gözlənilir. Bu tədbirin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB