Ali Baş Komandan Ermənistan qarşısında şərt qoydu TƏHLİL

Ali Baş Komandan Ermənistan qarşısında şərt qoydu TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin"

Bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıraraq müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək demişdir: «Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir».

Qalib Komandan kimi Azərbaycvn Prezidenti İlham Əliyev hər zaman açıqlamalarında bildirir ki, sülhün qorunması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərmayə qouluşu üsün real zəmin yaratmış olacaq. Və Ermənistan sülh müqaviləsinin yeganə çıxış yolu olduğun anlayır.

Prezident İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə edib: “II Qarabağ müharibəsində əldə olunan qələbədən sonra yeni reallıq yaranıb. Azərbaycan şərtləri diktə edən tərəfdir. Buna baxmayaraq, dövlətimiz sühpərvər və humanist mövqe nümayiş etdirərək və sülh prosesində təşəbbüskar tərəf kimi çıxış edir. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Qarabağ məsələsi bitib. Azərbaycan öz suverenliyini bərpa edib. Qarabağda separatçı rejimin ləğv edilməsi fonunda sülh müstəvisinə heç bir əngəl qalmayıb. Ölkəmiz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsip üzrə razılaşmanın əldə edilməsində maraqlıdır. Bunlar bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması kimi vacib prinsipləri əhatə edir. Sözsüz ki, bu təkliflər beynəlxalq hüquqa əsaslanır”.

Ölkəmizin başçısı Ermənistanda azərbaycanlıların sayı məsələsini də xüsusilə vurğuladığını bildirib. Qeyd edib ki, hazırda Ermənistanda və Azərbaycanda analoji olaraq azərbaycanlıların və ermənilərin sayı ilə bağlı konkret faktlar mövcuddur: «Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığın məsələsi bu müstəvidə qaldırıla bilər. Çünki ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsi mövcuddur. Bu mənada Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti birmənalı olaraq qalır».

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ: ƏLİYEV İRƏVANA ŞƏRT QOYDU

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir. Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalisini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur: erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı; İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda, artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək.

Hərçənd, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, Qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun olaraq, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var.

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb. Dövlətimizin başçısı bu barədə danışarkən deyib: «Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilib və keçən dəfə “Euronews”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadrat kilometr olan ərazi dağıdılıb».

Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: «Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Bir sözlə, biz, qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoysun və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin».

AZƏRBAYCAN MÜSTƏQİL XARİCİ VƏ DAXİLİ SİYASƏTƏ MALİK ÖLKƏDİR VƏ BU SİYASƏTİ MİLLİ MARAQLARA ƏSASLANARAQ YÜRÜDÜR

Bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla bütün dünya İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı olduğunu qəbul edir. Prezident İlham Əliyevin “Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür” fikri böyük maraqla qarşılanıb. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Belə hallar Azərbaycan dövlətini mövqeyindən çəkindirə bilməz. Çünki ölkənin inkişafı düşünülmüş şəkildə aparılır. Hətta işğal dövründə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Və bu gün sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsindən sonra Ermənistan daha cəsarətli davranmalıdır. Çünki danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Bütün bunlarla yanaşı, qalib ölkənin öz düşməninə sülh təklif etməsi də görünməmiş hadisədir. Lakin bütün bunların fonunda qarşı tərəfin Azərbaycanın bu humanist addımını qiymətləndirməməsi yalnız onun sülh tərəfdarı olmadığının, əmin-amanlığı, təhlükəsizliyi təhdid etdiyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Sülh müqaviləsi imzalanacaqsa bu yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Bir sözlə, dövlət başçımızın söylədiyi kimi: «Sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə