Uğurlarımız tutarlı faktlarla “Euronews” televiziyasında səsləndirildi
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın iqtisadi inkişafının təməlində, əsasən, tərəfimizdən aparılmış islahatlar dayanır"
Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri, eləcə də müxtəlif platformalarda etdiyi çıxışlar beynəlxalq ictimaiyyətin hər zaman diqqətində olur. "Euronews" televiziyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Uğurlamızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Bundan başqa, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla münasibətlər mövcud deyil.
AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFININ TƏMƏLİNDƏ APARILAN İSLAHATLAR DAYANIR
Dövlət başçımızın "Euronews" televiziyasına növbəti müsahibəsində də mühüm əhəmiyyət kəsb edən məqamlara da toxunub. Ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır: "Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir".
Bəli, iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Məhz bu islahatların nəticəsidir ki, son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Son illərin göstəricilərindən də məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 4 dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb".
Dövlət başçısı onu da vurğulayıb ki, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Bütün bu uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Etibarlı tərəfdaş statusuna sahiblənən Prezident cənab İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz. Çünki…
BİZİM İQTİSADİ İNKİŞAFIMIZ, HƏTTA DAHA MÜRƏKKƏB GEOSİYASİ VƏZİYYƏTDƏ BELƏ MÜSBƏT OLUB
Prezident İlham Əliyevin "Euronews" televiziyasında yayımlanan müsahibəsində bildirib ki, bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə: "Bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük".
Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən dövlətimizin başçısı bildirib: "Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm".
ƏSAS DÖVLƏT XƏRCLƏRİMİZ AZAD EDİLMİŞ QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA YÖNLƏNDİRİLƏCƏK
Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev "Euronews" televiziyasında yayımlanan müsahibəsində qeyd edib ki, hazırda qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Ölkə başçısı həmçinin bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq. Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılır.
Beləliklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan sürətli yüksəliş dövrünü yaşayır. Və Prezident İlham Əliyev "Euronews" televiziyasında yayımlanan müsahibəsində göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB