“Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Artıq 20 ildir ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun anım günü dünyanın bir çox yerlərində qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Ümummilli liderliklə, dünya miqyaslı siyasətçi keyfiyyətlərinin bir adamda birləşməsinə bəşər tarixində nadir rast gəlinir. Məhz xalqın fədakar oğlu Ulu Öndər bu ali keyfiyyəti özündə birləşdirməklə yanaşı fəaliyyət göstərdiyi bütün sahələrdə liderlik bacarığını da ən yüksək səviyyədə təsdiq etmişdir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu dahi şəxsiyyət öz qətiyyəti ilə bütün xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışdı.

Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə ilə Ulu öndərin layiqli davamçısı olduğunu əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Azərbaycanın bugünkü qələbəsinin banisi Ulu Öndər Heydər Əliyev, reallaşdıranı isə onun yetişdirdiyi vətəninə, xalqına bağlı olan cənab prezident İlham Əliyev oldu.

Millətin məhəbbətini qazanmış Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də o, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır.

Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən salıb. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə