Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda çıxış edən ölkə başçısı regionda baş verən hadisələrin qısa təhlilini apararaq bildirib ki, Forum iştirakçılarının Zəngilana səfəri və orada baş vermiş və baş verən hadisələri görməsi diqqətəlayiqdir. Ərazidə aparılan bərpa və məskunlaşma işləri ilə yaxından tanışlıq Forum iştirakçılarında son 30 ildə baş verən hadisələr haqqında daha dolğun təəssürat yaradacaqdır. Ölkə başçısı qeyd edib ki, artıq regionda vəziyyət dəyişib. Bu prosesin sülh yolu ilə dəyişməsi bizim ən böyük arzumuz idi. Təəssüf ki, belə olmadı və məcburi olaraq Azərbaycan müharibə yolu ilə öz suveren ərazilərini qaytarmaq, işğaldan azad etmək məcburiyyətində qaldı.

Müharibədən sonra Ermənistan rəhbərliyinin yenə də köhnə metodlardan istifadə etməklə sülhə maneə olmaq cəhdlərini diqqətə çatdıran cənab Prezident bildirmişdir ki, “bizim hələ də ümidlərimiz var idi ki, Ermənistan rəhbərliyini özünün beynəlxalq öhdəliklərini əməl etməyə inandırmaq mümkün olacaq. Xüsusilə də 2020-ci il noyabrın 10-u erkən saatlarda mənim, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatla bağlı. Biz ümid edirdik ki, onlar öz imzalarına hörmət edəcək və uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlar. Başqa sözlə desək, onlar öz qoşunlarını Qarabağdan çıxarmalı idilər. Onlar müxtəlif səbəblərdən bunu etmədilər.

Biz iki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.”

Cənab Prezident İlham Əliyev separatçı rəhbərlərin məğlubiyyətdən sonra da hədə ilə danışmalarını, ictimai bəyanatlara baxmayaraq, təslim olub amnistiya aktından yararlanmaq əvəzinə revanşist mövqe tutmalarını qeyd edərək onların əda və kəskin ritorika ilə Bakıya gələcəklərini bildirdiklərini qeyd edərək bildirdi ki, bəli, indi həmin rəhbərlər doğrudan da Bakıya gəliblər. Lakin təbii ki, özləri gəlməyib, onları bizim təhlükəsizlik orqanları gətirib və indi də cəzalarını gözləyirlər ki bu da qanunauyğun bir prosesdir.

Ölkəmizin başçısı qeyd etmişdir ki, bizim sülh səylərimizə baxmayaraq Ermənistan iki dəfə qırmızı xətti keçərək yeni münaqişənin əsasını qoymuş oldu: “Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası “dağlıq Qarabağ” respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi.

İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası “dağlıq Qarabağ” respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu. Razılıq ondan ibarət idi ki, həmin ərazidə hər hansı dəyişikliklər baş verməyəcək.”

Baş verənlərdən sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hərəkətə keçməsini və cəmi bir gün sürən antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdiyini bildirən ölkə başçısı daha sonra Forum iştirakçılarının suallarını cavablandırmışdır. Səfir Metyu Brayzanının sualına cavab verən ölkə başçısı bir daha qeyd etmişdir ki, bəzi dairələrin haqsız və ədalətsiz yanaşmasına baxmayaraq, biz həmişə Qarabağda yaşayan erməniləri bizim vətəndaşımız hesab etmişik. Lakin onlar bizim təklif etdiyimiz reinteqrasiya məsləsini lağ obyektinə çevirməkdən belə çəkinmədilər və danışıqlardan müxtəlif şəkildə imtina yolunu tutdular: “Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Biz onlara mesaj verdik ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək və onlar iştirak edə bilərlər. Onlar öz nümayəndələrini seçə bilərlər ki, öz bələdiyyələrinin rəhbərləri olsun.”

Bu gün də reinteqrasiya təklifinin masa üzərində olduğunu qeyd edən cənab Prezident hələ də erməni sakinlərin qayıtmaq, vətəndaş kimi hüquqlardan istifadə etmək imkanlarının olduğunu bildirmişdir.

Links Avropa Fondunun direktoru Denis Sammutun sualına verdiyi cavabda ölkə başçısı qeyd etmişdir ki, 30 il ərzində ATƏT-in Minsk qrupu ancaq bir söz əzbərləmişdi ki, münaqişənin hərbi yolla həlli mümkün deyildir. Lakin zaman göstərdi ki, onlar yanılıblar və biz münaqişəni məhz onların qəbul etmədiyi və nəticəsinə inanmadıqları yolla həll etdik: Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq Qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm. Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, beş ildən sonra istədiyimizə nail olacağıq. Beləliklə, 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmırdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi - bunu mümkünlüyün bariz sübutu hesab edirəm.

Cənab Prezident İlham Əliyev Avropada Ermənistanı kor-koranə müdafiə edən qüvvələrin, populist adamların mövcudluğuna diqqət çəkərək bildirmişdir ki, bəzi siyasilər məsələnin mahiyyətindən bixəbər olduqları halda ölkəmizi sanksiyalarla hədələyir, müqavilələrin pozulmasını tələb edirlər. Lakin onlar da yanılırlar: “Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən həmişə açıq danışmağa üstünlük verirəm, çünki onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibəti ilə tamamilə razı deyiləm. Çünki bu, ədalətli deyil və bu, Avropa İttifaqının və Avropa institutlarının maraqlarına uyğun deyil. Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstanı, Azərbaycanı, Rumıniyanı və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir.”Ölkəmizin başçısı Forumda bir daha öz qətiyyətli mövqeyi ilə diqqət çəkərək Azərbaycanın regionda aparıcı qüvvə olduğunu, Azərbaycansız Cənubi Qafqazda heç bir şeyin mümkün olmadığını bildirmişdir. Son nəticə olaraq qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ermənilərin havadarlarına əslində çox ciddi mesajlar verərək sülhə aparan yolun istiqamətini də göstərmişdir: “Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ” respublikasını unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.”

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə