"Ermənistan Azərbaycanın suveren hüquqlarını qorumasına başqa don geyindirməyə çalışır" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan növbəti dəfə öz ikiüzlülüyünü, Azərbaycanla münasibətlərdə səmimi olmadığını sübut edir. Bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini bildirir, digər tərəfdən isə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın öz suveren hüquqlarını qoruması fəaliyyətinə başqa don geyindirməyə çalışır: "Ermənistan XİN rəhbərinin Azərbaycanla bağlı son açıqlamaları onu göstərir ki, Ermənistan hələ də məğlubiyyəti və Azərbaycan torpaqlarından qovulması ilə razılaşa bilmir, sülh müqaviləsi ilə bağlı apardığı danışıqları özü kölgə altına qoyur. Lakin Ermənistan bilməlidir ki, bu gün beynəlxalq ictimaiyyət Cənubi Qafqaz barədə yalanlarla deyil, reallıqlarla və müşahidə etdikləri ilə fikir formalaşdırır. Azərbaycan beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü təmin edib".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistanın Azərbaycanla bağlı yaydığı yalanların suverenliyimizə heç bir təsiri ola bilməz: "Eyni zamanda, bu cür açıqlamalar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına, regionda əmin-amanlığın olmasına çox ciddi təsir göstərəcək. Hələ də Ermənistanın nə müxalifət, nə də iqtidarının təfəkküründə reallığı qəbul etmək, öz dövlətini beynəlxalq hüquq normaları üzərində qurmaq, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri yer tapa bilməyib. Bu isə ilk növbədə Ermənistana, onun dövlətçiliyinə zərər vuran məsələlərdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə