Yaxud, ATƏT tribunasından Azərbaycana qarşı püskürdülən erməni yalanları…

Qərb rəsmi Bakını “yola gətirməyə”, özünə tabe etdirməyə, bütün planlarını regionun əsas söz sahibi olan Azərbaycanla həyata keçirməyə çalışır. Əvvəl “qara piar”dan başlayır, guya “Dağlıq Qarabağ”dakı ermənilərin zorla köçürülməsində suçlu olduğumuzu iddia edir, daha sonra isə bir az da irəli gedərək Azərbaycanın Ermənistanın “suveren əraziləri”nə təcavüz edəcəyi barədə cəfəngiyyatlar söyləməyə çalışır. Eyni mətni müxtəlif tribunalardan səsələndirən qərbli ssenaristlər bu təbliğatın sonu kimi Azərbaycanın onların səddində duracağını ehtimal edirlər. Təbii ki, bu, yalnız ehtimallardır, həqiqət payı demək olar ki, yoxdur. Bu davada Ermənistan da təsadüfən seçilməyib. Təlimə daha tez alışan, ələbaxan, sözəbaxan, xəyanəti ovcunun içində olan bir ölkə ilə anlaşmaq Qərb üçün o qədər də çətinlik yaratmayıb indiyədək.

Qərb ciddi-cəhdlə Ermənistanın yalanlarını malalamaqla bu ölkədən məzlum, yazıq, günahsız obrazı yaratmağa çalışır. Yüksək tribunalardan İrəvana dəstək aksiyalarının arxasındakı niyyətlər də bunu göstərir. Azərbaycan 30 ildən artıqdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə uzaqdan-yaxından maraqlanan istənilən ölkəyə, beynəlxalq təşkilata, ayrı-ayrı siyasətçilərə iki qonşu dövlət arasında baş verənlərin əsl səbəblərini və keçmişini anladır. 1998-ci ildən başlayaraq dünyanın 3 super dövlətinin yaratdığı həmsədrlik institutunun fəaliyyətinə xeyir-dua verəndə də rəsmi Bakı araşdırmaların, müzakirələrin, danışıqların və nəhayət qərarların obyektiv olacağını düşünürdü. Həmsədrlər dəyişsə də, “turist” səfərlərinin sayı artsa da, konkret heç bir nəticə, azacıq dəyişiklik baş verməsə də yenə ümidimiz münaqişənin sülh yolu ilə bitəcəyinə idi. Amma, itirdiyimiz vaxta heyf, Qərb dünyasının yalançı, ikiüzlü olduğunu çox gec anladıq…

Bu gün yeni-yeni görüşlər keçirilir, yaxud tərtiblənir. ABŞ və onun avropalı dostları prosesin içində olduqlarını sübut etmək üçün min bir hiylə işlədirlər, özlərini əvvəlkitək arbitr rolunda görürlər. Əcəba, 30 il adi bir münaqişəyə öz töhfəsini verə bilməyən, ən azından beynəlxalq qanunların tətbiqini məqsədəuyğun olduğunu deyən Qərbi ortada görmürük. Ermənistan 30 il torpaqlarımızı işğal altında saxladı, Qərb faktı görməzdən gəldi, 1 milyona yaxın vətəndaşımız öz evindən didərgin salındı, yenə susdular, bütün şəhər, kənd və qəsəbələrimizi yerlə yeksan etdilər, dinmədilər, maddi-mədəni abidələrimiz üzərində vandallıq etdilər, beynəlxalq təşkilatlardan birinin də heç olmasa hesabat xatirinə monitoriq aparmaq “yadına” düşmədi. Bu gün isə sıraya düzülüblər. Qorxaq it pəyədən boylanan kimi, Ermənistan-Azərbaycan sərhəssi boyunca sıralanıblar. İşğalçı Ermənistana milyarlarla vəsaiti tərəddüd etmədən peşkəş verirlər, hərbi yardım paketlərinin sayı-hesabı yoxdur, erməni rəsmiləri o tibunadan bu tribunaya, o ocaqbaşından bu tonqalbaşına çəkir, kürəklərinə toxunaraq “bravo” hayqırırlar. Amma əsl niyyətlərini eyforiyada olan Ermənistandan başqa hər kəs bilir.

Şimali Makedoniyanın başkəndi Skopyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu toplantısı keçirilib. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan çıxış edib və… Və bu ikiayaqlının Avropa İttifaqının, yaxud NATO-nun genişlənmə ehtimalı barədə fikir söyləyəcəyini düşünürsünüzsə, çox yanılırsınız. Mirzoyan ağzını Azərbaycana qarşı qərəz yağdırmaqla açıb, çıxışını bütünlüklə Azərbaycana qarşı təbliğata həsr edib. O, çıxışında Ermənistanın və “Qarabağ klanı”nın zorla Qarabağdan ermənilərin çıxarılmasını yenə Azərbaycanın üzərinə atıb. Öz adını bizə qoyaraq nifrət və ksenofobiyadan, ”ata-baba yurdu”, “azad və ləyaqətli”, “ontoloji təhlükə” və s. barədə yalanlar uyduraraq Ermənistanın işğal əməllərini malalamağa çalışıb. Amma bir məsələni də etiraf edib ki, Cənubi Qafqazda “Dağlıq Qarabağ münaqişəsi” bu il son mərhələsinə çatıb.

Mirzoyan utanmadan “Azərbaycan beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə “Dağlıq Qarabağ” ərazisini erməni əhalisi olmadan əldə etmək kimi çoxdankı məqsədinə nail olub”söyləyib. Halbuki, Ermənistan azərbaycanlıların deportasiyasını hələ sovet dövründə 3 dəfə həyata keçirib. Sonuncu, 1988-ci ildə baş verənlərdən sonra isə Ermənistanda bir nəfər də olsun azərbaycanlı-türk qalmayıb. Min illərlə indiki ermənistan adlanan dövlətin ərazilərində azərbaycanlılar yaşayıb, bu yerlərin yerli xalqı kimi tarix yazıb-yaradıblar.

Mirzoyan “humanitar fəlakətə baxmayaraq”, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına “sadiq” olduğunu da vurğulayıb və yalanlarını yenə sıralayıb: “Bu fürsəti reallığa çevirmək üçün bizə hərtərəfli işlənmiş və məlum prinsiplərə əsaslanan səylərimizə Azərbaycanın qarşılıqlı səmimi iştirakı və beynəlxalq aktorların güclü dəstəyi lazımdır. Azərbaycan tərəfindən geniş müzakirə olunan və qəbul edilən və ya ən azı rədd edilməyən həmin prinsiplərə aşağıdakılar daxildir (halbuki Azərbaycan tərəfinin 5 baza prinsipləri əsasında tərtib etdiyi sənəd bundan daha sanballı və beynəlxalq qanun, norma və prinsiplərə söykənir): 1) 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması – Almatı Bəyannaməsi əsasında və qeyri-müəyyənlik olmadan, 2) SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası, 3) ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışı isə həm Ermənistana, həm də onun arxasında durmaqdan yorulmayan Qərb dairələrinə əsl şapalaq oldu. Həmin çıxışı olduğu kimi təqdim etməkdə məqsədimiz onun məzmununa, ruhuna toxunmamaqdır.
Xarici işlər naziri qeyd edib ki, ATƏT Nazirlər Şurasının bugünkü iclası iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsinə qeyd-şərtsiz riayət olunmasının təmini yüksək əhəmiyyət kəsb edir. Bu il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. 24 saat davam edən lokal anti-terror tədbirləri nəticəsində Ermənistan və onun qeyri-qanuni qondarma strukturu tərksilah edilərək buraxılıb və Azərbaycan ərazilərindən tamamilə çıxarılıb.

Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, bu ölkənin öhdəliklərini açıq-aşkar pozaraq, Azərbaycan ərazilərində ağır və hücum tipli silahlarla təchiz edilmiş on minlik silahlı şəxsi heyəti saxlamaqda davam etməklə, əslində revanş üçün vaxt udmağa çalışdığı aydın oldu. Heç bir suveren dövlət, o cümlədən Azərbaycan da öz ərazilərində bu cür qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi. Bu vəziyyətə son qoyulması isə Ermənistanın açıq etinasızlığı, habelə prosesin bir parçası olan vasitəçilərin adekvat addımlar atmaması səbəbindən sülh yolu ilə baş tutmadı. Bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi. Bu da öz növbəsində, Ermənistanın yeni “təmas xətti” qurmaq, ərazilərimizdə yeni səngərlər qazmaq və minalar basdırmaq, qarayaxma kampaniyası vasitəsilə Azərbaycanı şantaj etməklə danışıqların imitasiyası strategiyasını davam etdirə biləcəyi illüziyasına qapılmasına gətirib çıxardı.

ATƏT illərdir davam edən Ermənistanın genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilməyib. Əksinə, legitim çağırışlarımıza məhəl qoymamaq və işğala əsaslanan status-kvoya göz yummaq təcrübəsi Ermənistanı daha da cəsarətləndirdi. ATƏT-in münaqişənin həllinin bir parçası olmaq şansı var idi. Əfsuslar olsun ki, bu şans Ermənistan tərəfindən törədilən maneələr və bir sıra iştirakçı dövlətlərin ona havadarlıq etməsi nəticəsində əldən verildi. Təşkilatda, Azərbaycanın post-münaqişə dövründə reabilitasiya məsələləri üzrə mövcud öhdəliklərinə müvafiq dəstək layihələri ilə bağlı müraciətinin cavablandırılmasına maneələr törədildiyini nəzərə aldıqda, bu təcrübə bugünədək davam edir”.
“Humanitar məsələlər” ilə bağlı ifadə edilən narahatlıqlar da əsassızdır: “Beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yerində aparılan müşahidələr də narahatlıqların əsassızlığını tam təsdiqləyib.

Ümumilikdə götürdükdə, Azərbaycan anti-terror tədbirlərində nümunəvi davranış nümayiş etdirib. Heç bir erməni sakin bölgəni tərk etməyə məcbur edilməyib. Əksinə, Azərbaycan yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib. Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib”.

Nazir vurğulayıb ki, Azərbaycanın bu yanaşması Ermənistanın ərazilərindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina etməsi ilə tamamilə ziddiyyət təşkil edir: “Dağıntılara və sağalmamış yaralara baxmayaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Təəssüf ki, Azərbaycanın birmənalı olaraq sülh prosesinə sadiqliyinə baxmayaraq, proses yersiz ləngimələrdən əziyyət çəkir. Sülh sazişinin layihəsinə nəhayət ki öz şərhlərini təqdim etmək üçün Ermənistana iki ay yarımdan çox vaxt lazım oldu. Eyni səbəbdən, bir sıra üçüncü tərəflərin qərəzli və birtərəfli hərəkətləri də prosesə ciddi şəkildə təsir edir.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh sazişinin yekunlaşdırılması üçün birbaşa danışıqların ən qısa zamanda bərpasına sadiqdir. Biz açıq şəkildə Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və neytral üçüncü bir ölkədə görüşməyi təklif etmişik. Biz, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkanın mövcudluğuna qəti şəkildə inanırıq. Bu imkandan istifadə etməyin vaxtıdır. Bunun üçün Ermənistan sülhə gedən yolun qonşuları ilə ikitərəfli dialoqdan və normal münasibətlərdən keçdiyini başa düşməlidir. Digər aktorlar tərəfindən yalnız qarşıdurmaya və sülhün ləngidilməsinə xidmət edən geosiyasi oyunların davam etdirilməsi qeyri-məhsuldardır.

Beləliklə, Azərbaycanın Təşkilatla konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha vurğuladı. Post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb. İndi top Ermənistan və onun maşasını tutanlardadır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə