Ermənistanın KTMT-dən çıxması NƏLƏRƏ SƏBƏB OLACAQ? - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın KTMT-dən çıxması nəzəri cəhətdən mümkün görünsə də, praktiki olaraq problemli bir məsələdir. Çünki bu təşkilata daxil olmağın müəyyən prosedurları olduğu kimi, çıxışın da öz qaydaları var. Eyni zamanda, üzv ölkə olaraq Ermənistanın KTMT qarşısında öhdəlikləri var. Həmin mexanizmlərin Ermənistana qısa bir müddətdə nə dərəcədə KTMT-dən uzaqlaşmaq imkanı yaradacağı məlum deyil. Mümkün hesab edilsə belə, bu təşkilatdan çıxmaq həm Ermənistan, həm də ümumilikdə MDB üçün böyük dəyişikliklərə, hətta fəsadlara gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, keçmiş MDB məkanında Rusiyanın dirijorluğu və ideyaları ilə təhlükəsizlik sistemi yaradılıb: "Ermənistanın KTMT-dən çıxması onun indiyədək içində olduğu təhlükəsizlik sxeminin dəyişməsi, eyni zamanda cənub cinahının əhəmiyyətli dərəcədə dağılması deməkdir. Nəzərə alsaq ki, Cənubi Qafqaz bölgəsində KTMT üzvü yalnız Ermənistandır, belə şəraitdə onun bu təşkilatdan çıxması Rusiyanın Cənubi Qafqaz cinahında olan təhlükəsizlik sistemində boşluğun yaranması deməkdir".

"Təbii ki, bu boşluğu dərhal doldurmaq istəyən qüvvələr də olacaq. Ermənistanın belə bir addım atacağı təqdirdə Cənubi Qafqazda Qərbin və Rusiyanın geosiyasi ziddiyyətlərinin müəyyən səviyyədə toqquşması şübhəsizdir. Bu toqquşmalar ilkin mərhələdə sərt diplomatik və siyasi dialoqlar formasında olsa da, nəticədə bu, açıq qarşıdurmaya gətirib çıxara bilər. Amma Ermənistanın KTMT ilə vidalaşması onun yolunun artıq Ukraynadan betər bir ssenaridən keçəcəyini deməyə əsas verir. Ən azından Ermənistanda vətəndaş qarşıdurmasının olacağı qaçılmazdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə