Təxribatların arxasında ABŞ-ın dövlət maraqları dayanır – ŞƏRH EDİLDİ

Təxribatların arxasında ABŞ-ın dövlət maraqları dayanır – ŞƏRH EDİLDİ

“Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdə Azərbaycana qarşı qərəz açıq-aşkar özünü göstərir. Bunun yeganə səbəbi var, o da Azərbaycanın müstəqil siyasət yürütməsidir. Beynəlxalq güclər, ABŞ və digər Qərb ölkələri dünyada münasibətləri nizama salmağı özlərinin maraqları çərçivəsindən həll etməyə çalışırlar. Maraqlar naminə ədalətsizliyə tərəf çıxırlar, işğalçıları qoruyur, onları himayə edirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycanda hazırda mövcud olmayan ərazi vahidi haqda “dinləmələr” keçirilib. Halbuki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuş adıçəkilən ərazi vahidində içərisində olduğu iki yeni (Şərqi Zəngəzur və Qarabağ) iqtisadi rayon yaradılıb. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 68-ci maddəsinin üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq 1991-ci il 26 noyabr tarixində ləğv edilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat erməni lobbisinin bu məsələdə yaxından iştirak etdiyinə diqqət çəkib: “ABŞ üçün utancverici haldır ki, dünyanın superdövləti bir ovuc ermənidən asılı vəziyyətə düşüb. Əslində isə bu “ayı xidməti”nin səbəbləri də var. Öncədən qeyd edək ki, təxribatların arxasında ABŞ-ın dövlət maraqları dayanır. Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen və USAİD-in Avrasiya və Avropa bürosunun administratorunun müavini Aleksandr Sokolovski qərəzə, daha çox təxribata yol verirlər. Hər üç şəxsin çıxış etməsi belə özlüyündə prosesin arxasında erməni lobbisini dayandığını deməyə əsas verir. Belə ki, Tomas Kin, tədbirin təşkilatçısıdır və bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşərək 2023-cü il sentyabrın 20-də Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatından sonra yaranmış vəziyyəti müzakirə etmişdilər. Bu görüşdən qısa zaman sonra Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda “dinləmələr”in keçirilməsi aydın məsələdir ki, təsadüfi deyil. ABŞ Konqresinin səxavətli dəstəyi sayəsində USAID Ermənistanda dəstəyini 2018-ci ildən bəri 50 faiz artıra bilib. Bu dəstək amerikalılara Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə işləmək imkanı verib. Eyni zamanda bu dəstək Ermənistanın iqtisadi artımı, vətəndaş iştirakçılı, enerji təchizatının diversifikasiyası və plüralistik informasiya mühitinin güclənməsinə imkan yaradıb. Azərbaycanın isə nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də ABŞ-ın Azərbaycanı ram etmək istəyir və bu istək açıq-aşkardır və ortadadır. ABŞ onu da dərk etməlidir ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Konqres ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq, irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin saytındakı “ümumi dövlət borcu” bölməsində iyunun 16-na 32,04 trilyon dollar məbləğində vəsait göstərilib. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir. Hələ yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb. ABŞ-ın xarici siyasəti, daha doğrusu hərbi müdaxiləsi sayəsində Liviya, Suriya, İraqın, Əfqanıstanın düşdüyü vəziyyətə diqqət etmək kifayətdir ki, Vaşinqtonun hansı xislətə malik olduğunu aşkarlaya biləsən. Hələ son 20 ildə Əfqanıstanda baş verənləri demirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə