“Xalqımız heç zaman müstəqillik arzusundan dönmədi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Xalqımız heç zaman müstəqillik arzusundan dönmədi” - MÜNASİBƏT BİLDİRİLDİ

“17 noyabr tarixi Azərbaycanın parlaq səhifələrindən biri olaraq unudulmayacaq. Bu günün Dirçəliş Günü sayılmasının əsas səbəbi də Azərbaycan xalqının yenidən dirçəlməsi, ayağa qalxmasıdır. Bəlkə də tarixdə Azərbaycan xalqı qədər başına bu qədər faciə gətirilən başqa bir xalq yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı tarix boyu bir çox ağır sınaqlarla üz-üzə qalıb: “Lakin dövlətimiz, xalqımız heç zaman sınmadı, əzilmədi və müstəqillik arzusundan üz döndərmədi. Bu müddət ərzində çoxlu sayda Azərbaycan ziyalısı qətl edildi, dövlətimizin tarix və mədəniyyətinin unudulmasına çalışıldı. Azərbaycana qarşı açıq-aydın düşmən mövqeyi nümayiş etdirildi. Azərbaycan rəhbərliyində düşmənlərimiz yer alaraq bizə qarşı acımasız siyasət həyata keçirdilər. Amma bütün bunlar heç bir fayda vermədi, Azərbaycan qələbəsini təmin etdi.

Biz müstəqilliyimizi əldə etdikdən sonra yenidən Ermənistanın təcavüzkar siyasəti ilə üz-üzə qaldıq. Azərbaycan xalqı yenidən ağır sınaqlardan keçməli oldu. Amma Azərbaycan bu dövrü də uğurla və böyük fədakarlıqla başa vurdu. Cənab Prezidentin rəhbərliyi ilə Ulu Öndərin əsasını qoyduğu siyasət nəticəsində dirçəliş prosesi tamamlandı və biz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, 2023-cü ildə isə Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bu gün də Azərbaycana qarşı təxribatlar törətmək istəyən dövlətlər var. Amma hər zaman olduğu kimi Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gələcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə