"Görünən odur ki, İsrailin öz qəti məqsədləri var" - POLİTOLOQ ŞƏRH ETDİ

"İsral və HƏMAS ərazisində müharibə hələ də davam edir. Görünən odur ki, İsrailin öz qəti məqsədləri var. Sona qədər onun həyata keçməsini gözləyəcək. Hal-hazırda etiraf etmək lazımdır ki, heç kim bu müharibənin qarşısını almaq iqtidarında deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, müxtəlif çarələr deyilir: "Amma İsrail bu çarələrlə razı deyil. Biz Yaxın Şərqdə baş verən hadisə ilə bir daha onu görürük ki, bu gün baş verənlər əslində uzun illərdir mövcud olan bir qığılcımın partlaması deməkdir. Zənnimcə, bu problemin böyük hissəsini aradan qaldırmaq lazımdır ki, bir daha gələcəkdə belə bir məsələ öz qığılcımını ətrafa yaymasın. Əlbəttə ki bu problem ətrafında Türkiyənin, İranın mövqeləri, o cümlədən, ərəb dünyasının mövqeyi hazırda yaxından izlənilir. Bu mövqelər əslində bir daha onu göstərir ki, əslində kim kimdir, kim hansı gücə malikdir".

"Ümumiyyətlə, regionun, dünyanın ayrı-ayrı bucaqlarındakı problemlərin həllində Türkiyə çox vacib qüvvələrdən biridir. Lakin faktiki olaraq Türkiyəyə imkan vermirlər ki, həm Ukrayna, həm də Fələstin məsələsində istədiyi rolu oynaya bilsin. Əlbəttə ki bunun da əsas səbəbi ondan ibarətdir ki, Qərb dünyasının öz maraqları var. Qərb dünyası bu və ya digər ssenarilər ətrafında öz geosiyasi, iqtisadi, maliyyə maraqlarını həyata keçirməklə məşğuldur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə