"30 ildə ATƏT PA-nın rolunun kifayət qədər səmərəli olmadığını gördük" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bir neçə gün sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının payız sessiyası Ermənistanda keçiriləcək. Payız sessiyası ərəfəsində Azərbaycana səfər edən ATƏT PA-nın Prezidenti Pia Kauma Prezident İlham Əliyev, Milli Məclisin sədri Sahibə xanım Qafarova və DTX sədri Əli Nağıyev tərəfindən qəbul olunub. Bütün görüşlərdə ATƏT PA-nın sülhün və təhlükəsizliyin təmin olunmasındakı roluna toxunulub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti xanım Kaumanı qəbul edərkən bölgədəki mövcud durumla bağlı məlumat verib və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanması üçün real imkanların olduğunu bildirib: "Bununla bərabər ölkə başçısı 88-90-cı illərdə Ermənistandan çıxarılmış Azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ və bu hüquqların reallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən qaldırılan məsələyə Ermənistan tərəfindən aydın bir cavabın verilmədiyini də ATƏT PA-nın prezidentinin diqqətinə çatdırıb.

Milli Məclisdə keçirilmiş görüşdə xanım Qafarova ATƏT PA-nın fəaliyət göstərdiyi bütün müddətdə ölkəmizə qarşı müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib və ATƏT PA-nın Ermənistan üçün Azərbaycana qarşı təbliğat platformasına çevrilməsinin yolverilməz olduğunu vurğulayıb".

Deputat sözlərinə davam edərək bildirib ki, DTX sədri ilə keçirilən görüşdə erməni təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4 minə yaxın soydaşlarımız haqqında Ermənistan tərəfindən heç bir məlumatın verilmədiyi ATƏT PA-nın prezidentinin diqqətinə çatdırılıb: "Mətbuata verilən məlumatlardan belə qənaətə gəlmək olar ki, Azərbaycanda keçirilmiş bütün görüşlərdə ATƏT PA-nın son 30 il ərzində bölgəmizdə baş verən hadisələrə səmərəli təsir göstərə bilmədiyi vurğulanıb.

Yaxın günlərdə Ermənistanda keçiriləcək sessiya “ATƏT böhran anlarında: daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu” devizi altında keçirilir. Azərbaycanda keçirilmiş görüşlərdə qaldırılan bütün məsələlərlə bağlı ATƏT PA -nın hansı tədbirlər görə biləcəyi və bu tədbirlərin nə dərəcədə obyektiv və təsirli olacağı o qədər də aydın deyil. Çünki son 30 il ərzində Cənubi Qafqaz bölgəsində mövcud olmuş davamlı böhran vəziyyətində ATƏT PA-nın rolunun kifayət qədər səmərəli olmadığını görmüşük. ATƏT PA öz fəaliyyətində köklü dəyişikliklər edə biləcək yoxsa yox, bunu yaxın gələcək göstərəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə