“Dünya Azərbaycanın öz hüquqlarını sahibləndiyinin bir daha şahidi olur” - ŞƏRH EDİLDİ
“Torpaqlarımız 30 ilə qədər işğal altında olsa da Azərbaycan xalqı hər zaman ora qayıdacağına inanıb. Bu günü yaxınlaşdırmaq üçün çox ciddi işlər görülüb. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qüdrətlənib, beynəlxalq birlikdə həqiqətlər səsləndirilib, ordumuz gücləndirilib, xalq-hakimiyyət birliyi yaradılıb. Nəticədə isə Azərbaycan torpaqlarını işğaldan azad etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, ermənilər ərazilərimizdə böyük barbarlıq ediblər: “Evlər, sosial obyektlər, kommunikasiyalar dağıdılıb, ərazilərimiz minalanıb. Buna baxmayaraq dövlətimiz torpaqların minadan azad olunması, yeni yaşayış məntəqələrinin, infrastrukturun salınması üçün böyük işlər gördü.
Artıq 5 yaşayış məntəqəsinə insanlarımız köçürülüb. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda 3000-ə qədər soydaşımız yaşayır. Zaman-zaman, yeni yaşayış məskənləri hazır olduqca insanlar geri qayıdırlar. Bu tarixi hadisədir. Buna Böyük Qayıdış deyilir və dövlət bununla bağlı xüsusi proqram hazırlayıb. Həmin proqram günün reallıqları nəzərə alınaraq, konkretləşdirilib.
Cənab Prezident yaxın günlərdə 2026-cı ildə işğaldan azad olunmuş ərazilərdə 140 minə qədər insanın yaşacağını bildirib. İllər keçdikcə vaxtilə işğal altında olan bütün bölgələrimizdə müasir yaşayış məntəqələri, məktəblər, universitetlər salınacaq. Həmin bölgələr sənaye və aqrar bölgə olmaqla yanaşı, elm, təhsil və mədəniyyət bölgəsi olacaq. Artıq bunun üçün böyük işlər görülüb və görülməkdədir. Dünya Azərbaycanın öz hüquqlarını sahibləndiyinin bir daha şahidi olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB