"Qərb yenidən ATƏT platformasını gündəmə gətirmək istəyir" - SƏDR MÜNASİBƏT BİLDİRİB

"ATƏT Parlament Assambleyasının Prezidenti ilə görüşdə Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Əsas mesaj ondan ibarət oldu ki, ATƏT 30 ilə yaxın münaqişəni həll edə bilmədiyindən, Azərbaycan özü bu problemi aradan qaldırdı və faktiki bu gün də Azərbaycan sülh gündəliyini təşviq edir. Lakin dövlət başçısının qeyd etdiyi kimi, faktiki Ermənistan 10 Noyabr sazişində əks olunan öhdəliklərdən heç birini hələ ki, yerinə yetirmir. Azərbaycan tərəfinin bununla bağlı gözləntiləri qalmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

V.Əhmədov səfərin məqsədi barədə də fikirlərini bildirib: "Son zamanlar biz həm ABŞ dövlət departamenti, həm də Avropa İttifaqından Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı çağırışların şahidi oluruq: "Bu platformaların artıq effektiv işləmədiyini və səmərəsizliyini görən Qərb ehtimal etmək olar ki, yenidən ATƏT platformasını gündəmə gətirmək istəyir. Həm də onu da nəzərə almaq lazımdır ki, ATƏT platformasında tək ABŞ və Avropa İttifaqı deyil, Rusiya tərəfi də təmsil olunur".

"Ölkə rəhbərinin hər zaman bildirdiyi kimi, Azərbaycan üçün əsas hansı platformanın olmasından daha çox nəticənin əldə olunmasıdır. Bunun üçün Ermənistan öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, Azərbaycanın sərgilədiyi mövqe tam adeqvatdır və ölkə başçısının ATƏT-in tərəflər arasında etimadın qurulması baxımından səmərəli platforma hesab etməsi ondan xəbər verir ki, hələ də bu istiqamətdə nəticələrin əldə olunması üçün regionda şanslar qalmaqdadır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə