Dövlətimizin, xalqımızın qələbəsini gözü görürməyən XAİNLƏR - TƏHLİL

Dövlətimizin, xalqımızın qələbəsini gözü görürməyən XAİNLƏR - TƏHLİL

Ötən əsrin, iyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağda baş verən hadisələrə görə, daha dəqiq desək, yüzlərlə azərbaycanlının soyqırıma, işgəncələrə məruz qoyulmasına, əsir götürülməsinə, bir milyondan çox vətəndaşımızın silahlı təhdid qarşısında qalaraq məcburi köçkünə çevrilməsinə, az qala əsrin üçdə birinə yaxın müddət ərzindən torpaqlarımızın işğal altında saxlanmasına görə lovğalananlara Xankəndidə keçirilən Qələbə Paradı ilə hədləri bildirildi və yaratdıqları qondarma mif də darmadağın edildi. Separatçılar üçün də, revanşizm barədə uydurma fikirlər səsləndirənlər üçün də, xalqımızın, dövlətimizin əleyhinə olanlar üçün də tərs sillə effekti verən bu parad təkcə onlar deyil, bir çoxları, hətta havadarları üçün də bir dərs oldu. Qələbə Paradının bu dəfə Xankəndidə keçirilməsi Azərbaycan xalqının ən böyük arzusunun reallaşması, ən qürurverici hadisəsi, erməni separatçılarının, millətçi ermənilərin isə ən böyük rəzaləti, rüsvayçılığı kimi bütün dünya ictimaiyyəti tərəfindən izlənildi, halbuki bunu danmaq, görməməzliyə vurmaq istəyənlər də öz xislətlərini ortaya qoymuş oldular.

Xankəndidə Qələbə Paradının keçirilməsi ermənipərəstlərə də, erməni dəyirmanına su tökənlərə də şapalaq kimi dəydi. Çünki bu dəfə paradın məhz Xankəndidə keçirilməsi Azərbaycanın tam və mükəmməl qələbəsinin təsdiqi deməkdir, hansıki bunu həzm edə bilməyənlər üçün bundan böyük zərbə ola bilməzdi. Sözügedən parad özünü azərbaycanlı hesab edən, Azərbaycan xalqının nümayəndəsi olan hər kəsə qürurverici, sevindirici olduğu halda, ermənilərə, ermənipərəstlərə və erməni dəyirmanına su tökənlərə də bir dərd oldu. Bunu açıq-aşkar şəkildə biruzə verənlər arasında xalqımıza düşmən kəsilən və erməni lobbisinin vəsaitləri hesabına xaricdə yaşayan Sevinc Osmanqızının, eləcə də içimizdə olan “sapı özümüzdən olan baltalar” timsalında xainlərin olması təəssüf doğurur və onlara qarşı ikrah hissini dəfələrlə artırır. Xankəndidən canlı yayım olmadığı bəhanəsi ilə Qələbə Paradının həmin şəhərdə keçirilmədiyini həyasızcasına iddia edən xainin gözü kör deyildisə, oradan yayımlanan kadrları görməli idi. Görməyibsə, deməli kor imiş və belə bir korun gözü ilə baxanlar da heç şübhəsiz ki, onun kimidirlər.

Düz üç il bundan əvvəl Azərbaycan, 44 günlük savaşın məntiqi nəticəsi olaraq, Ermənistanı, erməni separatçılarını diz çökdürdü və erməni baş nazir Nikol Paşinyan katipulyasiya sənədinə imza atmağa məcbur oldu. Onillər boyu qurulan, yaradılan və barəsində ermənilərin böyük mif yaratdıqları Ohanyan səddi Azərbaycan Ordusunun qarşısını kəsə bilmədi. Alınmaz qala hesab olunan və 2020-ci ilin 8 noyabr tarixinə qədər ermənilərin işğalı altında olan Şuşa şəhərimiz rəşadətli əsgərlərimiz tərəfindən işğaldan azad edildi. Bütün bu qələbələrimiz fonunda həmin o mifləşdirilmiş guya döyüşkən olan erməni əsgərləri öz silah-sursatını, hərbi maşınlarını, döyüş texnikalarını belə qoyub qaçaraq aradan çıxmaqla təsdiq etdilər ki, ordumuzun qarşısında davam gətirə bilmədilər və məğlub oldular. Amma onların məğlubiyyətinə Ermənistan cəmiyyətində don geyindirənlər də tapıldı, məğlubiyyət səbəbini başqalarında axtaranlar da, günahı Rusiyanın üzərinə atmaqla özlərini sığortalamağa çalışanlar da. Ən çox diqqəti cəlb edən və əsəbləri tarıma çəkən isə, Şuşanın azad edilməsindən və bununla da müharibənin dayandırılmasından sonra Xankəndi, Xocalı və ermənilərin məskunlaşdıqları digər ərazilər barədə spekulyasiyalar idi. Beləki, ermənilərin bəziləri sosial şəbəkə hesablarında virtual olaraq, bəziləri də açıq şəkildə qələbəmizi kiçiltmək üçün qalan əraziləri, ələlxüsus da Xankəndini göstərərək, qələbəmizə kölgə salmaq üçün fikir formalaşdırmağa çalışırdılar. Məsələ burasındadır ki, Sevinc Osmanqızı xislətli xainlər də, məsələn Əli Kərimli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı kimiləri də belə spekulyasiyalara qoşulur və qarşılarına atılan yal müqabilində ermənidən betər erməni olduqlarını göstərməyə çalışırdılar. Hətta bu təsirə düşənlər də olurdu və bir çoxları öz sosial şəbəkə hesablarında, yumşaq şəkildə desək, səbirsizlik nümayiş etdirir, əldə etdiyimiz Zəfərə lazımi qiymət verə bilmirdilər. Bütün ərazilərin tam olaraq işğaldan azad edilməsinin düz bir addımlığında olduğumuz anda müharibənin dayandırılması bir çoxlarında az qala depressiyaya səbəb ola bilən hislər yaratmışdı. Lakin biz, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin özünün dediyi kimi, onun nəyi nə zaman və necə edəcəyini hamıdan yaxşı bildiyinə əmin idik. Əmin idi ki, bizim bayrağımız bir gün Xankəndidə də dalğalanacaq və həmin şəhərdə Qələbə Paradını izlədiyimiz zaman buna görə yanılmadığımıza bir daha əmin olduq. Amma düşmənlər və xainlər hələ də görməməzlikdən gəlirlər və xislətlərini göstərməkdən nə çəkinmirlər, nə də utanmırlar.

Utanmazlar məhz Xankəndidəki Qələbə Paradı keçirildiyi zaman da xəcalət hissini yaxına buraxmadılar. Cəmi bircə sutkadan da bir neçə dəqiqə az olan zaman fasiləsində keçirilən anti-terror tədbirləri ilə düşmən təslim edildi. Ağ bayraq qaldıran separatçı dəstənin qalıqları və erməni silahlılarının tör-töküntüləri silah-sursatı da təhvil verib təslim oldularsa və artıq Qarabaq iqtisadi rayonunun bütün ərazilərində Azərbaycan bayrağı dalğalanırsa, deməli, buna ağız büzənlərin elə öz ağızları əyri imiş. Bizim kimlərinsə “ağzını düzəltmək” kimi bir fikrimiz yoxdur, amma əyriliyini göstərəcək, sübut edəcək saysız-hesabsız faktlarımız var. Həmin o əyri ağızın kimə məxsus olmasına baxmayaraq, xainliyini, xəyanətkar olduğunu sübut edən ən başlıca əlamət olaraq qəbul edilməlidir. Çünki öz dövlətinin, dövlətçiliyinin uğurlarını, öz xalqının milli mənafeyini nəzərə almaqyan elə xain deyilənin özüdür ki, var.

“Belə çıxır ki, bu ölkənin vətəndaşı olmaqdansa, bir məmurun keçisi olmaq daha üstündür”, deyə ölkə vətəndaşını təhqir etməkdən çəkinməyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini olmuş, həmin partiyanın hazırda rəyasət heyətinin üzvü olan Fuad Qəhrəmanlı kimi birisi nəinki qalib xalqın vətəndaşı olaraq fəxr edən insanlardan deyil, hətta qələbəmizə görə qürur hissi keçirən, sevinən layiqli vətəndaşlarımızı da gözü götürməyənlərdəndir. Çünki özünü müxalifətçi kimi göstərmək istəyən bu adam ölkəmizin bu boyda qələbəsini də, xalqımızın bu qələbə ilə bağlı qürur hissini də görə bilmir, yaxud, görmək istəmir. Azərbaycanın qələbəsini həzm edə bilməyən erməni əsilli insanları, onların bizim qələbəmizi kiçiltməyə çalışmasını hardasa başa düşmək olur, çünki onlar bizi özlərinə düşmən hesab edirlər. Amma içimizdə olan, sapı özümüzdən olan baltaların ölkəmizin qələbəsinə ağız büzməsi, dövlətimizin gördüyü işləri kiçik göstərməyə çalışması, düşmən dəyirmanına su tökməsi heç cür başa düşülən deyil. Əslində, heç başa düşülməməlidir də, çünki bunun adı xəyanətdir.

Özünü müxalifətçi kimi göstərməyə çalışanlar özləri görmürlərmi ki, dövlətimiz işğaldan azad edilən ərazilərimizdə ən qısa zaman fasiləsində nə qədər işlər görüb? Bu qədər infrastruktur layihələrinin reallaşdığını görməmək üçün kör olmaq belə kifayət etməz. Axı qısa müddət ərzində hansı ölkə bu qədər layihələri gerçəkləşdirə bilib? Bəlkə Qəhrəmanlının və onun partiyadaşlarının partiyası öz hakimiyyəti dövründə Azərbaycanda bircə dənə iş görə bilmişdi? Həmin dövrün canlı şahidi kimi bilirəm ki, xaos, qarşıdurma və qarmaqarışıqlıq törətməkdən başqa əllərindən bir şey gəlməmişdi, baxmayaraq ki, hakimiyyətə gəlməmişdən öncə milli gəlir hesabına Azərbaycan ərazisini bir ilin içərisində 8 sm qalınlığında qızılla örtəcəklərini vəd etmişdilər. Amma qızıl bir yana qalsın, vətəndaşlarımızı çörəklə belə təmin edə bilmirdilər. İndi nəyə və niyə ağız büzürlər? İşğaldan azad edilən ərazilərdə işsizlikdən guya şikayətlənən bir müxalifətçi bilmirmi ki, görülən işlər, yaradılan şərait, işgüzarlıq mühiti üçün əvəzsizdir? “Mal-qara, qoyun-quzu saxlamaları üçün şəxsi təsərrüfat yaradaydılar”, deyə ağız büzənlər hələ Qarabağın işğaldan azad edilməsindən də öncə Azərbaycan vətəndaşlarına məşğulluq səviyyəsinin artırılması, rifah halının yaxşılaşdırılması məqsədi ilə təsərrüfat yaratmaları üçün dövlət tərəfindən mal-qara, qoyun-quzu verildiyindən xəbərsizdilər ki, indi bunu deyirlər və bunu dövlətimiz üçün əlçatmaz hesab edirlər? Yəni, bu qədər böyük layihələrin gerçəkləşməsi fonunda bunlar mal-qara, qoyun-quzu verilməsini dövlətimiz üçün ağırlıq hesab edirlər, yoxsa özlərini axmaq yerinə qoyublar?

Bəlkə də özünün müxalifətçi olduğunu göstərməyə çalışan Fuad Qəhrəmanlı kimi bir çoxları işğaldan azad olunan ərazilərdə görülən işlərin həcmini təsəvvür etməyə, dərk etməyə bilər. Amma ən azından görülən işlərə sərf olunan on milyardlarla maliyyə vəsaitlərini mal-qara, qoyun-quzu ilə müqaisə edəcək qədər dərrakəsiz olacağını düşünmək belə olmur. Dəfələrlə, “özünün müxalifətçi olduğunu göstərməyə çalışan”, ifadəsi tərəfimdən təsadüfən işlədilmir və diqqətə çatdırmaq istəyirəm ki, bəziləri alınan qrant müqabilində, daha dəqiq desək, Azərbaycan əleyhinə olan qüvvələrin ayırdıqları vəsaitlərdən ələ keçirmək, ən azından pay ummaq üçün hər nə gəldi danışıb özlərini gözə soxmaq istəyirlər. Belə “pay” umanlar utanmadan hələ bir öz ölkəsi üçün çalışan, dövlətinə xidmət edənləri keçi adlandırırlar. Sual oluna bilər ki, ay Fuad Qəhrəmanlı, bəs özgəsinin, özü də xalqına, dövlətinə düşmən olanların verdiyi yal müqabilində səsini çıxaranları biz necə adlandıraq? “Hörmətli keçiləri bəsləməsən, qulluq etməsən onlar öz sahibinə fayda verməzlər”, deyə yazan Fuad Qəhrəmanlıdan onu da soruşmaq yerinə düşərdi ki, görəsən, o bunu, yəni bəslənilmədiyi, qulluq olunmadığı halda onların öz sahibinə fayda verməyəcəklərini hardan bilir, şəxsi təcrübəsindənmi? Hər halda yal verilmədiyində adı haqqında düşündüyümüzün faydasız olması təcrübi olaraq özünə bəlli imiş və onun kimilərinin “faydalı” olmaq cəhdləri də dövlətimiz, ölkəmiz əleyhinə əsassız şəkildə danışmasında, mövqeyində özünü göstərir.

Hələ də bir çoxları başa düşə bilmirlər, yaxud başa düşmək istəmirlər ki, müxalifətçi olmaq hakimiyyətə müxalifətdə olmaq deməkdir. Müxalifətçi dövlətə, xalqa, bizim milli maraqlarımıza qənim kəsilənə deyilmir. Öz ölkəsinə, öz xalqına qənim kəsilənin başqa adı var və buna lap elə ilk gündən xain deyilir. Xalqının, dövlətinin milli maraqlarına zidd mövqe tutmağın başqa nə adı ola bilər? Bu boyda qələbənin əleyhinə getmək, bunu danmaq müxalifətçilik deyil, bunun adını yal verənlərindən belə soruşsalar onlar da deyərlər. Deyərlər ki, bu xəyanətdir və hər halda qarşılarına qoyduqları yalın da məhz xəyanət müqabilində olduğu xatırladılar. Hətta soruşula da bilərlər ki, düz 3 il bundan öncə Qəhrəmanlının özünə başbilən saydığı Əli Kərimli də, Tofiq Yaqublu da Xankəndini göstərərək, qələbənin tam olmadığını irad olaraq bildirirdilərsə, indi bəs dediklərinin mənası nədir? Axı gördülər ki, Xankəndidə bayrağımız da dalğalandı, Qələbə Paradımız da keçirildi və bunun fonunda onların danışdıqlarının nə adı var? Kiminsə dəyirmanına, özü də düşmən dəyirmanına su tökməyin adı xəyanətdən başqa nə ola bilər axı?

Separatçı rejimin özünə paytaxt elan etdiyi şəhərdə, Xankəndidə parad, özü də Qələbə Paradı keçirməyin nə demək olduğunu guya Kərimlilər, Yaqubular, Qəhrənanlılar dərk etmirlər? Əgər dərk etmirlərsə, onda bu dərrakəsizliklə müxalifətçilik edərək bu xalqa nə vermək iddiasındadırlar? Yox, əgər dərk edirlərsə, onda dedikləri nə üçündür, nəyə görədir? Nəzərə alsaq ki, bu boyda qələbə, bu boyda uğur görülməyə, dərk edilməyə bilməz, deməli, əminik ki, Qəhramanlı, Yaqublu, Kərimli kimi müxalifətçilərin qələbəmizi görməməsi, dərk etməməsi mümkün deyil. Deməli, dərk edərək uğurumuzu danırlar və təbii ki, bu da, əldə etmək istədikləri maliyyə vəsaitinə görədir. Bu maliyyə vəsaitlərini ayıranların da kimlər olduğu cəmiyyətimiz üçün heç də sirr deyil. Sirr deyil ki, erməni lobbisinin, erməni diasporunun güclü olduğu bir çox Qərb ölkələri Azərbaycan əleyhinə hər şeyə əl atmaqda maraqlıdır. Məhz ölkəmiz əleyhinə göstərilən fəaliyyət müqabilində nə qədər vəsaitlər sərf olunduğu da bəllidir. Hazırda ermənipərəst mövqedə olan Qərb qüvvələrinin, yəni dolayısı ilə elə ermənilərin özlərinin vəsaitləri, pulu müqabilində xalqımızın, dövlətimizin qələbəsini kiçiltmək cəhdləri, milli maraqlarımıza əks getmək xəyanətdən başqa bir şey deyil və heç də müxalifətçilik sayıla bilməz. Onlar qələbəmizi gözü götürməyən xainlər olaraq hər zaman yadda qalacaqlar, çünki xaindirlər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə