“Biz məğlub xalqdan qalib xalqa çevrildik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Biz məğlub xalqdan qalib xalqa çevrildik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“8 noyabr tarixi həm Azərbaycan dövlətinin, həm də Azərbaycan xalqının obrazını tamamilə dəyişdi. Azərbaycan müstəqilliyinə qədəm qoyan zaman Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini həyata keçirməyə başladı və 20 faizə qədər torpaqlarımızı 30 il ərzində işğal altında saxladı. 8 noyabr isə erməni işğalının aradan qaldırıldığı bir tarixdir. Bununla da dövlətimizin obrazı yenilənmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində yeni bir obrazda iştirak etməyə başladıq: “8 noyabr tarixi, həm də xalqın obrazını yenilədi. Belə ki, biz məğlub xalqdan qalib xalqa çevrildik. Eyni zamanda bütün dünya Azərbaycan xalqının iradəsini, güc və qüdrətini görmüş oldu.

Hesab edirəm ki, 8 noyabr tarixi gələcək nəsillər üçün Vətənin necə qorunması, təhlükəsizliyin bərpa edilməsi istiqamətləri və s. məsələlərlə bağlı mayak rolunda çıxış edəcək. Azərbaycan tərəfi hər zaman keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarı olub. Lakin mənfur qonşumuz və onun himayədarları Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilmədilər. Yeni torpaqlarımızı işğal etmək istəyən Ermənistan daha açıq şəkildə təxribatlar törətməyə başladı. Biz isə bu təxribatların qarşısını alaraq, torpaqlarımızı işğaldan azad etdik.

8 noyabr tarixi sonrakı qələbələrimizin əsasını qoydu. Yəni bu tarixdən ötən üç il ərzində Azərbaycan yenidən çox böyük bir yol keçmiş oldu. Torpaqlarımızda qalaraq, təhlükəsizliyimizə hələ də ciddi təhdid formalaşdıran erməni separatizminin kökünü kəsmək imkanı da məhz 8 noyabr tarixi ilə formalaşdırılmışdı. Biz ötən üç il ərzində bütün ərazilərimiz boyunca suverenliyimizin dönməz şəkildə təmin olunması istiqamətində strategiya tətbiq etdik. Bu strategiya ilə bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etməyi bacardıq. Bu da Azərbaycanın müstəqillik tarixində yeni bir dövr idi. Bu baxımdan 8 noyabr tarixi Azərbaycanın bütün dövrləri üçün ən şərəfli və qürurverici səhifəsini təşkil edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə