"Azərbaycan-Qazaxıstan əlaqələri öz dövrünün ən parlaq səhifəsini yaşayır" - ŞƏRH EDİLDİ

"Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri öz dövrünün ən parlaq səhifəsini yaşayır. Çünki bu əlaqələr yalnız ikitərəfli deyil, eyni zamanda Türk Dövlətləri Birliyi səviyyəsində baxılmalıdır. Qazaxıstan mərkəzi Asiyanın aparıcı dövlətidir, bizi tarixi kökləri bağlayır. Lakin 70 illik Sovet İttifaqı dövrünün ortaq tarixi hər nə qədər bizi birləşdirsə də, öz kökümüzdən ayırmışdı". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, indi tamam fərqli reallıq yaranıb və bu reallığın yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini qeyd etmək lazımdır: "Hər nə qədər bizim keçmiş tariximiz və bağlarımız olsa da, yenə də bu ölkədə əlaqələrimizin dərinləşməsi üçün dövlətimiz tərəfindən davamlı iş aparıldı. Hətta bu gün də bu iş davam edir və Prezident Əliyevin Türk Dövlətləri toplantısı çərçivəsində bu ölkəyə səfəri və çıxışı bunu deməyə əsas verir. Cənab Prezidentin Mərkəzi Asiyanın aparıcı ölkəsi olan bu dövlətlə mənəvi bağların gücləndirilməsini Türk Birliyi çərçivəsində apardısa, bunun iqtisadi əsasları da tarixi İpək yolu və Qazaxıstanın karbohidrogen yataqlarının məhz Azərbaycan vasitəsi ilə Avropa bazarına yol açması oldu. Beləliklə bu əlaqələr nəinki iki dövlət, ümumilikdə bütöv region, Avrasiya məkanı və hətta deyərdim qlobal miqyasda əhəmiyyət daşıyır".

"Onu da unutmaq lazım deyil ki, Qazaxıstan həm də dünya siyasətində çəkisi olan dövlətlərdəndir və ölkələrimiz arasında daimi tərəfdaşlıq bizim dünyadakı mövqelərimizi daha da gücləndirir. Hər iki dövlət həm geosiyasi və geoiqtisadi, həm də xalqların mədəni yaxınlaşması baxımından bu gün bir-birinə çox gərəklidir. Bu strategiyanın formalaşmasında bir daha cənab Prezidentin düşünülmüş siyasətini vurğulamaq lazımdır. Hesab edirəm ki, dövlətlərimiz hələ uzun illər bu əlaqələrdən faydalanacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə