Qüdrətli dövlətin uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur"
Bu gün son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir ki, bunun nəticəsində biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır" – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.
Təkcə cari ilin ötən dövrünün reallıqlarına diqqət yetirsək, möhkəm təməlin uğurların davamlılığında rolunu aydın şəkildə görərik. Belə ki, iyulun 11-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Dövlətimizin başçısı onu da qeyd edib ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. Dövlətimizin başçısı hazırda büdcəmizin 36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq əlavə etdi ki, bu, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır.
Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. "Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Dövlətimizin başçısı bir daha bildirdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.
Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq" ifadəsi müşahidə etdiyimiz genişmiqyaslı bərpa-quruculuq işləri ilə bir daha təsdiqini tapır.
DÜZGÜN İQTİSADİ SİYASƏT ÖLKƏNİ ANCAQ TƏRƏQQİYƏ DOĞRU APARIR
Bu real faktordur ki, ölkə iqtisadi cəhətdən müstəqil olanda, siyasi müstəqilliyə də qovuşmuş olur. Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir. İlin altı ayının sosial iqtisadi göstəricilərinin ildən-ilə artaraq tərəqqiyə doğru aparır.
"Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir",-deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Qeyd olunmuşdur ki, cari ilin altı ayında əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
QÜRURLA VERİLƏN VƏD QƏTİYYƏTLƏ GERCƏKLƏŞDİRİLİR
Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.
Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: "On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir".
Bəli, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyev cənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımız cənnətə çevrilir. Və bu böyük işləri…
AZƏRBAYCAN HEÇ BİR BEYNƏLXALQ MALİYYƏ QURUMUNDAN YARDIM ALMADAN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURU ÖZ İQTİSADİ QÜDRƏTİ HESABINA YENİDƏN QURUR
Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB