"TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir" - ŞƏRH EDİLDİ
“Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Üzv ölkələrin prezidentləri iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əsas məsələlərlə bağlı qərarlar qəbul ediblər. Maraqlı cəhət bundan ibarətdir ki, Türkmənistan müşahidəçi statusundan təşkilatın tamhüquqlu üzvü statusunu qazanıb. Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla danışıqlar zamanı TDT-nin genişləndirilməsinin faydalarından danışıb. Təbii ki, Yaxın Şərq münaqişəsi ilə müzakirələr də aparılıb. Macarıstanın baş naziri Viktor Orbanın TDT-nin sammitində iştirakı isə bu qurumun daha geniş arealda özünü təsdiq edəcəyi proqnozlarını gerçəkləşdirir. Onu da qeyd edək ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, Türk dövlətləri ilə etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırılır.
Təsadüfi deyil ki, 2023-cü il Türk Sivilizasiyasının İnkişafı İli elan edilib. Bu müddət ərzində ölkələr bir çox iqtisadi və humanitar məsələlərdə birlik nümayiş etdiriblər. Xüsusilə, fevral ayında baş verən güclü zəlzələ nəticəsində zərər çəkən Türkiyəyə hərtərəfli dəstək verdilər və bununla da may ayında keçirilən prezident seçkilərində Ərdoğanı dəstəklədilər. Ankarada “Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda fövqəladə sammit keçirildi və nəticədə Ankara Bəyannaməsi, mülki müdafiə mexanizminin yaradılması haqqında Qərar və Mülki müdafiə mexanizminin yaradılması haqqında Saziş imzalandı, Türk İnvestisiya Fondu yaradıldı. Fond dövriyyəyə buraxılan ödənişli və cəlb edilmiş səhmlərdən formalaşan 500 milyon dollar nizamnamə kapitalına malik beynəlxalq maliyyə təşkilatı statusuna malikdir. Səhmlərin ümumi nominal dəyəri 350 milyon dollar təşkil edir, onlardan TDT üzvlərinin hər biri 70 milyon dollar təşkil edir və 150 milyon dollar cəlb olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB