"İsrail-Fələstin müharibəsi ən təhlükəli məqama yetişib" - ŞƏRH EDİLDİ

"İsrail-Fələstin müharibəsi ən təhlükəli məqama yetişib" - ŞƏRH EDİLDİ

"İsrail-Fələstin müharibəsi ən təhlükəli məqama yetişib. Müşahidələr göstərir ki, əgər bundan sonra da atəşkəs elan olunmasa, fəlakətin miqyası qarşısıalınmaz dərəcədə genişlənəcək. Bu münaqişənin artıq İsrail-Fələstin müharibəsi çərçivəsindən çıxaraq regional müharibəyə çevrilmək təhlükəsi mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu müharibənin qarşısının alınması üçün ona tərəfsiz mövqelərdən müdaxilələrə ehtiyac var: "Təəssüf ki, indiyədək bu müharibəni dayandırmaq üçün edilən müdaxilələrin arxasında geosiyasi maraqlar dayanıb. Ona görə də bu müdaxilələr bir nəticə vermir. Müharibənin hələ də davam etməsinin səbəbi ondan ibarətdir ki, istər İsrailə, istərsə də əks tərəfə təsir göstərən qüvvələr ümumi razılığa gələ bilmirlər. Ən səmərəli çıxış yollarından biri Türkiyənin və Azərbaycanın irəliyə sürdüyü variantdır. Bu da BMT-nin 1947-ci il qətnaməsinə uyğun iki dövlət prinsipi ilə həll modelinə uymaqdır".

"Əgər bu prinsip tərəflər tərəfindən qəbul olunarsa, bu zaman atəşkəsin dayandırılmasına nail olmaq mümkün olar. Hazırda İsrail Qəzza bölməsini tam şəkildə mühasirəyə almaq niyyətindədir. Qəzzanın iki yerə bölünməsi təhlükəsi artıq realdır. Çünki İsrail qoşunları Qəzzada quru əməliyyata başladıqdan sonra şəhəri ələ keçirməklə əslində, Aralıq dənizinə birbaşa yol açmaq üzrədir. Bu da Şimal və Cənubun arasında əlaqənin kəsilməsi deməkdir. Bu, olduqca faciəli vəziyyətdir. Ona görə də dünya dövlətləri təcili müdaxilə etməlidirlər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə