“Yaxın Şərqə bu gün sülh və sabitlik daha çox lazımdır“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Təəssüf ki, Qəzza zolağındakı son vəziyyət heç də ürəkaçan deyil. Nə İsrailin, nə də HƏMAS-ın atəşkəs təkliflərinə müsbət cavab verməməsi vəziyyəti daha da ağırlaşdırıb. Başqa sözlə desək, bölgədə artıq 27 gündür davam edən ağır silahlı münaqişə nəinki səngimir, əksinə, gündən-günə daha da qızışır.
İsrail artıq neçə gündür ki, Qəzzada iyirmi min əsgərin iştirakı ilə quru əməliyyatına başlayıb və bununla da müharibənin ikinci mərhələsinə keçib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, bununla yanaşı Qəzzanın ayrı-ayrı bölgələrinin intensiv şəkildə bombalanması da davam edir: “Son məlumatlara əsasən İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 9000 nəfəri ötüb ki, bunlardan da 4000-ə yaxını uşaqdır. Eyni şəkildə İsrail də 2000-ə yaxın insanını itirib. Ən ağrılısı isə odur ki, hər iki tərəfdən ölənlərin böyük əksəriyyətini dinc sakinlər təşkil edir. Məsələn, İsraildən ölənlərin cəmi 400-ə yaxını hərbi qulluqçulardır. Qəzza zolağında həyatını itirənlərin də çox cüzi bir hissəsi HƏMAS qüvvələrinə aiddir.
Bütün bunlara baxmayaraq tərəflərdən heç biri güzəştə getmək fikrində deyil. Mülki əhaliyə zərər gəlməməsinin vacibliyi ilə bağlı müxtəlif beynəlxaq qurumların, ayrı-ayrı dövlətlərin çarığışlarına baxmayaraq müharibə qanunlarına məhəl qoyulmur. HƏMAS girov götürdüyü 200 dinc sakin və 239 İsrail əsgərini geri qaytarmaqdan imtina etdiyi kimi, İsrail də Qəzzadakı yaraqlıların gizləndikləri ehtimal olunan obyektlərə zərbələr endirməkdə davam edir. Amma nəticədə hər gün, demək olar ki, yüzlərlə ev dağıdılır. Dağıntılar altında isə çoxlu sayda mülki şəxslər qalır. Elə təkcə dünən İsrail ordusu tərəfindən Cibaliye qaçqın düşərgəsinin bombalanması nəticəsində ölən və yaralananların sayı 1000-i keçib.
Ümumiyyətlə isə hərbi əməliyyatlar təkcə İsrail ərazisi və Qəzza zolağında həyata keçirilmir. İsrail ərazisinin Suriyadan, Livan ərazisindən raket atəşinə tutulmasına cavab olaraq İsrail də eyni şəkildə Suriya və Livan ərazisinə zərbələr endirir. İki gün əvvəl isə HƏMAS-İsrail müharibəsinə daha bir qüvvə qoşuldu. Belə ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, general Yəhya Səri silahlı qüvvələrin İsrail ordusunun mövqelərinə qarşı raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyini bildirdi. Yəmənin Ənsərullah, yəni, husilər hərəkatı da HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatına qoşulduğunu açıqladı. Bununla da “Hizbullah”dan sonra husilər də İsrailə qarşı döyüşlərə qoşulduğunu açıqlamış oldu.
Göründüyü kimi müharibənin miqyası hər keçən gün daha da böyüyür və indiki halda müharibənin səngiyəcəyini proqnozlaşdırmaq faktiki olaraq mümkün deyil. İsrail Baş naziri Benyamin Netanyahu müharibənin uzun çəkcəyini və İsrailin qələbəsinə qədər davam edəcəyini bildirib. Amma onu da əlavə edib ki, İsrail HƏMASA qarşı mühüm nailiyyətlər əldə etməsinə baxmayaraq, ağır itkilər verir.
Son olaraq qeyd edim ki, Yaxın Şərqə bu gün sülh və sabitlik hər zaman olduğundan daha çox lazımdır. Bunun üçün təcili surətdə atəşkəsin elan edilməsinə, sonrakı mərhələdə sülh danışıqlarının aparılmasına kəskin ehtiyac var. Amma təəssüf ki, bu istiqamətdə ayrı-ayrı dövlətlərin və liderlərin təşəbbüsləri hələ ki, öz nəticəsini vermir. Çünki müharibənin davam etməsi və daha geniş əreala yayılmasını istəyən qüvvələrin sayı müharibənin dayandırılmasını istəyənlərdən daha çoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB