İsrail-HƏMAS münaqişəsi dünya müharibəsinə çevrilə bilər? - POLİTOLOQ ŞƏRH ETDİ

İsrail-HƏMAS münaqişəsi dünya müharibəsinə çevrilə bilər? - POLİTOLOQ ŞƏRH ETDİ

“İsrail-HƏMAS münaqişəsinin genişlənməsi digər dövlətlərin ərazilərinə yayılması təhlükəsi mövcuddur. Hizbullahın bu prosesə qoşulacağı təqdirdə münaqişə Suriya və İordaniyaya yayıla bilər. Bu halda İsrailin tərəfdarlarının da münaqişəyə qoşulmaq təhlükəsi yaranacaq. Nəzərə alsaq ki, İsrailin bir sıra müttəfiqləri kənar güclərin münaqişəyə qoşulacağı təqdirdə onların hədəfinə çevriləcəyini bəyan edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, ABŞ təyyarədaşıyıcı gəmilərini bölgəyə göndərib: “ABŞ hədəfin heç bir halda Fələstin və ya Qəzzanın olmadığını, İran və digər dövlətlərin İsrailə qarşı terror addımlarına qoşulacağı təqdirdə mübarizə aparacaqlarını bəyan edib. Bu, təbii ki, münaqişə ərazisinin genişlənməsi təhlükəsini qoruyub saxlayır. Amma münaqişənin III Dünya Müharibəsinə çevrilməsi real görünmür. Çünki tərəf olaraq İsrail və onun müttəfiqləri ilə dünya müharibəsi apara biləcək rəqib mövcud deyil. Bugünkü gündə nə Suriya, nə İordaniya, nə də İran HƏMAS-a dəstəkdə bəyanatlar səviyyəsindən irəli gedə bilmirlər. Hesab edirəm ki, bu dövlətlər münaqişə tərəfinə çevrilməyin onlar üçün hansı reallıqlar yarada biləcəyini çox yaxşı dərk edirlər. Ona görə də münaqişənin genişlənməsi halında belə dünya müharibəsinə çevriləcəyini düşünmürəm. Amma münaqişənin davamlılığı, eyni zamanda digər dövlətlərin ərazilərinə sıçraması ölən insanların sayının artmasına gətirib çıxara bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə