"Bugünkü reallıqlar Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Hələ 20 il öncə ilk dəfə prezident səlahiyyətlərinin icrasına başlayan İlham Əliyev andiçmə mərasimindəki çıxışında özünün gələcək fəaliyyətinin əsas istiqamətlərini xalqa bəyan etmişdi. O zaman gənc prezident qarşıdakı 5 il ərzində bütün qaçqın düşərgələrinin ləğv ediləcəyini, 600 mindən çox iş yeri yaradılacağını, ölkənin iqtisadi inkişafının təmin ediləcəyini, müasir ordu və dövlət quruculuğunun həyata keçiriləcəyini, bir sözlə, hər bir azərbaycanlının Prezidenti olacağını vəd etmişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, birinci prezidentliyi dövründə İlham Əliyev nəzərdə tutduğu bütün vəzifələrin öhdəsindən artıqlaması ilə gəldi: "Sonrakı rəhbərlik illərində Prezident bütün qaçqın və məcburi köçkünlərin layiqli həyat şəraiti ilə təmin olunacağını, ölkə həyatının bütün istiqamətlərində dərin və hərtərəfli islahatların həyata keçiriləcəyini, Azərbaycanın davamlı və sürətlə inkişaf edən dövlətlər sırasına qoşulacağını və nəhayət işğal altında qalan torpaqlarımızın istənilən yolla azad olunacağını dövlətin əsas məqsədi kimi müəyyənləşdirmişdi. Keçən 20 il ərzində xalq İlham Əliyevin öz məqsədlərinə doğru hansı qətiyyətlə getdiyinin şahidi oldu".

Deputat sözlərinə davam edərək bildirib ki, Prezident tərəfindən dəqiq düşünülmüş siyasət nəticəsində Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb: "Beynəlxalq səviyyədə ölkəmizin nüfuzu kifayət qədər artıb, müasir ordu qurulub, iqtisadiyyatda davamlı və sabit inkişafa nail olunub, dövlət quruculuğunun bütün istiqamətlərində böyük uğurlar qazanılıb. Bütün bu illər ərzində Prezident dövlətimizin qarşısında duran başlıca problemin - Qarabağ münaqişəsinin həllinə doğru inamla və cəsarətlə irəliləyirdi. 2020-ci il də Prezident İlham Əliyev həyatının ən böyük missiyasını yerinə yetirmək üçün xalqımız üçün taleyüklü qərar qəbul etdi. Xalq onun rəhbərliyi altında Vətən müharibəsinə qalxdı və tarix qarşısında ən müqəddəs vəzifəsini cəsarətlə və qətiyyətlə yerinə yetirdi. Torpaqlarımız işğaldan azad olundu və doğma yurdlarımıza Böyük Qayıdış başlandı. Bu gün ölkəmizin bütün ərazisində, o cümlədən Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanır. Həm ölkə daxilində, həm də ölkə xaricində çoxları üçün gözlənilməz olan bugünkü reallıqlar İlham Əliyev üçün heç də gözlənilməz deyildi".

"O, prezident səlahiyyətlərini icra etməyə başladığı ilk gündən bugünkü nəticələri həyatının məqsədi kimi müəyyənləşdirmişdi. O bütün bu illər ərzində öz məqsədinə doğru addım-addım, qətiyyətlə və cəsarətlə gedirdi. Çoxlarının əvvəllər inana bilmədiyi bugünkü reallıqlar İlham Əliyev tərəfindən düşünülmüş və ardıcıl olaraq aparılmış siyasətin məntiqi nəticəsidir",- deyə deputat əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə