"Son illərin ən böyük qırğını Fələstində baş verir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Oktyabrın 7-də HƏMAS-ın hücumu ilə yenidən alovlanan Fələstin-İsrail qarşıdurması öz şiddətini günü-gündən artırır. İsrail Fələstin torpaqlarını işğal etməyə davam edərkən, aralarında uşaq və qadınların da olduğu yüzlərlə Fələstin vətəndaşı hər gün həyatını itirir. Son illərin ən böyük qırğını Fələstində baş verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, bir çox müsəlman ölkələrində İsrailə etiraz nümayişləri keçirildiyi halda, Qərb rəsmiləri İsraili dəstəkləyir və qırğına məhəl qoymurlar: "Sovet İttifaqı dövründən bəri Fələstin rəhbərliyi ilə sıx təmasda olan Moskvanın münasibəti fərqlidir. Moskva atəşkəsin tezliklə əldə olunmasını istəyir. Bölgədə sülhün yalnız Fələstin dövlətinin qurulması ilə mümkün olduğunu müdafiə edir. Başqa sözlə, Kreml Fələstin ərazisinin İsrail tərəfindən tam işğalına və regionda Qərbin dəstəklədiyi vahid dövlətin mövcudluğuna qarşıdır. Ukrayna-Rusiya müharibəsinin arxa planda qalması da buna təsir edir".

Politoloq sözlərinə davam edərək bildirib ki, digər tərəfdən, Rusiyanın Yaxın Şərqdəki yeni hadisələrə yanaşması və Fələstin dövlətinin qurulmasını dəstəkləməsi, şübhəsiz ki, Rusiya-İsrail münasibətlərinə, eləcə də Moskvanın region ölkələri ilə münasibətlərinə təsir göstərəcək: "İsrail Ukraynaya birbaşa yardım göndərməyərək Rusiya-Ukrayna məsələsində bitərəf qalmağa çalışıb. Əslində bu münasibətə görə həm Ukrayna, həm də Qərb İsraili ittiham edirdi. Ancaq son hadisələrlə bağlı Moskvanın açıqlamaları göstərir ki, son illərdə Rusiya ilə İsrail arasında yaxınlaşma sona çatacaq və əksinə, Moskvanın ərəb ölkələri ilə əməkdaşlığı güclənəcək. Ona görə də artıq Yaxın Şərqdə mövcud olan Rusiya-Qərb mübarizəsi daha da dərinləşəcək. Bu baxımdan müharibənin lokal zəmindən çıxma ehtimalı daha böyük görünür".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə