Qərb ilə Rusiya arasında qalan Ermənistan TARİXİ SEÇİM QARŞISINDA - TƏHLİL
Qərbi demokratik hesab edərək, dəstək gözləyən Ermənistan çoxdandır ki, Rusiya ilə digər qütb arasında qalıb. Hələ də tərəddüd içərisində olan ermənilər Qərbə istiqamət götürmək arzularını və niyyətlərini açıq şəkildə ifadə etsələr də hələki ortada heç bir nəticə görünmür. Rusiyanın dəstəyindən məhrum olmaq, bu fonda üstəlik çətin durumda Qərbin də köməyə yetişməyəcəyi qorxusu hayların kürkünə birə salıb. Ona görə ki, müstəqil şəkildə, suveren bir ölkə kimi hələ də Ermənistanın qətiyyən özünə güvəni yoxdur və ermənilərin qorxuları da, belə qərarsız olmaları da bu baxımdan anlaşılandır, amma artıq seçim etmək məcburiyyətindədirlər və heç şübhəsiz ki, tarixi seçim qarşısındadırlar. Bu vəziyyət hətta iki yolun astanası təəssüratı bağışlayır, amma hər halda iki stulda oturmaq vaxtının bitdiyini kənardan müşahidə edənlər belə açıq-aşkar görürlər.
Azərbaycanın Qarabağ iqtisadi rayonundan köç edən və İrəvanın mərkəzində aksiya keçirib hay-küy qoparan haylar da artıq Rusiya sülhməramlılarına qətiyyən güvənmədiklərini deyirlər. Onlar hətta Qarabağda rus sülhməramlılarının nəzarəti altında yaşamağa razı olmadıqlarını açıq şəkildə bildirirlər və yaşadıqları ərazilərə yalnız Qərbin sülhməramlılarının nəzarətində olmaq şərti ilə qayıda biləcəklərini deyirlər. Əslində, bu mənzərə onu deməyə əsas verir ki, təkcə Ermənistan hakimiyyəti deyil, Qarabağdan köç edən erməni əsillilər də, ümumilikdə erməni cəmiyyəti də Rusiyaya, ruslara qarşıdırlar. Nəzərə alsaq ki, Ermənistanda vəziyyət get-gedə daha da gərginləşir, deməli, anri-Rusiya əhval-ruhiyyəsi hələ bundan sonra özünün pik nöqtəsinə doğru artacaq və bu artım fonunda da ruslarla münasibətlərin qətiyyən normallaşacağı qənaətinə gəlmək, rəsmi Moskva ilə İrəvan arasında uçurumun dərinləşməyəcəyini söyləmək mümkün deyil. Əksinə, hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistan ictimaiyyəti də, hakimiyyəti də Qərbə üz tutmaq arzusunda və niyyətindədir. Amma bu niyyətlərinin onlara nəyin bahasına başa gələcəyini hər halda zaman göstərəcək, bununla belə yaxşı heç bir proqnoz haqqında danışmaq mümkün deyil. Çünki bu işğalçı ölkənin bir-birinin ardınca buraxdığı səhvlər heç bir nikbin proqnoz vəd etmir.
Özlərini məzlum, yazıq göstərib dünyadan on milyonlarla avro yardım dilənən Ermənistan hakimiyyətinin Qarabağdan köç edən ermənilərə verdiyi çəmi 75 min dram pul isə heç bir aylıq kirayələri üçün yetərli olmadığından işğalçı ölkədə böyük narazılıqlar yaranıb. Hətta öz uydurma, yalançı statistik rəqəmləri ilə də hesablasaq, Qarabağı tərk edib Ermənistana üz tutanlara verilən pul, Paşinyan hökümətinin dilənərək aldığı iyanələrin miqdarı ilə müqaisəyə belə gəlməyəcək dərəcədə, dəfələrlə azdır. Deməli, belə çıxır ki, köçkün problemi adı altında diləndikləri vəsaitləri Ermənistan hakimiyyəti özü mənimsəyir və nə ehtiyacı olanları, nə də iyanə aldığı ölkələri heç vecinə də almır. Təəccüblüdür ki, belə bir ölkə, ələlxüsus iyanələri mənimsəyən bir hakimiyyət Qərbin gözündə necə demokratik görünə bilər? Doğrudur, bu tamamilə başqa bir müzakirə mövzusu kimi görünə bilər, amma əslində bu, haqqında söz açılan mövzuya da birbaşa aidiyyəti olan məqamdır. Çünki ayırdıqları iyanələri, yardımları vətəndaşlarına paylamayıb özü mənimsəyən bir hakimiyyət, ermənilərin gözündə demokratik görünən Qərb tərəfindən heç də xoş qarşılanmamalıdır. Ən azından, Ermənistan hakimiyyətinin onları aldatdığı, mənimsəmə faktı hansısa formada xoşa gəlməməlidir. Daha bir sual doğuran məqam isə odur ki, əgər həqiqətən də həmin o Qərb demokratikdirsə, xalq üçün, ehtiyacı olanlar üçün ayrılan yardımları mənimsəyən hakimiyyəti, dövləti niyə demoktarik hesab edir? Həqiqətən də çox maraqlı, çox müəmmalıdır, amma görünür elə Qərb də Ermənistan kimi demokratik imiş ki, taylı tayını tapmış olub...
Təəccüb doğuran məqamlardan biri də odur ki, ruslara “təpik atan”, Rusiyanı görməyə gözü olmayan, amma dolanışıqları belə məhz Rusiyadan asılı olan ermənilər indi şimal qonşularından başqa daha bir himayədarlarına arxalana bilmədikləri qənaətinə gəliblər. Son zamanlar Bakı ilə Tehran arasında münasibətlərin istiləşməsi tendensiyası hayları tamamilə qıcıqlandırıb. Sual oluna bilər ki, axı bir-birilərini qardaş qədər yaxın saydıqlarından niyə belə narazıdırlar? Bunların bir-birinə olan etibarı bu qədər imiş? Əlbəttə ki, İran indi də olmasa, nə vaxtsa Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələrin, münasibətlərin məqsədəuyğun olduğu qənaətinə gəlməlidir, başqa cür təsəvvür etmək mümkün də deyil. Çünki miflərə, uydurmalara, yalanlara yox, həqiqətlərə inanmağın daha doğru olduğu qənaətinə gəlinəcəyi qaçılmazdır. Reallıq, həqiqət məhz bundan ibarətdir və bəlkə də artıq bu reallığı İran qəbul etməyə başlayıb. Amma hər halda reallıqlar və bu reallıqların fonunda Tehranın da Bakı ilə münasibətlərə get-gedə üstünlük verəcəyi məntiqi haylar üçün qırmızı işıq kimi görünür. Elə buna görə də açıq-aşkar deyirlər ki, təkcə Rusiyaya deyil, elə İrana da güvənmirlər və bu zaman yeganə ümid yerləri ABŞ və Avropa İttifaqı olaraq görülür.
Ümid etmək, yaxud güvənməklə ermənilərin tələbi arasında böyük fərq, hətta dərin uçurum var. Qərbin dəstəyinə ümid etmək, güvənmək yox, onlardan bu dəstəyi tələb etmək həyasızlığı haylar üçün adi hal sayılır. Sanki Qərb ölkələrinin, eləcə də Avropa İttifaqının onlara heç bir faydası olmayan, özü də səfalət içərisində olan bir ölkəyə yardım etmək, dəstək vermək kimi bir borcları var. Nəyə görə onları özlərinə borclu bildiklərini isə ermənilərdən başqa kimsə izah edə bilməz. Ermənilərin isə izahı odur ki, onlar guya demokratiya yolunu tutublar və buna görə də bütün dünya onlara borclu sayılır və bu izah sözsüz ki, ancaq erməni təfəkkürünün məhsulu ola bilər. Əvvəla, Ermənistanla demokratiya yolu arasında olan uçurumun heç dibi belə görünmür və öz siyasi rəqiblərini həbs etdirən erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının demokratiyadan danışmağa belə haqqı yoxdur. Digər tərəfdən, əgər demokratik ölkə olmaqla bocluluq tələbi irəli sürülürsə, onda gərək Azərbaycan Qərbi də Avropa İttifaqını da çoxdan özünə borclu qələmə verməli idi. Eyni zamanda İrəvan hələ də dərk edə bilmir ki, bir ölkə demokratiya yolunu öz gələcəyi naminə seçir, kimləri isə özünə börclu göstərmək üçün yox. Məhz bunu Qərb, eləcə də Avropa İttifaqı vaxtından rəsmi İrəvana qandırsaydı, indi belə bir xam xəyala düşüb onları borclu tutmazdılar.
Daha bir diqqət çəkən məqam Qərbin də, Avropa İttifaqının da bu demokratiya oyunlarının hələ davam etməsinə könüllü şəkildə razılığıdır. Dünyanın istənilən ölkəsinə Qərb məhz demokratiya oyunu ilə girir. Bunu, məsələn, Gürcüstanın və Ukraynanın timsalında gördük. Onu da gördük ki, həmin demokratiya nəticə etibarı ilə misal üçün, qeyd olunan ölkələrə “nəyin bahasına” başa gəldi. Hər bir ölkə demokratiya yolunu hansısa qüvvələrin, hansısa ölkələrin “verbofkası” ilə yox, özü seçməlidir və bu seçimə görə nə həmin ölkələrin marionetinə çevrilməməlidir, nə də bu seçikmə görə kimləri isə borclu bilməməlidir. Amma ermənilər demokratiya adlı oyunun alətinə çevrildiyi üçün həm Qərbin marioneti olaraq görünür, həm də buna görə elə zənn edir ki, kimlərsə onlara borcludur. Əslində isə, nə Ermənistan qarşısında heç bir öhdəlik götürülməyib, nə də hansısa bir bircdan söhbət belə gedə bilməz və ermənilər özləri özlərini aldadırlar. Bu isə o deməkdir ki, hansısa problemlər və bu problemlər qarşısında aciz vəziyyətə düşmək kimi bir risk daim var. Bu baxımdan da indi hayların hansı seçim qarşısında qadıqlarını özləri hamıdan daha yaxşı bilməlidirlər. Bilməlidirlər ki, Qərb də, İran da onlara borclu deyil və istənilən vəziyyətə görə cavabdehliyi özləri daşıyırlar.
Haylar bilməlidirlər ki, onlara verilən vədlərlə mövcud durum arasında, yəni sözlə əməl arasında böyük uçurum var. İndi hansısa ölkəyə güvənərək, arxalanaraq, kimlərinsə siyasətinə alət olmaq çox böyük, geosiyasi səhv ola bilər. Vaşinqton, Paris, yaxud da Brüsselə arxalanaraq, onların istədikləri kimi siyasət yürütmək Ermənistan üçün heç də hansısa yaxşı nəricələr vəd etmir. Hətta demək olar ki, bu, Ermənistan dövlət üçün taleyüklü ağır nəticələrə səbəb olar. Hər bir halda, ən azından yenə də seçim ermənilərin, Ermənistan dövlətinin öz ixtiyarındadır. Amma haylar hansısa bir yolu tutmalı, həmin yolla getməlidirlər və bunu artıq Qərb də Rusiya da kəskin şəkildə tələb edir, hətta gözləyir də. Yəni, bundan sonra ermənilərin bu vaxta qədər etdikləri kimi, iki stulda oturmaq şansı olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB