"İmkanım olsaydı, Xaçatryana bir şillə vurardım" - TƏƏSSÜRATLAR - FOTOLAR

"İmkanım olsaydı, Xaçatryana bir şillə vurardım" - TƏƏSSÜRATLAR - FOTOLAR

Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib. Məhkəmədə zərərçəkmişlər və şahidlər dindirilib. SİA mövzu ilə bağlı zərərçəkmişlərin təəssüratlarını öyrənib.

Meşəli sakini Teymur Salmanov: "Hadisə günü qardaşımla bir yerdəydik. Səhər saatlarında kəndi mühasirəyə almışdılar. Hər tərəfdən güllələri yağış kimi yağdırırdılar. Qaçmaq üçün bir yer yox idi. Ermənilər kəndin içinə dolmuşdu. Mənim 14 yaşım var idi. Vaqif Xaçatryanın səsini öz qulağımla eşitmişəm. Hələ başqa biri də kənardan "Vur, Vaqif, vur" deyirdi. Mən ayağımdan güllə yarası aldım. Qardaşımı da, məni də yaraladılar ki, heç yerə gedə bilməyək. Qardaşım məni qaçırtmasaydı, bizi öldürəcəkdilər. Bu yaşıma kimi əsa ilə gəzirəm. Mənim günahım nə idi axı?! Mənim 14 yaşlı sinif yoldaşım Vidadini öldürüb, daha sonra yandırdılar. Hakimlərdən xahiş edirəm ki, ona ən ağır cəzanı versinlər. Çünki onlar heç birimizə mərhəmət etməyib".

Meşəli sakini Əjdər Mehralıyev: "Mən Meşəli kəndinin xilaskarlarından biri olmuşam. Həmin faciədə döyüşmüşəm. Yalnız Xaçatryan yox, 90% Badara camaatı bu hücumda iştirak edib. Bu qədər vaxt keçməsinə baxmayaraq adları yadımızdadır. Kəndimizin sakini Miryusifi yaralayıb, Xankəndinə apararaq işgəncə ilə öldürdülər. Yarasını kəsib götürmüşdülər ki, guya onu müasir silahla deyil, odlu silahla öldürüblər. Badara camaatının əksəriyyətinin əli şəhidlərimizin qanına bulanıb. Elə onların başında da Vaqif Xaçatryan dayanırdı. Vaqifin saxlanıldığını eşidəndə arzu etdim ki, onun məhkəməsində iştirak edim. Kaş imkanım olardı, mən ona bir-iki şillə vurardım".

Meşəli sakini Çərkəz Mehralıyev: "Vaqifin Meşəli faciəsində iştirak etməməsi mümkünsüzdür. Çünki onların hamısı bir nəfər kimi and içmişdilər ki, azərbaycanlıları Qarabağdan etnik təmizləmə yolu ilə çıxarıb, böyük bir Ermənistan dövləti yaratsınlar. Ona görə də onlar uşaq, qadın, yaşlı, cavan demədən qarşılarına çıxan hər kəsi öldürürdülər. Onlar başımıza gətirdikləri heç bir müsibətdə güzəştə getməyib. Bizim kənddə hamı bir-birinə qohum idi. Ona görə də Meşəlinin şəhidləri elə bizim şəhidlərimizdir".

Meşəli sakini Alış Alışov: "Çox ağır faciələr yaşamışıq. Qarabağda ən birinci ağır itkilər verən Meşəli kəndi olub. Meşəli hadisələrində 23 dekabr 1991-ci ildə atışma başlayanda ailəmlə kənddə idim. Mən Meşəli kəndində məktəb direktoru işləyirdim. Ermənilər məktəbimizi dağıtdılar, evlərimizi yandırdılar. Gözümüzün qabağında camaatı öldürdülər. Ərzaq maşınlarımızı dağıtdılar, mal-qaramızı ələ keçirdilər.

Qonşumuz Qəniməti Sadayın evinin qapısında balta ilə vuranda mən onu Nəbinin evindən görürdüm. Vaqif də ordaydı. Qənimət təslim olsa da, ona qulaq asmadılar. Balta ilə başına vurduqdan sonra ona bir neçə güllə vurdular. Bibimi də başından vurub öldürdülər. Ona görə də Vaqifə ölüm cəzası verilməyini istəyirəm".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə