"Gələn ilin əvvəlində Şuşa şəhərinə qayıdış baş tutacaq" - ŞƏRH EDİLDİ

"Gələn ilin əvvəlində Şuşa şəhərinə qayıdış baş tutacaq" - ŞƏRH EDİLDİ

“Torpaqlarımız hələ işğal altında olarkən, Azərbaycan dövləti Böyük Qayıdış adlı plan hazırladı. Hazırlanmış planda bütün mərhələlər nəzərə alınmışdı. Bu Azərbaycan xalqının mütləq öz torpaqlarını azad edə biləcəyinə dair qətiyyətin göstəricisi idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, milli birlik, xalqın liderə inamı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti mərhələ-mərhələ bütün torpaqlarımızın işğaldan azad edilməsinə, Azərbaycan torpaqlarında suverenliyin bərpasına gətirib çıxardı: "İlk gündən bütün yaşayış məntəqələrinə qayıdış planları nəzərdə tutuldu. Bunların içərisində rayon mərkəzlərinə qayıdış isə xüsusi önəm daşıyırdı.

Laçın şəhəri daha az dağıdıldığına görə, qısa zamanda şəhər bərpa edilərək, kommunikasiyalar qaydasına salınaraq, insanların yurdlarına qayıdışı təmin edildi. Bu günlərdə isə növbəti ailələr Laçına qayıtdı. İlin sonuna kimi yeni qrup laçınlıların da öz şəhərlərinə qayıdışı nəzərdə tutulub.

Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını yüksək səviyyədə qoruyur. Bunların içərisində öz dədə-baba torpaqlarına qayıdış xüsusi önəm daşıyır. Nəinki Laçın, digər rayon və şəhərlərə də qayıdış planları artıq hazırdır. Gələn ilin əvvəlində Şuşa şəhərinə, il yarımdan sonra isə artıq Ağdama qayıdış baş tutacaq. Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında da böyük tikinti işləri davam etdirilir. Həmin ərazilərə də qayıdış baş tutacaq. Azərbaycan xalqı Ali Baş Komandanın müdrik siyasəti nəticəsində öz tarixinin parlaq səhifəsini yazır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə