“Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətləri unudulmazdır” - EMİN ƏMRULLAYEV

“Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətləri unudulmazdır” - EMİN ƏMRULLAYEV

“Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli Lider hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmış, gənclər siyasətinin inkişafı ilə bağlı tarixi qərarlar qəbul etmişdir. Böyük iftixar hissi ilə qeyd etmək istərdim ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Sevindirici haldır ki, ölkəmizdə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilmiş, yeni strategiya və konsepsiyalar qəbul edilmişdir. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” adlı konfransda Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir: “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndərin təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə 15 mindən artıq azərbaycanlı gənc göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini vermişlər.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın aparıcı universitetlərində təhsil almış, onların böyük əksəriyyəti ölkəmizə qayıtmışdır, hazırda dövlət və özəl sektorda uğurla fəaliyyət göstərirlər.

"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dünyanın aparıcı universitetləri ilə birgə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biotexnologiya, təhsil və insan kapitalının inkişafı sahələri üzrə 5 beynəlxalq ikili diplom proqramına başlanmışdır. Həmin proqramlar çərçivəsində ümumilikdə 1004 tələbə təhsil almaq hüququ qazanmışdır. Eyni zamanda Proqram çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində təhsil almaq hüququ əldə etmişdir.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuş, ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanmışdır. Bununla yanaşı, 2003-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanmışdır.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ali təhsil sistemi əsaslı şəkildə təkmilləşdirilmiş, bu dövrdə yeni ali təhsil müəssisələri - ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədi ilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır.

Ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artmış, cari ildə 65760 nəfər təşkil etmişdir. Həmin dövrdə təhsil alan tələbə sayı isə təxminən 2 dəfə artaraq 120 mindən 220 minə çatmışdır.

Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Son illərdə dövlət sifarişi yerlərinin sayı 50 faizə çatdırılmış, tələbə təqaüdləri ardıcıl olaraq artırılmış və akademik nailiyyətlərlə uzlaşdırılmışdır. 2014-cü ildən ali təhsil sahəsində yeni məzmun və tədris texnologiyaları əsasında SABAH (Savadlı, Bacarıqlı, Hazırlıqlı) layihəsinin həyata keçirilməsinə başlanmış, son 5 ildə SABAH qruplarını 5814 məzun bitirmişdir və onların uğurlu karyera inkişafı müşahidə edilməkdədir.

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə Tələbə Təhsil Kredit Fondu yaradılmış, bugünədək 24 mindən çox tələbənin təhsil haqqı ödənilmişdir.

Son illərdə dünyanın nüfuzlu universitetlərinə qəbul olan şagirdlərimizin sayı artır. Cari ildə 2 nəfər məzunumuz dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Massaçusets Texnologiya İnstitutuna (MIT) riyaziyyat və kimya sahələri üzrə tam təqaüdlə daxil olmuşdur. Qürurverici haldır ki, bu gün dünyanın nüfuzlu universitetlərində, o cümlədən Harvard, Stenford, Kembric, Oksfordda ən yüksək elmi nailiyyət əldə etmiş 100-dən artıq azərbaycanlı gənc oxuyur.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda biz texnologiyaların böyük sürətlə dəyişdiyi dördüncü sənaye inqilabı dövrünə qədəm qoymuşuq.

Dördüncü sənaye inqilabı miqyası, mahiyyəti və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, qabaqcıl robot texnikaları, nanotexnologiya, biotexnologiya və sair daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir. Belə bir şəraitdə elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün onlara indikindən əsaslı şəkildə fərqlənən yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Xüsusi vurğulamaq istərdim ki, qeyd edilən çağırışlara uyğun olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən yeni məzmunu özündə ehtiva edən və şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını təmin edən uğurlu təşəbbüslər artıq həyata keçirilməkdədir.

Yeri gəlmişkən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və UFAZ-ın birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Heydər Əliyev – 100: Mühəndislik hakatonu” intellektual yarışının qaliblərini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr çağdaş təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, təhsil pillələri üzrə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi dövrü kimi xarakterizə olunur. Məhz son 20 ildə təhsilin inkişafı ilə bağlı qəbul olunan strategiya və proqramlar nəticəsində milli təhsil quruculuğu istiqamətində əhəmiyyətli addımlar atılmış, bütövlükdə təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması sahəsində həlledici nailiyyətlər əldə edilmiş, təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmışdır.

Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı nəticələrindən biri azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması olmuşdur. Bu baxımdan cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin milli dövlətçiliyimiz və xalqımız üçün son dərəcə əhəmiyyətli tarixi nəticələrindən biri Vətən müharibəsində möhtəşəm qələbə, işğal olunmuş torpaqlarımızın azad edilməsi və suverenliyimizin tam bərpası, Heydər Əliyevin böyük arzularının reallaşdırılması olmuşdur. Qürurverici haldır ki, Vətən Müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan qəhrəman, vətənpərvər gənclərimiz Azərbaycan məktəblərinin yetirmələridir. Bu baxımdan azərbaycançılıq ideyalarına sadiq olan, yüksək mədəniyyətə və intellektə malik vətənpərvər gənclərin formalaşması bundan sonra da təhsilin əsas məqsədlərindən biri kimi daim diqqətdə saxlanılacaq, Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi təmin ediləcək.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, mədəniyyət və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə böyük töhfələr vermişdir. Fond tərəfindən həyata keçirilən çoxsaylı proqram və layihələr təhsilalanlar üçün əlverişli təhsil imkanlarının yaradılmasına müsbət təsir göstərmişdir.

Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətləri unudulmazdır. Müstəqil Azərbaycan yaşadıqca, inkişaf etdikcə xalqımızın iftixarı olan Heydər Əliyevin uzaqgörən ideyaları da yaşayacaq. Əminik ki, Heydər Əliyevin yaratdığı etibarlı təmələ, ölkə Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasına, müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə