“Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” - YENİLƏNİB - FOTOLAR
Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin üzvləri, 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
Tədbirin giriş hissəsində ilk olaraq qonaqlar salamlanıb. Daha sonra isə BTQ-nin fəaliyyətinə və kolonializm ilə mübarizəya dair hazırlanmış xüsusi video çarxın təqdimatı olub.
Konfransı giriş nitqi ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov açıb.
Daha sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxış edərək bu gün tarix boyunca mənfur siyasətindən əl çəkməyən dövlətlər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozaraq özlərini dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etmələrini diqqətə çatdırıb: “Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub: “Təcavüzkar dövlətlər müstəmləkə əsarətində saxladıqları ölkələrində daxili qarşıdurmaların, soyqırımlarının baş verməsində bilavasitə məsuliyyət daşıyır. Bu çirkin əməllərindən əsas ziyan çəkənlər isə, hər zaman olduğu kimi günahsız insanlar - mülki əhalidir. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuş Fransa, müstəmləkəsinə çevirdiyi ölkələrdə yaşayan xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır. Demək olar ki, tarixin bütün dövrlərində Afrika ölkələrində müsəlman əhaliyə qarşı ağır cinayətlər, dəhşətli qırğınlar törədilib. Təkcə Əlcəzairdə yüz ildən çox müddət ərzində 1,5 milyondan artıq insanın amansızca qətlə yetirilməsi ilə müşaiyət olunan insan hüquqlarının pozulması faktları bunu bir daha təsdiq edir.
Fransa müstəmləkəçiliyinə qarşı mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması sözügedən problemlərdən əziyyət çəkən xalqların pozulmuş hüquqlarının bərpası istiqamətində təşəbbüslərin artırılması baxımından çox vacibdir.
Bu gün bütün dünyada xalqların hüquqlarına hörmətlə yanaşılmalı, onların hüquq və azadlıqlarını heçə sayan neokolonializm siyasətindən əl çəkilməlidir: “Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti fundamental insan hüquqlarının pozulması ilə nəticələnən müstəmləkəçilik siyasətinin qarşısının alınması, xalqların azad, müstəqil, sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması istiqamətində təsirli tədbirlər görməyə, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıram”.
Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mallarının 90 faizinin fransa və digər ölkələrə aparıldığını bildirib: “Mallarımızın 90 faizi Fransa və digər ölkələrə aparılırdı. Orada kənd təsərrüfatı siyasəti elə aparılırdı ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik siyasəti həm də mədəniyyət sahəsinə mənfi təsir edir. Biz istəyirdik ki, dilimiz fransız dili ilə eyni rəsmi dil olsun. Onlar isə bundan imtina edirdi. Bu məsələ Fransa ədalət sistemi qarşısında qaldırılmalıdır.
Biz düşünürük ki, müstəqillik əldə etməliyik. Yalnız bundan sonra müstəmləkəçiliyə tam şəkildə son qoyulduğunu deyə bilərik.
Fransızlar öz ölkələrindən çıxıb gəlib bizim ölkədə işləyirlər. Kimlər ki quldarlığa dəstək olmuşdu onlar bu gün spekulyasiyalar aparırlar”.
Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep Qvadelupa əhalisinin 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşadığına diqqət çəkib: “Biz artıq tam suverən ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman bir millətdir.
Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır: “Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlər tərəfindən təhsil alırlar. Onlar öz təhsil kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimi dəyişir, gənclərimizə öz tarixlərini və dillərini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb.
Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. İllərdir Qvadelupanın təbii sərvətləri Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görməsini tələb edirik. Böyük dövlətlər Karayip hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karayipdə sülh yenidən bərqərar olmalıdır”.
Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard: “Qvianadada insan hüquqları pozulur. Fransa BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır: “Bizim elektrik enerjisi, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq. Minlərlə insan yolsuzdur. Sadəcə, bəzi insanlar təcili yardım xidmətindən istifadə edə bilir. Bir hava yolumuz vardı, onu da ləğv edirlər.
Neokolonializm bu gün ölkələr qarşısında ciddi problemdir. Çünki böyük iqtisadi, siyasi təsirləri var. Bu gün yeni növ müstəmləkəçilik siyasəti mövcuddur. Amerikalılar, britaniyalılar, niderlandlılar, fransızlar hələ də müstəmləkəçilik siyasəti aparırlar və bunu gizlədirlər. Fransada müstəmləkə statusumuz belə yoxdur, amma müstəmləkə münasibəti gördüyümüz reallıqdır. Hazırda Fransa ordusu insanlarımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə sadəcə iki deputatımız var. Fransa qanunlarını polis gücü ilə tətbiq edir. Ərazimizdəki qızılları çıxarıb aparır. Yetərli təbii sərvətlərimiz olsa da, Fransadan gələn neftdən istifadə etməliyik. Fransa şirkətləri təbii sərvətlərimizi istismar edir, ona görə də bizə gəlir verən heç nə qalmır".
Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Kaill: “Polinezya illərdir Fransa müstəmləkəsi altındadır. Bizim millətin talehi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polinezya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.
Polinezyada yaşayan yerli əhali öz mədəniyyət və dilindən uzaqlaşdırılıb. Onlara öz dillərində danışmaq qadağan olunub. Fransa bizim ölkəmizin adını dəyişərək fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa torpaqlarımızın təbii qaynaqlarını istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məbləğdə çalışdırır. Fransa hər il Polineziyanın kömür və qazından 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Bizim ölkənin nüfuzu 300 mindən çoxdur və orada yaşayan hər bir şəxs müstəqil olmaq istəyir. Müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransız ordusuna çağırılır və onlar Fransanın müstəmləkə siyasətini bərqərar etmək yolunda ölürlər. Biz öz haqqımız olan suverənliyi istəyirik”.
Müstəqil Martinika naminə ekoloqlar və demokratlar Hərəkatının sədrinin müavini Klaudette Duhamel: “Biz xalqımızı bərpa etməliyik. Bizim təzminatlarımız qlobal xarakter daşımalı və müstəmləkəçilik tərəfindən sadə fərdi kompensasiyalar olmamalıdır. Azərbaycan hökumətinə belə bir konfrans üçün təşəkkür edirəm. Bu konfransın təşkil edilməsi bizim üçün böyük ümid yeridir”.
Kanak təmsilçisi Devi Nikolas Bolo: “Müstəmləkəçilik siyasəti başqa ölkələrə və xalqlara hökmranlıq etməyə çalışan Qərbin bir çox fövqəldövlətlərinin maraqlarına xidmət edir. Müstəmləkəçilik siyasəti hökmranlığa can atan bir çox böyük Qərb dövlətləri üçün faydalıdır. Dominantlıq iqtisadiyyat və hərbi potensial üzərində tam nəzarət deməkdir. Kanaklar ilk növbədə müstəmləkəçiliyə qarşı durmağa çalışır. Biz azad və müstəqil olmaq istəyirik. Yalnız bu yolla rahat şəkildə yaşaya bilərik”.
Çıxışçıları dinlədikdən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz fikirlərini bildirib: “Bəzi Avropa ölkələri tərəfindən kolonializm siyasəti davam etdirilir. Onlar eyni zamanda, hərbi güclərdən istifadə edirlər. Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq biz öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirdiyiniz fikirlərinizi BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”.
Daha sonra ümumi müzakirələr olub. Ardınca isə müstəqillik və millətçi hərəkatlarının üzvlərinin Azərbaycan Respublikası Prezidentinə Müraciətinin qəbulu və imzalanması baş tutub.
Tədbirin bağlanış nitqi Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun sözləri ilə yekunlaşıb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB