Füzulinin inkişafı regionun inkişafına da öz təsirini göstərəcək - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Füzulinin inkişafı regionun inkişafına da öz təsirini göstərəcək - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Füzuli yenidən qurulur, tikilir və abadlaşır. Bu günə kimi artıq rayonda 800-dən çox insan məskunlaşıb. İlin sonuna kimi 2000-ə yaxın insanın burada yaşayacağı nəzərdə tutulur və artıq Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna kimi rayonda 22 min insan məskunlaşacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri zamanı bu rəqəmlər bir daha diqqətdə olmuş və bildirilmişdir ki, Füzuli respublikanın ən abad, ən gözəl və ən inkişaf edən rayonlarından birinə çevriləcəkdir. Bunun əsasları var, çünki Füzuliyə diqqət, qayğı çox böyükdür və cənab Prezident səfəri zamanı bunu bir daha qeyd etmişdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, səfər zamanı təməli qoyulan bir çox müəssisələrin, uşaq bağçalarının, tikinti obyektlərinin, idman kompleksinin, inzibati mərkəzin, iki kəndin tikintisinə, abadlaşdırılmasına göstərilən qayğı gələcəkdə deyilənlərin həqiqətə çevriləcəyinə bir zəmanət verir.

“Ölkə rəhbəri Füzulidə olarkən bildirdi ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsplərinin yeni qaydalarını təsbit edir. Bunu təkcə mən yox bir çox beynəlxalq ekspertlər qeyd edirlər. Əlbəttə Füzulidə görülən işlər, həyata keçirilən tədbirlər insanlarla görüşlərdə bir daha ifadə olundu. Cənab Prezident bildirdi ki, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı, ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mühüm obyektlər inşa edilməkdədir. Füzulinin inkişafı sözsüz ki, regionun inkişafına da öz təsirini göstərəcəkdir.

Cənab Prezident Füzulinin abadlaşdırılması, işğaldan azad olunan ərazilərin bərpası istiqamətlərində görülən işlərə qiymət verərkən sözsüz ki, erməni vəhşiliklərinin nümunələrini də bir misal kimi, bir əyani nümunə kimi qeyd etdi. Göstərdi ki, bütün şəhər və kəndlərimiz bərbad vəziyyətə düşmüşdü. Biz axı ermənilərə nə etmişdik? Onlara burada yaşayış imkanları vermişdik. Onlar bizim çörəyimizi yemişdilər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər quraşdırılmışdı, infrastruktur yaradılmışdı. Belə olan halda şəhər və kəndlərimizin vəhşicəsinə dağıdılması erməni vandalizminin bir nümunəsidir.

Cənab Prezident həm də onu qeyd etmişdir ki, işğaldan azad olunmuş bütün rayonlarımız kimi, Füzuli də kənd təsərrüfatının inkişafında potensialı olan bir rayondur və burada əkinçiliyin inkişaf etdirilməsi, aqrar sektorun inkişafı üçün hər cür imkanlar vardır. İstər Füzulidə, istərsə də işğaldan azad olunmuş digər ərazilərdə aqrar sektoru canlandırmaq, yüksək məhsul əldə etməkdən ötrü indi yeni əsaslar qoyulur. Bir çox su anbarları inşa edilməkdədir. Köndələnçay, Sərsəng, Suqovuşan, Xaçınçay, Həkəri, Zabuxçay kimi su ehtiyatı olan çaylarımız artıq gələcək inkişafa xidmətə yönəldiləcək və bu çayların, bu anbarların su ehtiyatlarından səmərəli istifadə edilməsi ölkədə kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidentinin Füzuliyə səfəri qürur doğurur və sakinlərlə görüşlərdə də bir daha bu qeyd olundu. Öz arzu və təkliflərini bildirən insanlar Azərbaycan Prezidentinin yürütdüyü düşünülmüş siyasəti, onun qətiyyətli, cəsarətli addımlarını yüksək qiymətləndirməklə bərabər, daima Prezidentimizlə bir yerdə olduqlarını nəzərə çatdırdılar və sözsüz ki, sakinlərin bu söylədikləri hər bir Azərbaycan vətəndaşının ürəyindən gələndir. Çünki bu günlərdə Azərbaycan Prezidenti bizim yenilməz üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məskənlərimizdə ucaltmaqla, dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı mübariz, qətiyyətli, humanist, öz haqqı və ədalət uğrunda çarpışan və qalib gələn bir xalqdır. Sözsüz ki, bu qalibiyyət, bu mübarizlik Azərbaycan Prezidentinin rəhbərliyinin, onun göstərdiyi yolun bəhrələridir və Azərbaycan xalqı bu yolla irəliləyərək gələcəkdə daha böyük uğurlara imza atacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə