"Çox böyük qırğınların şahidi olacağıq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"İsrail-Fələstin münaqişəsinin artıq 11-ci günüdür. Qəzza bölgəsində ağır döyüşlər gedir. Bu əraziyə həddindən çox raketlər atılır, binaların əksəriyyəti darmadağın olub. Əgər Qəzzada yerüstü əməliyyat həyata keçirilərsə, çox böyük qırğınların şahidi olacağıq. Deyilənə görə, HƏMAS-ın üzvləri orada ciddi səngərlər qurublar. Onların İsrail silahlı qüvvələrinə çox böyük ziyan vuracaqları bildirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, eyni zamanda, yerüstü əməliyyatların başlayacağı halda İran da bu məsələyə biganə qalmayacaq: "Bundan əlavə, ABŞ-ın iki hərbi gəmisi artıq körfəzdədir. Onlar İsrailə kömək üçün gəlsələr də, hələ ki əməliyyatlara başlanılmayıb. ABŞ-ın müdafiə naziri İsraildədir. Nazir lazım olan köməyi edəcəyini vurğulayıb. Oktyabrın 18-də isə ABŞ Prezidenti Co Baydenin İsrailə gəlməsi bildirilir. Hətta yerüstü əməliyyatların da bu səbəbdən təxirə salındığı ehtimal olunur. Yaxın Şərqdə vəziyyət getdikcə daha da gərginləşir".

Politoloq sözlərinə davam edərək bildirib ki, digər ölkələrin də bu münaqişəyə qoşulmaq məsələsi də var: "Amma bununla bağlı ABŞ Prezidenti Bayden Yaxın Şərq ölkələri ilə tezliklə görüş keçirəcəyini bildirib. Eyni zamanda, ABŞ dövlət katibi Antoni Blinken bir sıra Yaxın Şərq ölkələrinə səfərlər edərək bu münaqişəyə qoşulmamaları haqqında söhbətlər aparıb. Hesab edirəm ki, yaxın günlərdə vəziyyətin necə olacağı aydınlaşacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə