Ersin Tatar media nümayəndələri ilə mətbuat konfransı keçirib - YENİLƏNİB - FOTOLAR

Ersin Tatar media nümayəndələri ilə mətbuat konfransı keçirib - YENİLƏNİB - FOTOLAR

Məlumdur ki, oktyabr ayının 12-də Şimali Kipr Türk Respubkikasının (KKTC) prezidenti Ersin Tatar ilk dəfə Azərbaycana rəsmi səfər edib. SİA xəbər verir ki, dünən Ersin Tatar Bakıdakı təmasları çərçivəsində Bakıda “Şimali Kipr Türk Cümhuriyyətini Tanıtma Tədbiri”ni açıq elan edib. Bu gün isə Bakıda media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransa giriş nitqi ilə başlayan Ersin Tatar bildirib ki, Bakıda böyük qonaqpərvərliklə qarşılanıb: “Biz eyni millətin övladlarıyıq. Hər zaman yanımızda olan qardaş ölkə Azərbaycan xalqına və Türkiyəyə sevgilərimizi bildirirəm.

Bura gəlmədən əvvəl cənab Prezident İlham Əliyevlə görüşümüz baş tutdu. Çox müsbət bir görüşmə keçdi. Cənab İlham Əliyev bizə daim dəstək olduğunu bildirdi. Mən ona “Tək millət üç dövlət” ifadəsini istifadə etdim”. Bundan sonra aramızdakı münasibətlərin turizm, təhsil və digər sahələrdə daha da güclənməsi üçün cənab İlham Əliyevin təlimatlarını dinlədim.

Azərbaycan Prezidentinə, hökumət və media nümayəndələrinə dərin təşəkkürümü bildirirəm. Mən dünən Bakıda “Şimali Kipr Türk Cümhuriyyətini Tanıtma Tədbiri”ni açıq elan edərkən Azərbaycanın bütün media nümayəndələri orada idi. Çox dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, əlaqələrimiz bundan sonra daha da genişlənərək inkişaf edəcək”.

Konfrans zamanı Ersin Tatar Azərbaycan-Ermənistan məsələsinə də toxunub. Qeyd edib ki, Azərbaycanın uğurların görməyə davam edilir: “Türkiyə də hər zaman Azərbaycanın yanındadır.

Azərbaycan bütün məsələləri barış yolu ilə həll etməyə çalışır. O bunu hər dəfə sübut edir. Qarabağın Azərbaycanın bir parçası olduğu isə hər zaman sübut edilib. Ermənistan gerçəkləri məncə artıq görüb ki, Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Cənab Rəcəb Tayyib Ərdoğan da sülh müqaviləsinin uğurlu olması üçün əlindən gələn yardımı göstərəcəyini bildirib.

Azərbaycan öz torpaqlarını işğaldan azad edib və suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi.

Biz də haqqımızı almaq üçün bundan sonra da mübarizə aparacağıq. Şimali Kiprə sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, bizləri Türkiyədən qoparmağa çalışırlar. Lakin kıbrıslı türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kipr indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq.

Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”.

O, Kiprdən Azərbaycanda baş verən prosesləri yaxından izlədiklərini bildirib: “Qarabağ müharibəsində dualarımız hər zaman Azərbaycanla idi. Şükürlər olsun ki, Azərbaycan Qarabağı azad etdi.

Təxminən 200 nəfərlik heyətlə qardaş Azərbaycandayıq. Burada bir neçə sahədə görüşlərimiz oldu. Düşünürük ki, biz birlikdə güclüyük. Bizim heç kimin haqqında gözümüz yoxdur, haqqımız olanı almağa çalışırıq. Burada verdiyimiz mesajları bütün soydaşlarımız, eyni zamanda qarşı tərəfdə dinləyir”.

O, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Şimali Kipr Türk Respublikasına dəvət etdiyini də bildirib: “Prezident İlham Əliyev ən yaxın zamanda bizim diyara gələcəyini bildirib”.

Xatırladaq ki, Ersin Tatar oktyabrın 16-dək Bakıda müxtəlif tədbirlərdə iştirak edəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə