III dünya müharibəsi başlaya bilər? - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Yaxın Şərqdə vəziyyətin hədsiz dərəcədə gərgin olduğu göz qabağındadır. Hadisələrin daha da gərginləşmə ehtimalı böyükdür. Yəni, bu gün konfliktin hansısa formada həll olacağı və ya dayandırılacağı perspektivləri olduqca zəifdir. Buna görə də ehtimal etmək olar ki, hərbi əməliyyatlar bundan sonra da qızışmağa davam edəcək. Nəzərə almalıyıq ki, bu, olduqca dərin kökləri olan bir münaqişədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, BMT-nin qətnamələrinə baxmayaraq İsrail və Fələstin münasibətlərini tənzimləmək mümkün olmayıb: "Ötən əsrin ortalarından başlayaraq bu bölgədə dünyanın müxtəlif geosiyasi mərkəzlərinin mübarizəsi gedir. Zaman-zaman İsraili də, Fələstini də müxtəlif dövlətlər müdafiə ediblər. Bu konfliktin kökündə dünyada qlobal üstünlük uğrunda geosiyasi mübarizənin elementləri var idi. Digər dövlətlərin İsrail və Fələstinə verdiyi dəstək münaqişəni həll etmədi, əksinə onu daha da gərginləşdirdi. Bu bölgə enerji ehtiyatları ilə zəngindir. Həmin bölgədə enerji ehtiyatlarına malik ölkələrin timsalında strateji müttəfiqlər və tərəfdaşlar tapmaq mənafeləri dayanır. Son illərdə isə İranın bu bölgədə aktivləşməsi və onun Qərblə münasibətlərinin hədsiz dərəcədə kəskinləşməsi də vəziyyəti mürəkkəbləşdirən amillərdən biridir. Əlbəttə ki, bu konfliktin hazırda dünya müharibəsinə çevrilmək şansı kifayət qədər olmasa da, vəziyyət çox təhlükəlidir".

"Bir ümidverici məsələ ondan ibarətdir ki, dünyanın qarşıdurmalarında iştirak edən Rusiya bu münaqişədə birbaşa aktivlik göstərmir. Əgər Rusiya da Yaxın Şərqdəki bu münaqişədə yaxından iştirak etsə idi, ondan konfliktin III dünya müharibəsinə çevrilməsi ehtimalı daha real ola bilərdi. İsrail və ya Fələstinin haqlı olması mövqeyindən çıxış etmək doğru deyil. Çünki hər ikisinin konkret şəraitdə məsuliyyəti var. Amma nə qədər ki müstəqil Fələstin dövləti BMT Baş Assambleyasının 1947-1948-ci illər qətnamələrinə uyğun olaraq yaradılmayıb, bir o qədər Yaxın Şərqdə sülhü bərqərar etmək mümkün olmayacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə