“Azərbaycan-Türkiyə münasibətləri bütün sahələri əhatə edir” POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəlidir və bütün sahələri əhatə edir. Bu münasibətlər Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi üzərində qurulub, davam və inkişaf etdirilir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olaraq onunla münasibətləri strateji müttəfiqlik, dostluq, qarşılıqlı maraq və faydalı əməkdaşlıq münasibətləri üzərində qurub: “Azərbaycan Prezidenti İlham Əliyev dünyada heç bir dövlətlər arasında münasibətlərin bu formatda olmadığını bildirmiş, bu münasibətlərin analoqunun olmadığını bildirmişdir. Azərbaycan və Türkiyə bütün mötəbər beynəlxalq təşkilatlarda daim bir-birinə dəstək vermiş, Türkiyənin problemlərinə Azərbaycan öz problemləri, Azərbaycanın isə dərdinə Türkiyə öz derdi kimi yanaşmışdır. Türkiyə Azərbaycanın məruz qaldığı təcavüzdə daim onun yanında olmuş, Azərbaycana siyasi, iqtisadi, humanitar, mənəvi dəstək vermişdir. Eyni fikirləri Azərbaycanın Türkiyə ilə bağlı münasibətlərinə də şamil etmək olar. Erməni təcavüzünə qarşı Azərbaycanın mücadiləsində Türkiyənin mövqeyi və dəstəyinin Azərbaycan üçün çox böyük siyasi, psixoloji, mənəvi əhəmiyyəti olub. Türkiyə bir qayda olaraq Azərbaycanın Qarabağ probleminin beynəlxalq hüquq, dövlətimizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olmuş, işğal olunmuş ərazilərdə Azərbaycanın dövlət suverenliyinin qeyd şərtsiz bərpa olunmasının vacibliyini vurğulamışdır. Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla dövlət sərhədlərini bağlayaraq faktiki olaraq Ermənistanın Avropa məkanına quru yolla çıxışının qarşısını almışdır. Türkiyə Azərbaycanın onun enerji təhlükəsizliyində oynadığı rola daim böyük diqqətlə yanaşmış, bu əməkdaşlığın Türkiyə üçün əhəmiyyətinin mahiyyətinə varmışdır”.
E.Manafov onu da bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarı dövründə Azərbaycanla münasibətlər mahiyyətcə yeni mərhələyə daxil olub: “Tərəflər arasında 2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi ilə hərbi əməkdaşlığın yeni koordinatları müəyyən edilmişdir. Azərbaycanın 44 günlük savaşında Türkiyənin qəti və birmənalı mövqeyinin dövlətimizin əldə etdiyi qələbədə müstəsna əhəmiyyəti olmuşdur. İki qardaş dövlət arasında münasibətlər bütövlükdə türkdilli dövlətlər arasında yeni tipli münasibətlərin də qurulmasına səbəb olmuş, inteqrasiya prosesləri sürətlənmiş, nəqliyyat dəhlizləri, habelə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi istiqamətində vacib qərarların qəbul olunmasına öz töhfəsini vermişdir. Bu gün bu münasibətlər regional təhlükəsizliyin qarşılıqlı təminati konteksində inkişaf etdirilir və müasir dövrün qlobal çağırışlarına rəğmən daha da dərinləşir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB