"Ukraynalılar böyük bir planın qurbanı oldular" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, Qərbin böyük bir planı idi. Bunda məqsəd heç də Ukraynanın inkişafı deyildi. Əsas məqsəd Rusiyanın bu müharibəyə başının qarışması və zəifləməsi idi. NATO və Qərb ölkələri Rusiyanın uğur qazanmasını və daha da güclənməsini istəmir. Bu yüzilliklər boyu belə olub. Bu baxımdan Ukraynanın əslində Qərbin təkidi ilə müharibəyə başladığını deyə bilirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Qərb həm maddi, həm də hərbi-sənaye baxımından Ukraynaya yüksək səviyyədə dəstək verir: "Əslində müharibəni yalnız ukraynalı vətəndaşlar aparır. Onlar bu müharibədə həm əziyyət çəkir, həm də həlak olurlar. Ukraynalılar sadəcə böyük bir planın qurbanı oldular. Qərb Ukrayna vasitəsilə Rusiyaya zərbə vurur".

Politoloq sözlərinə davam edərək bildirib ki, bu müharibənin nə zaman bitəcəyini də proqnozlaşdırmaq doğru olmaz: "Müharibə Qərb Rusiya ilə bağlı planlarını həyata keçirdikdən sonra dayana bilər. Müharibə dayansa belə yenə də münaqişə zonası qalmaqda davam edəcək. Çünki Rusiya Ukraynanın bir çox ərazisini işğal edib. Belə olduğu təqdirdə uzunmüddətli münaqişə ocağının yaranmasını müşahidə edirik. Bunların hər biri sadəcə olaraq təəssüf doğurur. Arzu edirik ki, hər iki ölkə müharibəni dayandıraraq Qərbin planını yarımçıq qoysun. Amma görünən odur ki, müharibəni başladan güclər istəklərinə nail olurlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə