"Ermənilər növbəti dəfə Rusiyanı satıb Qərbə üz tutublar" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

“1991-ci ildə keçmiş Sovet respublikaları müstəqlillik əldə edəndə avtomatik olaraq Ermənistan da özünü müstəqil elan etdi. Lakin Azərbaycan torpaqları hesabına Moskvanın yaratdığı bu respublikanın müstəqil olmaq, müstəqil dövlət kimi yaşamaq potensialı o qədər də çox deyildi. Xəstə “Böyük Ermənistan“ ideyası ilə zəhərləndirilmiş erməni xalqı normal dövlət qura bilmədi. Rusiyadakı imperiyapərəst dairələrə sığınan Ermənistan rəhbərliyi qonşulara qarşı ərazi iddialarını davam etdirdi. Bu siyasət ölkənin bütün regional və qlobal iqtisadi layihələrdən kənarda qoydu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Türkiyəyə qarşı da ərazi iddialarını sürdürdü: "Hazırkı Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra rəsmi İrəvan xarici siyasətini dəyişməyə başladı. 44 günlük müharibədə Azərbaycana məğlub olandan sonra İrəvanın Rusiya ilə münasibətləri sərinləşdi. İrəvanda hesab edirdilər ki, Rusiya başqasının ərazisini ilhaq etmiş Ermənistanın tərəfində döyüşməli idi. Bir sözlə İrəvanın Moskvadan gözləntisi çox idi. Lakin Rusiyanın milli təhlükəsizlik maraqları Azərbaycan kimi güclü regional oyunçu ilə, Türkiyə kimi güclü dövlətlə isti münasibətləri diktə edirdi. Əslində Sorosun adamı olan Paşinyanın aşırı Qərbçi siyasəti keçəcəyi gözlənilən idi. Paşinyanın Ermənistan ərazisində Amerika hərbçilərini gətirməsi, birgə ABŞ-Ermənistan təlimlərinə razılıq verməsi Rusiyanın səbrini daşırdı. Hazırda bu iki ölkə arasında münasibətlər son 200 ildə ən kəskin dövrünü daşıyır".

E.Cəfərli sözlərinə davam edərək bildirib ki, ermənilər növbəti dəfə Rusiyanı satıb Qərbə üz tutublar: "Fransa XİN rəhbərinin açıqlaması İrəvanın növbəti dəfə ağasını dəyişmək niyyətini ortaya qoyur. Fikrimcə, son 30 ildə Rusiyanın forpostu olan Ermənistan Moskvanı Parisə dəyişə bilər. Lakin yeni ağa, yeni hami əhalisi səfil, ordusu darmadağın durumda olan Ermənistanı bu vəziyyətdən çıxara bilməz. Ermənistan rəhbərliyi firavan cəmiyyət, dayanıqlı iqtisadiyyat qurmaq istəyirsə qonşu dövlətlərə qarşı ərazi iddiasından vaz keçməli, Azərbaycanla daimi və qalıcı sülhə imza atmalıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə