"Üç oktyabr inkişafa gedən yolun ilk günü oldu" - DEPUTAT ŞƏRH ETDİ
"1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu müstəqilliyin şirinliyini dada bilmədi. Ölkədəki hərc-mərclik, siyasi hakimiyyət uğrunda mübarizə, ən əsası isə Qarabağda başlanan separatçı hadisələr, Ermənistanın ona havadarlıq etməsi və onun arxasında duran dövlətlərin Azərbaycana qeyri-səmimi münasibəti hökm sürürdü. Azərbaycan 1993-cü ildə ağır günlərini yaşayırdı. 1993-cü ilin iyununda baş verən dövlət çevrilişi Azərbaycanın varlığını təhlükə altına qoydu. Dövlətimiz süqut edə, parçalana bilərdi. Azərbaycanda qardaş qırğınının işartıları görünürdü. Məhz Heydər Əliyev belə bir dövrdə Azərbaycana gəldi. Bu, xalqın istəyi idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanı parçalamaq istəyən qüvvələri, qardaş qırğını törətmək istəyənləri böyük çətinliklə də olsa, ram edə bildi: "Ən nəhayət, 1993-cü il oktyabrın 3-də Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildi. Xalq bilirdi ki, kimə etimad göstərir. Ölkəni o vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Ona görə də 3 oktyabr müstəqil Azərbaycanın inkişafı üçün bünövrə olan bir gündür. Bu tarix Azərbaycanı bir çox fəlakətlərdən qurtardı. O gündən sonra Azərbaycan artıq aralarında heç bir fərq qoymadan qonşu dövlətlərlə siyasi məsələləri həll etmək, iqtisadi münasibətləri bərpa etmək üçün fəaliyyətə başladı. Təbii ki, 1993-cü ilin 3 oktyabrı xalqımızın tarixində böyük bir hadisədir. Daha sonra Azərbaycan 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzaladı. Bu müqavilənin imzalanması ilə dünyanın ən böyük şirkətləri Azərbaycana cəlb olundu. Ulu Öndərin şəxsiyyətinə görə həmin şirkətlər Azərbaycana milyardlarla investisiya qoydular. Eyni zamanda, Azərbaycan da himayə qazandı. O dövlətlərin himayəçiliyi nəticəsində Ermənistanın təcavüzkar siyasətinin müəyyən həddi oldu. 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq əks-hücuma keçərək öz torpaqlarının böyük bir hissəsini düşməndən azad etdi. 1995-ci ildə müstəqil Azərbaycan tarixində ilk konstitusiya qəbul olundu. Bu konstitusiyada Azərbaycan vətəndaşının bütün hüquqları və vəzifələri təsbit olundu".
Deputat sözlərinə davam edərək xatırladıb ki, 1993-cü ilin oktyabrından sonra Qarabağ problemini həll etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Ümummilli liderimiz mümkün olanları etdi: "Ermənistanın təcavüzkar dövlət adlandırılmasına nail oldu. Eyni zamanda, Mərkəzi Asiya və Avropa dövlətləri ilə münasibətləri inkişaf etdirdi. 2001-ci ildə Azərbaycan artıq Avropa Parlament Şurasına daxil olmuşdu. Yəni, 3 oktyabr inkişafa gedən yolun ilk günü oldu. Ona görə də bu tarixdən söhbət gedəndə ilk dəfə olaraq müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin böyüklüyünü, onun dahi dövlət siyasətçisi olduğunu görürük. Artıq 2001-ci ildə dövlət başçısı rəsmi olaraq elan etdi ki, müstəqil Azərbaycan dövləti qurulub. Müstəqil Azərbaycanın bir sıra problemləri qalmaqda idi. Ulu Öndər xalqa müraciətdə deyirdi ki, biz bu işi İlham Əliyev cənablarına tapşırsaq, o bu etimadı doğruldacaq. Həqiqətən də 2020-ci ilin 44 günlük və 2023-cü ilin 1 günlük müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 1923-cü ildə Azərbaycan torpaqlarında yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti 2023-cü ilin sentyabrında məhv edildi. 100 il ərzində Qarabağda separatçı meyillərin yaranması Azərbaycan üçün həmişə təhdid və təhlükə olub. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycan Qarabağda olan problemlərini həll etdi. Təbii ki, bütün bu uğurlu siyasətin bünövrəsi Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB