"Beynəlxalq təşkilatların bizə qarşı mövqe dəyişikliyinin səbəbləri var" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

"Həm Avropa Birliyinin, həm də bəzi başqa beynəlxalq təşkilatların antiterror tədbirləri və bu tədbirlərdən dərhal sonra yaranmış vəziyyətlə bağlı mövqelərində müəyyən pozitiv dəyişikliklər hiss olunur. Hər halda antiterror tədbirlərinin keçirildiyi saatlarda və daha sonra göstərilən münasibətlərdə bəzən aqressiv reaksiya ilə rastlaşırdıq. Amma qısa bir müddətdə həmin aqressivlik sıradan çıxmağa başladı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bir sıra beynəlxalq qüvvələr həm keçirilmiş lokal xarakterli antiterror tədbirlərinə, həm də nəticələrinə fərqli münasibət göstəməyə başladılar: "Bunu Avropa İttifaqının bəyanatında da görmək olar, ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə etdiyi telefon zəngində göstərdiyi yanaşmalarda da görmək olar. Blinken antiterror tədbirlərindən sonra Xankəndi və onun ətrafında yaranmış vəziyyətlə bağlı məsələnin müzakirəsinə xüsusi maraq göstərməklə həm də onu ifadə etdi ki, bu tədbirlərin həyata keçirilməsini Azərbaycanın suveren hüququ kimi qəbul edirlər, amma bəzi situasiyaların aydınlaşdırılması mövqeyindən narahatlıqları var. Eynilə Avropa İttifaqının bəyanatında biz bu tonu hiss edirik. Əlbəttə ki, belə mövqe dəyişikliyinin səbəbləri var. Heçnə öz-özünə baş vermir. İlk növbədə Azərbaycanın antiterror tədbirlərini təmiz və hazırlıqlı şəkildə apardığını qeyd etmək lazımdır".

A.Quliyev sözlərinə davam edərək bildirib ki, antiterror tədbirləri zamanı mülki şəxslərin və obyektlərin məqsədyönlü şəkildə hədəfə alınmaması, təsadüfən belə olsa bircə nəfər mülki şəxsin vurulmaması tədbirlərin yüksək səviyyədə aparıldığını və Azərbaycanın təmiz niyyət güddüyünü ortaya qoydu: "Eyni zamanda, Qarabağda yaşayan ermənilərin humanitar ehtiyaclarının ödənilməsi üçün operativ qaydada addımların atılması ciddi bir arqumentdir. Bundan əlavə Azərbaycanın öz vətəndaşları olan Qarabağdakı ermənilərlə təmaslar qurmaq, onlarla reinteqrasiya müzakirələri aparmaq kursuna sadiq qalması da təbii ki, beynəlxalq təşkilatların mövqeyində dəyişikliklərə səbəb oldu. Fikrimcə, erməni sakinlərinin də Azərbaycanda qalmaq istəkləri yaxud reinteqrasiya istiqamətində tam şəkildə dəstəyin verilməsi Qərbdə yeni yanaşmaların əsas səbəblərindən biri oldu. Azərbaycanın Qarabağda heç bir etnik təmizləmə aparmaq niyyətində olmadığına dünyanı inandırmaq da vəziyyətin bizim xeyrimizə dəyişməsinə təsir göstərən amillərdəndir. Bütün bunlar həm Avropa İttifaqının, həm də başqa beynəlxalq təşkilatların yanaşmasında pozitiv dəyişikliklərin yaranmasını təşkil edir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə