Ermənistan VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA - TƏHLİL

Ermənistan VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA - TƏHLİL

Bu zamana qədər dırnaqarası “Böyük Ermənistan” xülyasına düşənlər indi gözləri önündə məğlub, rəzil, səfalət içərisində boğulan Ermənistanı, bundan sonra mövcudluğu belə sual altında olan bir ölkəni görürlər. Bəli, görürlər ki, Ermənistan ekzistensial təhlükə ilə üz-üzədir. Görürlər ki, xaos, qarışıqlıq, qarşıdurmalar, narazılıqlar, etirazlar həddini aşıb, kütlə idarəolunmaz həddədir və bu işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır.

İllərlə erməni xalqına qızıldan dağlar vəd edənlər əslində, həmin xalqı qızıl qana boyadılar və son durumda qoyaraq, rəzil vəziyyətə saldılar. Məkrli niyyətlərə, çirkin planlara görə bütövlükdə erməni xalqından istifadə edildi, kimlərinsə hakimiyyəti qamarlaması, kimlərinsə hansısa dividentləri üçün sıravi ermənilər öz hiyləgər başbilənləri, avantüristləri tərəfindən alət olaraq istifadə edildi. Başqalarına məxsus, ələlxüsus da Azərbaycana məxsus torpaqların işğal edilməsi yolu ilə ərazisini böyütmək, hətta ikinci erməni dövləti yaratmaq xülyası ilə, ermənilərə daha böyük ərazilər, daha yaxşı yaşayış vəd edənlər nəticədə onları çox acınacaqlı vəziyyətdə qoydular. Bəlli bir müddət ərazilərimizi, Azərbaycan torpaqlarını işğal altında saxlayanlar torpaqlarımızı işğal altında saxladıqları dövrdə belə erməni xalqına nə vəd etdiklərini verə bildilər, nə də həmin əraziləri abadlaşdıra bildilər, amma əvəzində, həmin o Azərbaycana məxsus torpaqların işğalı üçün sıravi erməniləri aldadaraq mənasız yerə döyüşə cəlb etdilər və sonda məğlubiyyət acısını onlara yaşatdılar.

Özlərinə məxsus olmayan torpaqlar uğrunda döyüşməyə məcbur edilən və buna görə də həyatlarını itirənlərin valideynləri, yaxınları bunun əvəzində nə gördülər? Bəlkə torpaq əldə etdilər? Yaxud, hansısa imtiyaz, divident qazandılar? Yoxsa, yaşayış şəraitləri, imkanları, dolanışıqları yaxşılaşdırıldı? Olmaya ölkələri çox güclü iqtisadiyyata sahib bir dövlətə çevrildi və bəlkə onların gələcək nəsilləri üçün nikbin proqnozlar vəd edəcək məqamlar əldə edildi? Erməniləri, bütövlükdə erməni cəmiyyətini indiki duruma sürükləyənlər bu sualların birinə belə müsbət cavab verə bilməzlər. Çünki, vəziyyət göz önündədir və bunu təkzib etmək mümkün deyil. Əbəs yerə deyil ki, bu gün öz düşdüyü vəziyyətini görüb dərk edən ermənilər küçə və meydanlarda etiraz edirlər və artıq vətəndaş müharibəsinə səbəb ola biləcək bu etiraz dalğası get-gedə daha da kəskinləşir.

Ermənistan müstəqilliyinin 32-ci ildönümünü qeyd etməli oduğu ərəfədə vətəndaş müharibəsi təhlükəsi və qorxusu ilə qarşılaşdı. Üç ildir ki, bu ildönümü qeyd etmək heç bir erməninin yadına da düşmür. Əvvəla ona görə ki, erməniləri indi öz acıları məşğul edir və ağrıları fonunda suverenliklərini görə də bilmirlər. Digər tərəfdən də axı öz acınacaqlı vəziyyətini görən, öz ölkəsinin asılı vəziyyətini, kimlərinsə əlində oyuncaq olduğunu, heç bir suveren hüquqlarının olmadığını, kağız üzərində də olsa qalan suverenliklərinin belə tükdən asılı olduğunu görən hər hansı bir erməni hansı müstəqillik günü barədə düşünə bilər? Bir tərəfdən də hakimiyyəti etiraz dalğasından istifadə edərək ələ keçirən beli çantalı küçə nümayişçisi Nikolun, vətəndaşlara müraciətində ölkəsinin indi çətin günlər yaşadığını, xalqının müstəqillik naminə bu çətin yoldan keçmək məcburiyyətində qaldığını söyləməsi də vəziyyətin kritik olduğunun, ölkəsinin müstəqilliyinin sual altında olduğunun təsdiqidir.

Bu gün Ermənistanda insanları küçələrə çıxaranlar, etirazlara, nümayişlərə maraqlı olanlar var. Bunu elə ermənilər özləri də yaxşı bilirlər. Yaxşı bilirlər ki, Koçaryan və Sarkisyan öz hakimiyyətləri naminə yenə də erməni xalqını, Ermənistan ictimaiyyətini alət olaraq istifadə etməkdədirlər. Etirazçıların məhz Nikol Paşinyanın hakimiyyətdən getməsi tələbi ilə çıxış etməsi təsdiq edir ki, işğalçı ölkədə hakimiyyət davası, hakimiyyət uğrunda mübarizə gedir. Sanki Paşinyanın hakimiyyətdən getməsi ilə Ermənistanın bütün problemlərinin həll olunacağı ümidi yaradanlar yenə də erməniləri aldadırlar. Əvvəla, buna inandırmağa çalışanların, hakimiyyəti ələ keçirməyə cəhd edənlərin kimliyi də bəllidir, onların hakimiyyəti dövrü də yaddadır. Yaxşı yaddadır ki, həmin dövrdə nə Ermənistan dövləti çiçəklənmə mərhələsində olub, nə ölkələrindən stabillik olub, nə də ermənilər yaxşı yaşayıblar. Əksinə, bu gün ermənilərin qarşılaşdıqları problemlərin əsasını elə onlar özləri qoyublar, Paşinyan yox. Erməni baş nazir Nikol Paşinyan səriştəsi, siyasi iradəsi olmayan biri olduğu üçün vəziyyətdən, sadəcə, çıxış yolu tapmaqda çətinlik çəkib və ölkəsini fəlakətdən, qarşılaşdığı durumdan xilas edə bilməyib.

Hakimiyyət kürsüsünü küçə nümayişlərindən istifadə edərək ələ keçirən Nikolun günahsız olmasını söyləmək niyyətində deyilik. Qarabağla bağlı diplomatik danışıqlara hələ 44 günlük müharibədən əvvəl onun xələl gətirməsi, həmin danışıqların əngəllənməsinə yönələn mövqeyi, ifadələri, iddiaları hamımıza bəllidir. Məhz 44 günlük müharibəyə səbəb olan təxribat xarakterli tədbirlərə rəvac verməsi də nə bizim üçün, nə də ermənilər üçün sirr deyil. Amma bu gün Paşinyanın əleyhində olanların səsləndirdikləri ittihamlar da mütləq həqiqət olaraq qəbul olunmur və elə onun tərəfdarları da bununla bağlı narazıdırlar. Doğrudur, işğalçı Ermənistanda demokratiya, söz azadlığını Nikolun təmin etməsi iddiaları, fikirləri də əsassızdır. Bu ölkədə hansısa demokratiyadan, azadlıqdan söhbət gedə bilməz. Son günlər küçələrdə nümayişə çıxan yüzlərlə etirazçının saxlanılması, qolları bağlı şəkildə Ermənistan polisi tərəfindən aparılması həmin ölkədə demokratiyanın da bir nağıl olduğunu, yalan olduğunu təsdiqləyir. Deməli, həm Paşinyanın, həm də onun əleyhində olanların tərəfdarları yanlış mövqedədirlər və toqquşmaları də hər an mümkündür. Bir sözlə, Ermənistanda vətəndaş müharibəsi an məsələsidir və bu işğalçı ölkə hal-hazırda vətəndaş müharibəsi ilə üz-üzədir, vətəndaş müharibəsi astanasındadır. Çünki hər iki tərəf ölkəni vətəndaş qarşıdurması uçurumuna sövq etmək, xalqın qanı hesabına hakimiyyət qazanmaq niyyətindədir.

Koçaryan və Sarkisyanın pulları ilə küçələrə çıxarılanların məhz Nikol Paşinyanın istefası tələbi ilə çıxış etmələri anlaşılandır. Pulların müqabilində küçələrə çıxanlar guya ki, Qarabağ hadisələri fonunda baş nazirin istefasını tələb edirlər. İstefa tələbi ilə də İrəvanın mərkəzi küçələrini bağlayırlar. Xancyan küçəsində zəncir şəklində düzülən ermənilər yolları bağlamaqla nəqliyyatın hərəkətini iflic edirlər. Nəqliyyatın hərəkətinin iflic olmasına etiraz edənləri də hesaba alan yoxdur. Elə bil ki, onlar ya narkotik, ya da spirtli içkinin təsiri altındadırlar və vandallıqları ilə ətrafdakıları dəhşətə gətirirlər. Özlərini hədsiz dərəcədə aqressiv aparanlar təkcə hakimiyyətə qarşı çıxış etmirlər, yolu bağladıqlarına görə etiraz edən yazıq avtomobil, avtobus sürücülərinə qarşı da vəhşilik edirlər, onlara hücum edirlər, idarə etdikləri minik vasitəsindən onları düşürüb döyürlər. Bu görüntü hansısa dinc aksiyanın, etirazla bağlı mitinqin deyil, tamamilə başqa bir mənzərənin görüntüsüdür. Görünən isə odur ki, həqiqətən də, Ermənistan ekzistensial təhlükə ilə üz-üzədir. Daşnakların və Qarabağ klanının puluna görə küçələrə çıxanlar potensial təhlükə hesab olunur və Ermənistanın vətəndaş müharibəsi astanasında olduğunu söyləməyə əsas verir.

Nəzərə almaq lazımdır ki, bir tərəfdən də Ermənistana axın edən ermənilər, Azərbaycanın Qarabağ iqtisadi rayonundan köçüb gedən erməni əsillilər və onların yarada biləcəkləri problemləri də var. Hər halda Ermənistana üz tutan erməni əsillilər üçün orada hər bir şərait hazırlanmış vəziyyətdə deyil və onları təmin edəcək şəraitdən söhbət belə gedə bilməz. Onsuz da səfalət içərisində olan, hətta öz yerli əhalisini təmin edə bilməyən bir ölkə, iqtisadiyyatı çökmüş vəziyyətdə, müliyyə imkanları yox dərəcəsində olan bir dövlət üçün bu, xırda məsələ deyil. Heç onların Ermənistana çağırılması da, həmin ölkənin küçələrinə “tökdürülməsi” də səbəbsiz sayıla bilməz. Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köç edənlərin həmin ölkədə kifayət qədər problemlə qarşılaşacağı bəlli məsələdir və bu da etiraz dalğasının daha da artması deməkdir. Məhz elə bütün bunlar nəzərə alınaraq, Azərbaycan ərazisində yaşayan erməni əsillilərin Ermənistana çağırılması, köç etməsi təşkil olunub. Hazırda Azərbaycan ərazilərini tərk edən erməni əsillilər onlara məhz köç etmələrinin tövsiyə edildiyini, tapşırıldığını deyirlər və bu da onu döstərir ki, həmin insanlardan potensial etirazçı kimi istifadə etmək barədə planlaşdırılır. Bir sözlə, hələ bu xəmirin çox su aparacağı görünür. Görünən odur ki, Ermənistanın vətəndaş qarşıdurmasından yaxa qurtarması məsələsi sual altındadır. Bu işğalçı ölkənin uçurumun kənarında olduğu günümüzün reallığıdır və Ermənistan yol ayrıcında olan ölkə olaraq, ya doğru yolu seçə, ambisiyalardan əl çəkib stabil yaşayış üçün çalışa, ya da məhvə sürüklənə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə