“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya pasportu olan ermənilərin ərazilərimizi tərk etməsi artıq bir müddətdir ki, davam edir. Müxtəlif missiyalarla əraziyə yerləşdirilən və Rusiya vətəndaşlığı olan ermənilər nəticə etibarilə artıq missiyalarını yerinə yetirə bilmədikləri üçün ərazilərimizi tərk edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Rusiya pasportu daşıyan və Qarabağda olan şəxslər iki kateqoriyaya aiddir. Bunlardan birincisi münaqişəni və separatizmi daha da qızışdırmaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən həmin ərazilərə göndərilmiş şəxslərdir. İkincisi isə sonrakı mərhələdə vətəndaşlığı alaraq, özlərini gələcək problemlərdən sığortalamaq istəyənlərdir. Hər iki kateqoriyaya aid olanlar təbii ki, Rusiya vətəndaşlığı alarkən üzərlərinə müvafiq öhdəliklər götürüblər.
Bu gün Rusiyanın Cənubi Qafqaz siyasətinə baxanda görürük ki, Rusiya hazırda heç bir halda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı deyil. Çünki bu münasibətlərin normallaşmasını özünün Cənubi Qafqaz siyasətinə təhdid olaraq görür. Rusiya düşünür ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması nəticə etibarilə Rusiya sülhməramlı kontingentinə, o cümlədən də növbəti mərhələdə Ermənistan ərazisindəki Rusiya hərbi bazasına ehtiyacın olmadığı gerçəkliyini ortaya qoyacaq. Odur ki, Rusiya bütün mümkün vasitələrlə münaqişənin uzadılması, gərginliyin davam etdirilməsi istiqamətində işlərini davam etdirir.
Şübhısiz ki, Rusiya pasportu olan ermənilərin ərazilərimizi tərk etməsi Rusiyanın sülh müqaviləsini istəməsi və ya Azərbaycanın ayrı-ayrı ölkə vətəndaşlarının ərazilərimzidən çıxarılması ilə bağlı tələblərlə bağlı deyil. Burada iki məqam var. Birincisi, Rusiya Azərbaycanın bundan sonra daha 30 il məsələni uzatmaq niyyətində olmadığını, istənilən zaman yeni hərbi əməliyyatlara başalamaq imkanlarını yaxşı dərk edir və buna görə də öz vətəndaşı olan şəxslərin təhlükəsizliyini nəzərə alaraq onların çıxarılmasını təmin edir. İkincisi isə yeni təxribatlar üçün hazırlıq görür. Bütün bu addımlar yaxın zamanda yeni təxribatların olma ehtimalını artırır. İstənilən halda hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq nə qədər çox erməni ərazilərimizi tərk edərsə bu bir o qədər yaxşıdır və bizim maraqlarımıza cavab verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə