"Rusiya-Ukrayna müharibəsinin qalibi yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əlbəttə ki, hər kəs Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitməsini arzulayır. Lakin təəssüflər olsun ki, bu məsələ hələ arzular çərçivəsində qalmaqdadır. Müharibəni Rusiya və ya Ukrayna tərəfi bitirə bilməz. Müəyyən tərəflər var ki, bu müharibəni onlar başladıb və yalnız onlar bitirə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində ümumiyyətlə qalib tərəf yoxdur: "Hesab edirəm ki, müharibənin sonunda da qalib tərəf olmayacaq. Çünki hər iki tərəfdən böyük itkilər var. Ukrayna xeyli dinc əhalisini itirib, çox sayda əsgəri əsir götürülüb. Eyni zamanda, Rusiya ordusu da xeyli sayda hərbçisini itirib. Həmçinin, Rusiyanın hərbi arsenalında olan silah-sursat da xeyli sayda azalıb. Ukraynanın isə hərbi arsenalı Qərb tərəfindən təmin edildiyi üçün bunun bir o qədər mənfi təsiri olmur".

"Düşünürəm ki, müharibəni başladan tərəflər artıq onun nə zaman bitəcəyini müəyyənləşdiriblər. Onlar hədəflərinə çatana qədər bu müharibə davam etməlidir. Hədəflər isə məlumdur. Həmin qüvvələr Rusiyanı zəiflədənə qədər bu müharibənin davam etməsini istəyirlər. Rusiya-Ukrayna müharibəsi Qərb dövlətlərinin mənafeyi üçün aparılan bir müharibədir. Ukrayna sadəcə burada bir vasitə rolunu oynayır. Bu, Rusiya-Ukrayna deyil, Rusiya və Qərb müharibəsidir. Sadəcə bunu birbaşa yox, dolayısı yolla edirlər. Birinci və ikinci dünya müharibəsində açıq-aşkar bilinirdi ki, müharibə iki tərəf arasında gedir. Burada isə tərəflər Rusiya və Ukrayna kimi görünsə də, əslində hər şey fərqlidir. Qərb Ukrayna vasitəsilə Rusiya üzərində öz arzularını həyata keçirməyə istəyir. Rusiya isə hələ də güclü olduğunu nümayiş etdirməyə çalışır",-deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə