"Azərbaycan-Özbəkistan əlaqələri dinamik inkişaf tempinə malikdir" - DEPUTAT ŞƏRH ETDİ

"Özbəkistan Respublikasının prezidenti Şavkat Mirzoyoyevin Azərbaycana səfəri dövlət əhəmiyyətli səfər idi. Bu, Şavkat Mirzoyoyev Özbəkistan prezidenti seçildikdən sonra həyata keçirilən ilk yüksək səviyyəli səfərdir. Bu addım çox böyük məna kəsb edir. Prezident seçildikdən sonra edilən ilk səfər həmin dövlətlə xüsusi münasibətlərin ifadəsidir. Ölkə başçısı İlham Əliyev də bu baxımdan özbəkistanlı həmkarının Azərbaycana səfərini çox yüksək qiymətləndirib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, sözün həqiqi mənasında bu gün Azərbaycan və Özbəkistan əlaqələri dinamik inkişaf tempinə malikdir: "Hər iki qardaş dövlət bir-birinə strateji tərəfdaş kimi yanaşır. Fundamental məsələlərdə bu iki dövlətin mövqeyi tamamilə üst-üstə düşür. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. Bu il ərzində üç dəfə Azərbaycan Prezidenti Özbəkistanda işgüzar və rəsmi səfərlərdə olub. Özbəkistan Prezidentinin bu səfəri bir daha göstərdi ki, istənilən sferada əldə edilmiş razılaşmaların icrası müvəffəqiyyətlə həyata keçirilir. Bugünkü gündə iqtisadi, ticarət, humanitar, logistik, təhsil və mədəniyyət sahələrində ikitərəfli münasibətlərimiz sürətlə inkişaf etməkdədir".

Deputat sözlərinə davam edərək bildirib ki, hər iki dövlətin dostluğu və ya düşmənçiliyi onların davranışlarında müəyyən edilir: "Onlardan hər hansı birinin ağır günlərində bu özünü daha çox büruzə verir. Azərbaycan 44 günlük müharibə dövründə və ondan sonrakı mərhələdə hər zaman qardaş özbək xalqının dəstəyini hiss edib. Təsadüfi deyil ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə ilk xarici dövlət kimi Özbəkistan böyük bir məktəb kompleksi tikib. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, bu yalnız təhsil mərkəzi deyil, Özbəkistan dövləti ilə dostluğumuzun mərkəzidir".

"Şübhəsiz ki, hər bir səfər imzalanmış sənədlər ilə dəyərləndirilir. Özbəkistan prezidentinin Azərbaycana səfəri çərçivəsində 20 çox əhəmiyyətli və müxtəlif sahələri özündə ehtiva edən sənədlər imzalandı. Sözsüz ki, bunların içərisində Ali Dövlətlərarası Şuranın yaradılması haqqında imzalanmış sənədin daha böyük çəkisi var. Həmin sənədin imzalanması onu göstərir ki, rəsmi Bakı-Daşkənd münasibətləri ən yüksək səviyyəyə çatıb və bundan sonrakı inkişafı üçün geniş imkanlar pəncərəsi açılıb. Beləliklə Özbəkistan prezidenti Şavkat Mirzoyoyevin Azərbaycana səfəri bu iki ölkə arasında həqiqətən dostluq və müttəfiqlik münasibətləri olduğunu göstərdi",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə