"Özbəkistan hər zaman Azərbaycanın haqq mübarizəsini dəstəkləyib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanla Özbəkistan arasında münasibətlər hər zaman yaxşı olub. Təbii ki, 1970-ci ildə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev və Özbəkistan rəhbəri Şərəf Rəşidov arasında olan münasibətlər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin təməli qoyulub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan-Özbəkistan münasibətləri daha da inkişaf etməyə başladı: "Düzdü, Orta Asiya ölkələrinə Rusiyanın təsiri daha çoxdur. Son illərə qədər Orta Asiya ölkələri müstəqillik baxımdan bir qədər əziyyət çəkib. Buna baxmayaraq Azərbaycanla bu ölkələr arasında daim səmimi münasibətlər olub. Türkdilli ölkələr arasında münasibətlər daha da yaxşı olmalıdır. Amma bilirik ki, müxtəlif təsir dairələri bu münasibətlərin daha yaxşı olmasına əngəl yaradır.

Təsadüfi deyil ki, 1937-ci il repressiya dövründə Azərbaycandan minlərlə insan Özbəkistana sürgün edilib. Həmin dövrdən ölkələrimiz arasında əlaqələr daha da sıxlaşıb. Bugünkü gündə Özbəkistanda 50 minə yaxın azərbaycanlı yaşayır. İndiyədək azərbaycanlılarla özbək xalqı arasında ciddi bir problem yaşanmayıb. Eyni zamanda, Azərbaycanda da Özbəkistan xalqının kifayət qədər nümayəndəsi yaşayır".

"Xatırlatmaq istərdim ki, Özbəkistan Azərbaycanın haqq mübarizəsini BMT və digər beynəlxalq təşkilatlarda birmənalı olaraq dəstəkləyib. Bu gün isə Şavkat Mirzoyevin yenidən Özbəkistan prezidenti seçildikdən sonra Azərbaycana səfəri düşünülmüş bir addımdır. Hesab edirəm ki, bu cür addımlar davam etməlidir. Ona görə də Azərbaycan təkcə Özbəkistanla deyil, digər türkdilli ölkələrlə də münasibətləri inkişaf etdirməlidir. Özbəkistan prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış müqavilələr və sənədlər ona imkan verir ki, bu iki ölkə arasında iqtisadi-siyasi əlaqələr daha da möhkəmlənsin. Prezident Şavkat Mirzoyevin işğaldan azad olunmuş ərazilərimizə səfər etməsi Azərbaycan üçün çox önəmlidir. Azərbaycan xalqı qardaş ölkə tərəfindən belə bir addım atılmasına sevinir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün türkdilli ölkələrlə çox yaxşı münasibətlərimiz mövcuddur. Xalqlarımız da dost-qardaş münasibətləri saxlayırlar. Bundan irəli gələrək iş adamları, biznes nümayəndələri, siyasi dairələr, mədəniyyət işçiləri və hüquq-mühafizə orqanlarında xidmət göstərənlər bu münasibətlər çərçivəsində öz işlərini qura bilir və birgə əməkdaşlıq edirlər"-, deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə