"Rusiya və Azərbaycan arasında tarazlaşdırılmış münasibətlər mövcuddur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Həm Ulu Öndər Heydər Əliyev, həm də indiki Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ermənistan istisna olmaqla qonşu dövlətlərlə həmişə mehriban münasibət yaradıb. Təbii ki, onların içində Rusiya xüsusi önəm daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Rusiya sıradan bir ölkə deyil, Şimal qonşumuz olan Rusiya dünyanın güc mərkəzlərindən, BMT TŞ-nın beş daimi üzvündən biri, qədim dövlətçilik ənənələri, böyük resursları, ərazisi və əhalisi olan bir ölkədir. Eyni zamanda, Rusiya vaxtilə Azərbaycanla bir dövlətin tərkibində olub. Müstəqilliyimizi bərpa etdikdən sonra Rusiya ilə münasibətlərimiz beynəlxalq hüquq normalarına əsasən qurulub. Bugünkü gündə ölkə başçısının bildirdiyi kimi, Rusiya və Azərbaycan arasında tarazlaşdırılmış münasibətlər mövcuddur”.

Deputat sözlərinə davam edərək bildirib ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır və daxili işlərinə qarışmır: “Milli maraqlarımız uyğun gələn məsələlərdə Rusiya ilə əməkdaşlıq edirik. Bütün bunlar iki dövlət arasında normal münasibətlərin yaranmasına səbəb olub. Demək olar ki, bütün sahələr üzrə Rusiya ilə əməkdaşlıq münasibətlərimiz mövcuddur. Rusiyada böyük bir Azərbaycan diasporu, bizim ölkədə isə 200 minə qədər rus əsilli insan yaşayır. Burada yaşayan rus millətli insanlar öz dilini, dinini və mədəniyyətini qoruyub, inkişaf etdirə bilirlər. Bu, təkcə ruslara deyil, Azərbaycanda yaşayan bütün milli azlıqlara aid olan bir məsələdir. Əlbəttə ki, yaxşı münasibətlər həm Rusiyanın, həm də Azərbaycanın marağındadır. Bu baxımdan bundan sonra da Rusiya ilə normal qonşuluq münasibətlərimizin davam edəcəyinə ümid edirik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə