Çoxdan gözlənilən görüş baş tutub. Qin Qanqın gözlənilmədən istefa verməsindən sonra Çin Xalq Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunan Vanq Yi ilk səfərini Türkiyəyə edib. Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar zamanı xüsusilə Ukraynada baş verən hadisələr və taxılın Qara dənizdən daşınması imkanları müzakirə olunub. İki ölkə mətbuatında yayılan məlumatlardan da göründüyü kimi, onlar Rusiya Federasiyasını sövdələşməni pozmaqda ittiham edən Qərbin mövqeyini tutmayıblar. Amma çıxılmaz vəziyyətdən çıxış yolları ilə bağlı razılıq əldə olunmayıb.
Ərdoğanla Vanq Yi arasındakı danışıqlar mətbuata qapalı keçib, bitdikdən sonra jurnalistlərin suallarına cavab verilməyib. Brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, həmsöhbətlər ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıblar. "Ukraynadakı böhrana və Qara dəniz vasitəsilə taxıl daşınmasına dair razılaşmaya gəldikdə, hər iki tərəf bu məsələlərin dialoq və danışıqlar yolu ilə düzgün şəkildə həll edilməsi barədə razılığa gəldi" deyib.
Reuters-in xatırlatdığı kimi, Ukraynaya Qara dənizdən taxıl ixrac etməyə icazə verən saziş BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanıb. ABŞ və bir sıra Avropa ölkələri Çini Rusiyaya təsir gücündən istifadə edərək, onu taxıl ixracı sazişinin şərtlərinə qayıtmağa məcbur etməyə, habelə Ukraynada hərbi əməliyyatların dayandırılmasına kömək etməyə çağırıb.
İndi bir çox ölkədə siyasətçilərin niyə dünyada ərzaq vəziyyəti haqqında bu qədər danışması başa düşüləndir. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pierre-Olivier Gurinşas bildirib ki, taxıl müqaviləsindəki fasilədən sonra dünya taxıl qiyməti 15% arta bilər. Hindistan telekanallarının verdiyi məlumata görə, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan hökuməti onun ixracına qadağa qoyub. Eyni məhdudiyyət buğda ixracına da aiddir. Hindistan əhalisinin sayına görə dünyanın ən böyük ölkəsidir və onun hakimiyyət orqanları ilk növbədə öz vətəndaşlarının qidalanmasına diqqət yetirməlidirlər.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva sazişə aid hissə tamamlandıqdan sonra ona qayıtmağa hazırdır.
Həm Türkiyə, həm də Çinin rəsmi mediası hər iki tərəfin taxıl müqaviləsini xilas etmək üçün nə etmək niyyətində olduğunu açıqlamır. Danışıqların gündəmindəki digər mövzularda Türkiyə və Çindən olan şərhçilər əsasən eyni məcrada çıxış edirlər. Məsələn, Türkiyə mediası xəbər verir ki, Ərdoğan iki ölkə arasında əməkdaşlığın, xüsusilə “Bir kəmər, bir yol” proqramı əsasında artırılmasına çağırıb. Açıqcası Pekini razı salmağa çalışan Ankara NATO üzvü olan Türkiyənin bu blokun fəaliyyətinin Asiya-Sakit okean regionuna genişlənməsini dəstəkləmədiyinə də diqqət çəkib.
“Global Times” Çinin Türkiyə ilə münasibətlərdə qarşılıqlı etimadı gücləndirməyə çalışdığını və hər hansı xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasına qarşı olduğunu vurğulayır. Bu, açıq-aydın bir işarədir ki, ABŞ-da Ərdoğanın siyasi opponentləri var, xüsusən də vaiz Fətullah Gülən. Ancaq Vanq Yinin səfəri zamanı bu mövzuya toxunulmayıb.
Ərdoğanla danışıqlardan fərqli olaraq, xarici işlər nazirləri mətbuata danışıblar. Vanq Yi xüsusilə Çin və Türkiyənin inkişaf etməkdə olan böyük ölkələr olduğuna diqqət çəkib. Ona görə də onların əməkdaşlıq üçün böyük potensialı var. Vanq Yinin sözlərinə görə, ÇXR hökuməti Çinin özəl firmalarını Türkiyədə müəssisələr qurmağa təşviq edir, ticarət hesablaşmalarında yerli valyutalardan istifadəni dəstəkləyir və bunu davam etdirmək niyyətindədir. Fidan ikitərəfli əlaqələrin əhəmiyyətindən və yaxşı dinamikasından da danışıb.
Bir sözlə, iki ölkə arasında münasibətlər problemsiz inkişaf edir. Düzdür, Qərb jurnalistləri hələ də Vanq Yinin səfəri zamanı müzakirə olunan bir mübahisəli məqamı üzə çıxara biliblər. Məlum olur ki, xarici işlər nazirləri Sincan-Uyğur Muxtar Bölgəsindəki etnik, əsasən müsəlman, azlıq təşkil edən uyğurların taleyi ilə bağlı məsələ qaldırıblar. Qərbdəki insan haqları fəalları Çini uyğurlara qarşı ayrı-seçkilik etməkdə, hətta məcburi əmək tətbiq etməkdə ittiham edirlər. Çin bu ittihamları rədd edib.
Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi direktoru Aleksandr Lukin qeyd edib ki, taxıl müqaviləsini bərpa etmək mümkündür: “Bunun üçün Rusiya Federasiyasının onu uzatmadığı amilləri aradan qaldırmaq lazımdır. Rusiya müqavilənin şərtlərini yerinə yetirdi, Qərb ölkələri etmədi. Pekin və Ankara bu şərtlərə əməl edə bilsələr, taxıl tədarükü davam edəcək. Ancaq uğur qazanacağı ehtimalı azdır. Ankarada da müzakirə edilən Ukrayna münaqişəsinin xatırlanmasına gəlincə, Qərb uzun müddətdir ki, Çini Rusiyaya daha az yaxın mövqe tutmağa sövq etməyə çalışır. Məncə, Ərdoğanın çinliləri öz yanaşmalarını dəyişməyə inandırmaq istədiyi versiya şayiədir, dezinformasiyadır. Çin 12 maddəlik sülh planını irəli sürüb. Orada deyilir ki, atəşkəs elan etməlisən, sonra danışıqlar aparmalısan. Qərb bunu rədd edir. Düşünürəm ki, başqası Çini öz kursunu dəyişməyə inandıra bilməyəcək.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB