İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyənin razılığında MARAQLI MƏQAMLAR – TƏHLİL
İsveçin NATO üzvülüyünə qəbulu üçün Türkiyənin protokolu imzalamağa razılıq verməsi sözsüz ki, maraq doğurmaya bilməz. Hər halda, Türkiyənin belə bir razılıq verməsinin səbəbsiz olduğunu düşünmək sadəlövhlük olardı, çünki bu məsələdə hansısa maraqlı məqamların olması qənaətinə gəlmək üçün əsas yetərincədir. Elə məhz bu baxımdan da qardaş ölkənin razılığı bir neçə istiqamətdə izah olunur, bir neçə istiqamətdə şərh edilir və bu da onu deməyə əsas verir ki, sözügedən məsələ demək olar, bütün dünyanın diqqət mərkəzindədir.
İlk öncə onu diqqətə çatdıraq ki, İsveçin NATO üzvlüyünə qəbulu Alyansın genişlənmə imicini təqdim etmək imkanı olaraq görülür. Belə düşünən, belə qənaətdə olan politoloqlar, siyasətçilər cəmiyyətdə çoxluq təşkil edir. Digər tərəfdən isə, perspektiv üçün güzəşt paketini almadan Türkiyənin belə bir qərara gəlməsi heç də inandırıcı deyil və qardaş ölkənin hansısa şərtlər daxilində buna razılıq verdiyi daha inandırıcı səslənir. Həqiqətən də qardaş ölkənin hansısa bir şərti, eləcə də bu məsələdə maraqlı olduğunu düşünməkdə hər kəs haqlıdır. Əks halda, İsveçin NATO üzvlüyünə qəbulu məsələsi bu qədər ciddi şəkildə nəzərə alınmazdı. Elə isə şərt, yaxud maraqlar nədən ibarət ola bilər və bütün bunlar nədən xəbər verir?
Şərt dedikdə ilk ağıla gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti öncəsi ölkəsinin Avropa İttifaqına üzvlüyünü şərt kimi irəli sürməsidir. Belə çıxır ki, NATO ailəsinin böyüməsinə razılıq verməsi müqabilində Türkiyənin Avropa İttifaqına üzvlüyünə əngəl sayılanların “zərərsizləşdiriləcəyi” vəd olunub. Eyni zamanda, bu razılığın müqabilində PKK-ya qarşı mübarizədə Vaşinqtonun dəstəyi barədə də Türkiyəyə vədlər verilə bilər, hansıki bu çox önəmli bir məqamdır. Çox güman ki, regional maraqların təminində belə ABŞ-nin dəstəyini qazanmaq kimi niyyət də var və bu heç də diqqətdən yayınacaq məqam deyil. Həm də axı bu razılıq olmasaydı Türkiyənin NATO strategiyasına sadiqliyinə şübhələr də yaranardı və bundan sonrakı addımları zamanı Alyansdan dəstək alacağına zərrə qədər ümidi belə ola bilməzdi. Bir sözlə, Türkiyənin belə bir qərar verməsi, daha dəqiq desək, İsveçin NATO üzvlüyünə qəbulu ilə bağlı protokolu imzalamağa razılıq verməsi Türkiyə üçün ən doğru addım hesab olunur.
Bilirik ki, Türkiyə artıq dünya miqyasında, geosiyasi müstəvidə çox güclü, qüdrətli dövlət olaraq qəbul edilir və bu ölkə həqiqətən də söz sahibinə çevrilib. Elə bu səbəbdən də dünya ölkələrinin əksəriyyəti, özü də ən qüdrətli ölkələr məhz Türkiyə ilə hesablaşmaq, qardaş ölkənin mövqeyini, maraqlarını nəzərə almaq məcburiyyətindədirlər. ABŞ və Rusiyanın misalında ən qabaqcıl ölkələr Türkiyə ilə əlaqələrini daha da yaxşılaşdırmaq marağındadırlar. Bu marağı beynəlxalq görüşlər zamanı, müxtəlif platformalarda keçirilən tədbirlərdə, məsələlərin həlli ilə bağlı müzakirələrdə görmək olur. Təbii ki, belə bir maraq başqa bir rakursda da özünü biruzə verir, çünki Türkiyə qlobal miqyasda təzahür edən problemlərin həllində də əsaslı rola malikdir və bir sıra məsələlərin nizamlanmasına real olaraq, öz tövhələrini də verib. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda yaranan taxıl qıtlığı ilə bağlı problemin həllində Türkiyənin nə kimi rol oynadığını dünya ictimaiyyəti unudan deyil. Çünki sözügedən müharibə fonunda dünyanın ən qabaqcıl taxıl ixracatılarından sayılan Ukraynanın və eləcə də Rusiyanın taxıl ixrac etməsi ilə bağlı yaranan problemlər səbəbindən dünyanın bir çox ölkələrində yaranan qıtlıq hər kəsi narahat etdiyi zaman Türkiyə bu məsələnin həlli yolunu ortaya qoydu və sözügedən böhrandan çıxış yolu təklifi tam yerinə düşdü. Məhz belə bir hal Türkiyənin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına öz müsbət təsirini göstərmiş oldu. Belə nümunələrin sayını artırmaq da olar, lakin yalnız qeyd olunan bir fakt da deyilənlərin təsdiqi üçün kifayət edir. Bu baxımdan dünya ölkələrinin qardaş ölkə ilə əlaqələri daha da yaxşılaşdırmağa maraq göstərməsi, çalışması heç də əbəs yerə deyil, təsadüfi də sayılmır.
Sözsüz ki, Türkiyənin özü üçün də beynəlxalq əlaqələrin, bir çox ölkələrlə münasibətlərin inkişaf etdirilməsi maraq dairəsindədir. Çünki beynəlxalq əlaqələrin, münasibətlərin daha da inkişaf etməsi bütün istiqamətlərdə imkanların genişlənməsi deməkdir. Hal-hazırda baş verənləri Türkiyə ilə digər NATO ölkələri arasında yaxınlaşma kimi qiymətləndirmək olar. Çünki həmin ölkələrin Türkiyəyə xüsusi önəm verdiyi artıq özünü aydın şəkildə göstərir. Bu məqam xüsusi diqqətə layiqdir və Türkiyə tərəfi də öz növbəsində, göründüyü kimi, bunu layiqincə qiymətləndirir. Ona görə ki, bu, rəsmi Ankara üçün böyük əhəmiyyət kəsb edir. Qloballaşmaqda olan dünya düzənində NATO ölkələrinin Türkiyə ilə yaxınlaşmasının qardaş ölkə üçün bir neçə istiqamətdə faydalı olduğunu rəsmi Ankara əlbəttə ki, nəzərə alır. İlk növbədə ona görə ki, bu çətin vaxtlarda Hərbi Hava Qüvvələrinin donanmasının yenilənməsi müstəsna əhəmiyyət kəsb edən məsələdir və Türkiyə tərəfi bu məsələyə çox ciddi yanaşır. Digər tərəfdən də, Türkiyə iqtisadiyyatı hələ də inflyasiya və müəyyən kapital axını ilə bağlı çətinliklər yaşayır. Elə bu çətinliklərin, belə bir vəziyyətin fonunda əlaqələrin, münasibətlərin inkişafı, yaxınlaşma haqlı olaraq rəsmi Ankara tərəfindən nəzərə alınmaqdadır.
Dünya ölkələri ilə iqtisadi əlaqələrin nə dərəcədə əhəmiyyətli olduğu bəllidir. O da bəllidir ki, qardaş ölkə Avropa İttifaqı ilə iqtisadi simbiozdadır. Bəli, Türkiyə Avropa bazarında ən böyük avtomobil istehsalçılarından biridir, lakin artan Türkiyə hərbi-sənaye kompleksi hələ də ən son Avropa və Amerika texnologiyalarının idxalından müəyyən dərəcədə asılıdır. Elə məhz buna görə də bu gün Ankara Avropa və Amerika ilə iqtisadi əlaqələrin genişləndirilməsində, texnologiya və investisiyalar üçün həmişəkindən daha çox maraqlıdır. Sözsüz ki, siyasi yaxınlaşma olmadan da onları əldə etmək real görünmür. Məhz bu kontekstdə Ərdoğanın İsveçin NATO-ya daxil olmasına razılıq verməsi, əlaqələrə üstünlük verməsi, bir çox maraqlı məqamların nəzərə alınması heç də təsadüfi sayıla bilməz.
Təbii ki, Türkiyənin İsveçlə bağlı qərara razılıq verməsinin Azərbaycan üçün də əhəmiyyəti həddindən artıq böyükdür. Beləki, qardaş Türkiyə dövlətinin belə bir qərarının Bakının Cənubi Qafqaz siyasətinə müsbət təsir göstərəcəyi təkzib edilə bilməz. Bir halda ki, qardaş ölkə olan Türkiyə müvafiq qərar qəbul edib, deməli, öz milli maraqlarından çıxış edib. Yəni, rəsmi Ankara belə bir qərara gəlməzdən öncə bunun öz ölkəsinin, xalqının milli maraqlarına zidd olmadığını nəzərdən keçirib və müəyyən edib. Müəyyən edib ki, verdiyi qərar ümumilikdə Türkiyənin xeyrinədir. Belə olan halda, Azərbaycan üçün də proseslərin müsbət nəticə verəcəyi gözləniləndir və rəsmi Bakının bununla bağlı nikbin gözləntiləri tamamilə məntiqidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB