Azərbaycan-Vatikan münasibətləri: möhkəm təmələ əsaslanan əməkdaşlıq TƏHLİL

Azərbaycan-Vatikan münasibətləri: möhkəm təmələ əsaslanan əməkdaşlıq TƏHLİL

Ölkəmiz müstəqil dövlət olaraq, dünyanın bir çox ölkələri ilə yanaşı, katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti ilə də diplomatik münasibətləri yüksək səviyyədə qurub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul etməsi əlaqələrini davamlı olmasına, eləcə də dostluq münasibətlərinə söykənir. Uğurlu münasibətlər kontekstinə siyasi dialoqdan tutmuş mədəniyyətin və onun irsinin qorunması, elm və təhsil sahələri də daxildir. Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi ifadə edib. Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını diqqətə çatdırıb.
İkitərəfli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfəri və Roma papası II İohann Pavellə görüşü bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynayıb. 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin, ilk dəfə olaraq, Azərbaycana rəsmi səfəri zamanı Ulu Öndər Vatikan rəhbərini dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin dostu və dünya vətəndaşı adlandırmışdı. II İohann Pavel isə Azərbaycanı Şərq ilə Qərbin arasında qapı olan bir məkan kimi xarakterizə etmişdir.

"SİVİLİZASİYALARARASI DİALOQ YAŞAYIR, DAVAM EDİR, GÜCLƏNİR"

Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda olması ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə töhfəsini vermiş oldu. 2008-ci ildə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər etməsi bu əlaqələrin davamlığına dəlalət edir.
2016-cı il 2 oktyabr tarixində Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblərarası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət kəsb etmiş oldu. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəri idi. Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayının, bir neçə yüz nəfər olmasına baxmayaraq, respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. Prezident İlham Əliyev Roma Papasının Azərbaycana səfərini tarixi hadisə adlandırmış və bu səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdi: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər, bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək... 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi, məhz Azərbaycan sərgisi idi".
Papa Fransisk isə çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına töhfədir. Bu səfər də beynəlxalq aləmə, bir daha göstərdi ki, Azərbaycan dini və etnik toleratanlıq nümunəsidir.
Mövcud əlaqələr daha da dərinləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul etməsi bu əlaqələrin dərinliyinin daha bir göstəricisi oldu. Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq, bizim bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altında olduğumuzu bildirmişdi. Prezident İlham Əliyev onun ölkəmizdə olarkən, Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də, Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd etmişdi. Dövlət başçısı mədəniyyət sahəsindəki əlaqələrimizin xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın ikitərəfli münasibətlərin yaxşı əlaməti olduğunu bildirib. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.

BİRGƏYAŞAYIŞA VƏ QARŞILIQLI ƏMƏKDAŞLIĞA TÖHFƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbulu zamanı söhbət əsnasında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
Dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında quran Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr təkcə Azərbaycanı əhatə etmir, onun miqyası geniş və şaxəlidir. Bu gün Azərbaycan ilə Vatikan arasında salınan körpünün yeni bir mərhələ təşkil etdiyini də qeyd etməliyik. Azərbaycan və Vatikan arasında münasibətlər bu gün yeni müstəvidədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi böyük hadisəyə çevrildi və Vatikan rəsmiləri tərəfindən Fondun həyata keçirmiş olduğu layihə öz yüksək qiymətini aldı. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə məhdudlaşmır. Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasını da qeyd etməliyik. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır. Tarixi İpək Yolunda yerləşən Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır və ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Ökəmizdə hökm sürən mühit multikulturalizmi alternativi olmayan həyat tərzinə çevirib. Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa üstünlük verir. Bu dəyərlər insanları sülhə və dostluğa çağırır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə