Bakı toplantısı: TUTARLI FAKTLAR, ARQUMENTLƏR, TÖVSİYƏLƏR... - TƏHLİL
Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin tutarlı arqumentlər və dəyərli tövsiyələrlə zəngin çıxışı yaddaşlara həkk olundu, çünki bu çıxış qanunsuzluğa ədalətsizliyə, haqsızlığa, ayrı-seçkiliyə qarşı kəskinliyi ilə qətiyyən diqqətdən yayına bilməzdi. Qeyd edək ki, ölkə rəhbərinin çıxışının ən kəskin hissəsi isə Fransa mövzusu və onun ayrı-seçkilik siyasəti ilə bağlı səsləndirdiyi fikirlər hesab olunur və bu dəfə də dünya ictimaiyyəti Azərbaycan Prezidentinin haqsızlığa, ədalətsizliyə qarşı necə bir siyasi iradəyə, qətiyyətə sahib olduğuna bir daha əmin oldu. Əslində, görünən odur ki, məhz belə bir əminlik öncədən də var idi və Bakıda keçirilən Qoşulmama Hərəkatının tədbirlərinin Parisdə böyük gərginliklə gözlənilməsi də, izlənilməsi də bu baxımdan təsadüfi deyildi.
Azərbaycan Prezidenti hər zaman haqsızlığa, ədalətsizliyə qarşı olduğunu cəsarətlə bəyan etməklə yanaşı, həm də çox dəyərli çağırışlar da edib. “Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”, deyə bu ilin mart ayında Təmas Qrupunun Bakıda keçirilən sammitində də cənab Prezident İlham Əliyev onların törətdikləri cinayətlərə görə cavabdeh olduqlarını xatırlatmışdı və müvafiq çağırışlar da etmişdi. Bu isə onu göstərir ki, ölkə rəhbərimizin belə çağırışları, Fransa hökumətinə bu rakursda verdiyi mesaj birinci dəfə də deyildi. Xatırladaq ki, çari il, 2023-cü il martın əvvəlində Təmas Qrupunun paytaxtımızda keçirilən sammitində cənab İlham Əliyev bu məsələ ilə bağlı çıxış edərək, Parisi müstəmləkəçilik cinayətlərinə görə üzr istəməyə çağırmışdı. Ölkə rəhbərimiz tutarlı arqumentlər və dəyərli tövsiyyələrlə müvafiq çağırışlar edir, ayrı-seçkiliyə, haqsızlığa, ədalətsizliyə qarşı çıxışlar edir, cinayətlərə son qoyulması barədə bəyan edir, amma rəsmi Paris öz ənənəsini yaddan çıxarmaq belə niyyətində görünmür.
Fransada baş verən son hadisələr də təsdiq edir ki, Paris nəticə çıxarmır, keçmişin səhvlərini düzəltməyə tələsmir. Davamlı şəkildə həmin səhvlərin təkrarlanması bu fikri əsaslı şəkildə təsdiq edir. Təsdiq edir ki, Fransa deyəsən heç bu barədə, yəni səhvlərin təkrarlanmaması barədə düşünmür də. Sözsüz ki, həmin o təkrarlanan səhvlər Rəsmi Parisə ünvanlanan yeni tənqidlər üçün əsaslı zəmin yaradır. Məhz elə bu fonda da Fransa kimi bir Avropa ölkəsi tənqid edilir, eyni zamanda bu ölkəyə cinayət əməllərindən əl çəkmələri, ayrı-seçkiliyi aradan qaldırmaları üçün tövsiyələr verilir. Hətta ölkə rəhbərimiz cəsarətlə bəyan edib ki, rəsmi Paris məhz Fransanın nəinki bu günlərdə, eləcə də bu vaxta qədər törətdiyi cinayətlərə görə üzr istəməlidir. Lakin belə bir tövsiyə görünür, Avropanın düz ortasında yerləşən bir ölkə rəhbərliyi tərəfindən dərk edilməyib və Emmanuel Makron Fransaya edilən ilk müraciətə, tövsiyələrə reaksiya vermədiyi səbəbindən ölkəmizin Prezidenti bu dəfə onlara Hollandiyanı misal çəkib. “Ölkəsinin müstəmləkə keçmişinə və qul ticarətində iştirakına görə Hollandiya kralı bir neçə gün əvvəl rəsmi olaraq üzr istədi. Biz onun fransalı həmkarını da bunu etməyə təşviq edirik. Gec olmağı heç olmamaqdan yaxşıdır", deyə xatırladan Azərbaycan Prezidenti bir Avropa ölkəsini cinayətlərə, ayrı-seçkiliyə, ədalətsizliyə son qoymağa çağırıb. Sözsüz ki, bu çağırışlardan nəticə çıxarıb-çıxarmayacağı rəsmi Parisin işidir. Hər halda, bu vaxta qədər nəticə çıxarılmadığının acı nəticələri göz önündədir və daha ağır nəticələrə apardığı da təkzib edilə bilməz, çünki həmin o ayrı-seçkilik, ədalətsizlik, haqsızlıq məhz Fransanı bugünkü vəziyyətə salıb, qarışıqlıq halına gətirib.
Görəsən, bu dəfə də olsa Fransa prezidenti, həmin ölkənin hakimiyyəti bu məsləhətlərdən, tövsiyələrdən bir nəticə çıxara biləcəkmi? Sözsüz ki, Əgər Makron və onun komandası heç olmasa az da olsa sağlam düşüncəyə sahib olsaydı, bunu gözləməyə dəyərdi. Ən azından mövcud böhranlı vəziyyətin qarşısını almaq üçün sağlam düşüncə sahibi məhz Bakı toplantısında ölkə rəhbərimizin səsləndirdiyi dəyərli tövsiyələrdən müvafiq nəticə çıxaramalıdır. “Sələflərinin müstəmləkələşdirdiyi, qul kimi istifadə etdiyi, öldürdüyü, işgəncələrə məruz qoyduğu və alçaltdığı milyonlarla insandan üzr istənilməsi təkcə Fransanın tarixi günahının etirafı olmayacaq, həm də dərin sosial və siyasi böhranın nəticələrini aradan qaldırmağa kömək edəcək”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb və sözsüz ki, bunlardan nəticə çıxarmaq kimi bir məsuliyyət Fransa hökumətinin, şəxsən prezident Makronun üzərinə düşür. Çünki mövcud böhranın aradan qaldırılması məsuliyyəti də birbaşa olaraq onun və hakimiyyət komandasının üzərindədir.
Həqiqətən də, əgər Makron ölkə rəhbərimizin tövsiyələrinə qulaq asaraq, eyni ilə Hollandiya kralı kimi cəsarətli addım atsa, üzr istəsə, əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsinə görə də doğru, ədalətli qərar versə və bundan sonra da ayrı-seçkiliyə son qoysa, fransızlar və miqrantlar arasında ayrı-seçkiliyin olmadığına inamsızlığı aradan qaldıra, nəticədə də böhranlı siyasi vəziyyətin öhdəsindən gələ bilər. Üzr istəmək keçmişin günahına görə yaranan qəzəb hissini soyuda, səngidə bilər və unutmaq lazım deyil ki, miqrantlar fransız cəmiyyətinin, eləcə də mədəniyyətinin bir hissəsidir və onlar nəzərə alınmalı, onlara qarşı ayrı-seçkiliyə son qoyulmalıdır ki, mövcud problemlərinin öhdəsindən gələ bilsinlər. Əgər üzr istənilməzsə, miqrantlar özlərini hər zaman ikinci dərəcəli insanlar kimi hiss edəcəklər və bu da nəticə etibarı ilə onların fransız cəmiyyətinə inteqrasiya etmək istəməməsinə gətirib çıxaracaq. Bax elə bu durum, bu vəziyyət məhz qarşılıqlı inamsızlıq yaradır, hansı ki, Fransada hazırda baş verənlər də bundan qaynaqlanır. Azərbaycan Prezidentinin tövsiyələri də özündənrazı Fransa elitasına bu baxımdan ünvanlanıb və problemin mənşəyinin diqqətə çatdırılması ilə qətiyyətli doğru addım atmaq çağırışı edilib.
Fransanın tarixən törətdiyi cinayətləri təkzib etmək mümkün deyil və bunu onlar özləri də edə bilməzlər. Cənab İlham Əliyevin də xatırladığı kimi, Fransanın müstəmləkəçilik siyasətinin ən ağır cinayətlərindən biri də ərəb-əlcəzairlilərin soyqırımı olub, hansı ki, bunun nəticəsində bir milyon yarıma yaxın insan həyatını itirib. Əsassız və haqsız olaraq, Azərbaycanı ermənilərə qarşı mücərrəd, sübuta yetirilməmiş cinayətlərdə ittiham etməyə çalışan Fransa törətdiyi insanlığa sığmayan soyqırımlar barədə konkret faktlar, tutarlı arqumentlər qarşısında özü acizdir və fransızlar bunu heç təkzib etməyə də çalışmırlar, yaxud, təkzib etmək üçün cəhd belə etmirlər. Necə edə bilərlər axı, fakt ortadadır. Əlcəzairli öldürülən azadlıq mücahidlərinin kəllələrini hələ də muzeylərində saxlamaları isə hərdən elə təəssürat yaradır ki, elə bil, öz vəhşilikləri, vandallıqlarına görə onlar hətta fəxr edirlər. O zaman Fransa hansı üzlə, onun prezidenti hansı mənəvi haqla sübuta yetirilməyən erməni iddialarına görə Azərbaycanı cinayətdə ittiham etməyə qalxır? Öz suveren ərazilərimizi, özü də əsrin üçdə birinə yaxın müddət ərzində ermənilər tərəfindən işğal altında saxlanılan, dağıdılıb viran qoyulan torpaqlarımızı geri, öz sahibinə, özümüzə qaytarmağımıza görəmi ittiham edir? Viran qoyulmuş əraziləri geri qaytardıqdan sonra onları Azərbaycanın abadlaşdırmasını yoxsa görmür? Bəlkə sülh, stabillik, sabitlik istiqamətində ölkəmizin atdığı addımlarından, təkliflərindən xəbərsizdir bu Avropa ölkəsi? Bütün bunlar özünü, insanlar və xalqlar üçün bərabər hüquqlar ideologiyasının beşiyi kimi göstərmək istəyindən, niyyətindən başqa cür görünmür və çox absurd, iyrənc bir mənzərə yaradır. Əslində, ölkə rəhbərimiz tərəfindən səsləndirilən fikirlər, təkzibedilməz faktlar, tutarlı arqumentlər səbəbsiz, yaxud təsadüfi deyildi, Fransaya, onun hakimiyyətinə xatırladılan incə məqamlar idi. Bunu nəinki fransızlar, onların prezidenti, hətta dünya ictimaiyyəti də çox yaxşı başa düşmüş oldu və gec də olsa ədalətli, haqlı davranmağın, ayrı-seçkiliyə son qoymağın, kobud şəkildə desək, ədəb-ərkan göstərməyin zamanı olduğu rəsmi Paris qarşısında dilemma şəklində qoyulduğunu hər kəs çox gözəl anlamış oldu.
Komor adalarının Mayotte adasındakı suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərinin digər xalqlarının hüquqlarına Fransanın hörmətlə yanaşmalı olduğunu qeyd edən cənab Prezident İlham Əliyev nəinki keçmişə üz tutdu, hətta bu günə aid faktları da bununla diqqətə çatdırdı və müasir dünyada müstəmləkəçilik, təcavüz etmək kimi təzahürləri qınadı. Doğrudur, Avropa ölkəsində baş verən mövcud hadisələr, Fransa reallığı, bu ölkə hakimiyyətinin ədalətsiz yanaşmaları siyasi elitanın şüur paradiqmasının dəyişəcəyinə ümid yaratmır. Rəsmi Parisin təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymaması da bu fonda diqqəti cəlb edir və bu ölkə tərəfindən təcavüzkarın dəstəklənməsi, heç də özünü insanlar və xalqlar üçün bərabər hüquqlar ideologiyasının beşiyi kimi göstərmək istəyinə uyğun gəlmir. Cənab Prezident eyni zamanda yaxın tarixə müraciət edərək, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, dinc azərbaycanlı sakinlərə, şəhərlərə, mədəni irs abidələrinə qarşı törətdiyi cinayətləri bir daha təqdim etməsi də bu baxımdan təsadüfi sayıla bilməz. Ermənistanın Azərbaycana qarşı həmçinin həyata keçirdiyi ekoloji və mina terroru, öz silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazilərindən çıxarmaqdan yayınaraq açıq-aşkar şəkildə qeyri-konstruktiv və hətta təcavüzkar mövqe tutduğu barədə diqqətə çatdırılması da əbəs yerə deyildi və bir xatırlatma kimi diqqətdən yayınmadı da. Bütün bunlar təcavüzkarın dəstəklənməsinin növbəti ədalətsizlik olduğu barədə bir ehyam idi və bir növ Fransaya bunu etməmək tövsiyəsi də sayıla bilər. Yəni, Qoşulmama Hərəkatı kontekstində Ermənistanın təcavüzünün qeyd edilməsi heç də təsadüfi deyildi və erməni təcavüzkar layihəsinin dünya güclərinin Cənubi Qafqaz üzərində post-müstəmləkəçilik nəzarəti aləti olduğunun diqqətə çatdırılması tam yerinə düşmüş oldu. Bu tutarlı faktlar, arqumentlər ədalətsizliyə, ayrı-seçkiliyə yol verən Fransa üçün haqq və hüquqların qorunması, eləcə də təcavüzün, təcavüzkarın yanında olmamaq üçün daha bir tövsiyə sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB