Vaşinqtonda kim uduzdu, kim uddu?.. - RAKURS

Vaşinqtonda kim uduzdu, kim uddu?.. - RAKURS

ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında əsas vasitəçiyə çevrilir

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 27-də Vaşinqtonda başlayan danışıqlar yenə də uzun çəkdi. Bu ehtimalı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hələ görüşdən əvvək keçirdiyi brifinqdə bildirmişdi. Danışıqlar Ermənistan müxalifətinin İrəvanda Azərbaycandan Qarabağa gedən yolu açmaq üçün təsirli tədbirlər görməsini tələb edən aksiyası fonunda keçirilirdi. Eyni zamanda, İrəvanda 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə parlament komissiyasının iclası da öz işinə başlamışdı. Danışıqlar prosesində hər zaman özünü daha aktiv göstərməyə çalışan Rusiyada üsyandan sonrakı ab-hava hökm sürsə də yenə də bir gözü Vaşinqtonda idi. Çünki vəziyyət hər an dəyişə, Rusiyanın Cənubi Qafqazda qalıb-qalmayacağı məsələsi dövrəyə girə bilərdi.

Baş nazir Nikol Paşinyan parlamentin istintaq komissiyasının iclasında sualları cavablandırarkən deyib ki, o, müharibə ehtimalının yüksək olması ilə bağlı Milli Təhlükəsizlik Şurasından mütəmadi xəbərdarlıqlar alır. Bu barədə beynəlxalq tərəfdaşlar da məlumat veriblər. Hətta İrəvandakıların iddialarına görə, türk pilotlar qarşıdan gələn mühüm əməliyyatla bağlı etdikləri söhbətin səs yazısı da artıq onlardadır. Paşinyan keçmişə qayıdaraq etiraf edib ki, o, müharibədən yayınmaq vəzifəsində uğursuz olub. Eyni zamanda, hərbi uğursuzluğun səbəblərindən danışaraq, onlardan biri kimi Ermənistan ordusunun qeyri-kafi hərəkətliliyini göstərib. Parlament komissiyasının iclası bir gündən çox çəkib.

Bu arada “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası (ARFD) ABŞ, Rusiya, Fransa və Avropa İttifaqının səfirlikləri qarşısında “Qarabağın tam mühasirəyə alınması üçün tədbirlərin görülməsi”ni tələb edərək gecə-gündüz oturaq aksiyaya başladığını elan edib.

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar başlamazdan əvvəl Bakı Ermənistanla sərhəddən Qarabağa gedən yolda gediş-gəlişi təmin edib. Xankəndidən Ermənistana ağır xəstələrin daşınması bərpa edilib. Bu Qırmızı Xaç tərəfindən həyata keçirilir. Enerji təchizatı ilə bağlı vəziyyət bir qədər yaxşılaşıb. Bununla belə, mağazalarda hələ də məhsul qıtlığı var. “İravunk” (Qanun) nəşrinin yazdığına görə, hətta Rusiya sülhməramlıları da qida problemi yaşamağa başlayıblar. Azərbaycan tərəfi kontingentin komandanlığına onun nəzarətində olan Ağdam şəhərində ərzaq almağı təklif edib.

Erməni tərəfi yazırdı ki, Vaşinqtonda nazirlərin görüşündə Qarabağa gedən yolun bütün yüklər üçün tamamilə açılacağı barədə razılıq əldə olunacaq. Ermənistan tərəfi Qarabağı Ermənistanla birləşdirən bu yolun tam açılması tələbi ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarını da tez-tez yada salırdı. AŞPA-nın iclasında qurumun sədri Tini Koks öhdəliklərlə bağlı danışarkən deyib ki, hamı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. “Lakin yolun bağlanması insanlar üçün ciddi fəlakətə səbəb ola bilər. Assambleya Azərbaycanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, Qarabağa yardımın çatdırılması üçün dəhlizi yenidən açmağa çağırır”, - Koks vurğulayıb.

Amma Koks nədənsə yaxın tarixi unudur, nəinki humanitar yardım, daim ölümlə üz-üzə qalan azərbaycanlılar üçün niyə bu qədər canfəşanlıq etmir? Məgər, işğala məruz qalan, yurdu-yuvası talanan, öldürülən, zorla evindən qovulan, əsir-girov götürülən, mülkiyyət hüququndan məhrum edilən və hələ də yurduna dönə bilməyən azərbaycanlılar insan deyillərmi, onların hüququ yoxdurmu? Bu ayrıseçkilik siyasəti ilə avropalılar nə demək istəyirlər? İkili standartlar bəs deyilmi?

Ermənistan parlamentinin sədri Alen Simonyan isə jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan tərəfi də Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Simonyan qeyd edib ki, Azərbaycan liderinin bəyanatı erməni tərəfini qorxuya salıb: “Sülh müqaviləsi imzalanmayana qədər narahat gözləntilər var”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri ilə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlar aparıb. Vaşinqton danışıqları Azərbaycan və Ermənistanın şərti sərhəd xəttində, həmçinin erməni icmasının yaşadığı Azərbaycanın suverenliyində olan ərazilərdə qarşılıqlı atışmaların baş verdiyi bir vaxta təsadüf edib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusunun Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru irəliləməyə cəhd göstərdiyi və həyata keçirilən tədbirlər nəticəsində bunun qarşının alındığı deyilir. Bundan sonra Azərbaycan tərəfinin Ermənistanı ermənilərin yaşadığı Xankəndi şəhəri ilə birləşdirən avtomobil yolunu bağladığı bildirilib. Bununla yanaşı son günlər avtomobil yolundan humanitar məqsədlər üçün istifadə edildiyi barədə videolar yayılıb.

"Saziş layihəsi üzrə irəliləyişə nail olunub"

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb. İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib. Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. “Xüsusilə, Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında irəliləyiş olduğunu bildirirlər. Məlumata görə, saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib. Tərəflər onu da bildiriblər ki, bəzi əsas məsələlər üzrə mövqelərin yaxınlaşması əlavə iş tələb edir. Yekunda çıxış edən ABŞ dövlət katibi Antony Blinken üç gün ərzində aparılan danışıqlarda "qazanılan tərəqqi" üçün Azərbaycan və Ermənistan nümayəndə heyətlərinə təşəkkür edib. "Biz ümumi və yekun nəticəyə nail olmaq məqsədi ilə müxtəlif diskret parçalar üzrə əlavə razılaşma yolu ilə bu görüşlər vasitəsilə əldə etdiyimiz sürətdən yararlanmaq üçün qarşıdakı həftələrdə də bu prosesi davam etdirməyi səbirsizliklə gözləyirik. Qarşıdakı həftələr və aylar ərzində yekun razılıq əldə olunacaq", - Antony Blinken bildirib.

"Xarici işlər nazirləri ilə görüşlər konstruktiv keçdi və biz, sülh danışıqları getdikcə, bu müzakirələri bu gün və sabah inkişaf etdirməyə davam edirik. Qrafikdə heç bir dəyişiklik yoxdur. Biz Qarabağda insan tələfatından çox narahatıq və bütün həlak olanların ailələrinə başsağlığı veririk. Bu son hadisələr hərbi əməliyyatlardan çəkinməyin və davamlı və ləyaqətli sülhə nail olmağın zəruriliyini göstərir", - ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vendat Patel deyib.

Onun sözlərinə görə, ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etmək öhdəliyi götürüb. "Dövlət katibi Antony Blinken bilavasitə sülh prosesinə cəlb olunub. Birbaşa dialoq problemlərin həlli və davamlı və ləyaqətli sülhə nail olmağın açardır", - Dövlət Departamentinin sözçüsünün müavini ötən gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qarşıdan Moskva görüşü gəlir

Amerika görüşündən dərhal sonra ermənilər yenə iç üzlərini göstərdilər. Əməliyyat nəticəsində 5 erməni məhv edildi. Bundan sonra isə Ermənistan dövlətinin və onun rəhbərliyində təmsil olunanların daha çirkin oyunları və yalanları üzə çıxdı. Daha doğrusu yalanları növbəti dəfə sübuta yetirildi. Məlum oldu ki, Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət bölgəsində məhv edilən ermənilər heç də yerlilər deyil. Onların hələlik ikisi Ermənistan vətəndaşlarıdır. Azərbaycan Müdafiə Nazirliyi isə həmin gün yaydığı məlumatda "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin" yaralandığını bildirib. Bu gün də tərəflər bir-birini dövlət sərhədində və Qarabağda təmas xəttində atəşkəsi pozmaqda ittiham edib.

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Matthew Miller keçirdiyi brifinqdə dövlət katibi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib ki, ABŞ əvvəlki kimi, sülhün əldə edilə biləcəyinə inanır: "Biz hesab edirik ki, birbaşa dialoq qalan məsələlərin həllinin və möhkəm sülhə nail olmağın açarıdır".

Beləliklə, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatdı. Bəzi məqamlarla bağlı razılığın əldə edildiyi açıqlansa da, tərəflər arasında əsas bəndlərlə bağlı fikir ayrılıqları hələ də qalır. ABŞ-nin moderatorluğu ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi bu görüşün nəticələrini necə qiymətləndirmək olar?

ABŞ təmsilçiləri Arlinqton danışıqlarının uğurlu keçdiyini desə də, ortada bunu göstərən heç nə yoxdur. Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransdakı açıqlamasından bəlli idi ki, orada böyük irəliləyişin olacağı gözlənilmir. Səbəb də Ermənistanın, ən əsası isə ona geosiyasi alət kimi yanaşanların Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ də həzm etmək istəməmələri ilə bağlıdır. Dövlət başçısının da vurğuladığı kimi, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa hətta “Qərbdəki bəzi dostlarından” daha meylli görünür. Ona görə də həmin “dostları” “hay”ları reallığa uyğun hərəkət etməyə səsləməkdənsə, iransayağı revanşizmə həvəsləndirirlər. ABŞ-yə gəldikdə, rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində, ən əsası isə Türkiyə ilə əlaqələrin tam da olmasa, normallaşmasında maraqlıdır. İlk növbədə ona görə maraqlıdır ki, belədə Rusiyanın Ermənistanda hərbi baza saxlaması zərurəti aradan qalxmış olur.

Brüssel və Moskva görüşlərindən fərqli olaraq Vaşinqton görüşü 4 gün davam etdi. Görüşlər həm ikitərəfli, həm də üçtərəfli formatda keçirildi. Ermənistanda 102 saylı hərbi bazanın olması, eləcə də bölgədə Rusiya sülhməramlı qüvvələrin xidmət apardığı bir müddətdə görüşün Vaşinqtonda keçirilməsi Rusiya tərəfindən həzm edilməyəcək. Qarşıdan Moskva görüşü gəlir. Əsas məqamların məhz Vaşinqtonda razılaşdırılması faktını nəzərə alsaq, yenə də Moskva görüşünün formal xarakter daşıyacağını indidən demək olar. Bununla yanaşı, artıq erməni və ABŞ mediasında görüşlərin bir sıra pərdəarxası məqamları bəlli olub. Belə ki, Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olması və ABŞ tərəfindən də bunun dəstəklənməsi Ermənistanda əsl xaos yaradıb. Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qiymətləndirilib, orada yaşayan ermənilər etnik-milli azlıq kimi tanınıblar. Ermənistan XİN rəhbərinə də yüksək səviyyədə izah edilib. Sərhəddəki nəzarət buraxılış məntəqəsinin Azərbaycanın suveren hüququ olması Ermənistan tərəfinə çatdırılıb. Vəssalam...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə