"Kim qanunu pozubsa cəzasını çəkməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Kim qanunu pozubsa cəzasını çəkməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Gədəbəydə baş verən hadisə yaxşı bir hal deyil. Amma mənim üçün çox maraqlıdır ki, həmin insanlar hansı dövlət qurumuna müraciət ediblər. Düşünürəm ki, aksiya ilə əlaqədar məsələyə ilk olaraq bu yöndən yanaşmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib

Onun sözlərinə görə, bu aksiya öncədən təşkil olunmuş bir hadisədir: "Təbiidir ki, belə məsələlərdə insanlar gərək rəsmi müraciət etsin, sorğu versin və ya məktub yazsınlar: "Əgər bundan sonra onların sualları cavabsız qalsa belə bu şəkildə aksiya keçirmək doğru deyildi. Polis özbaşınalığı varsa da, bununla məşğul olacaqlar. Hazırda orada komissiya çalışır və araşdırmalar gedir. Kim qanunu pozubsa, o da cəzasını çəkməlidir. Aldığım məlumata görə, aksiya iştirakçılarının arxasında bəzi qüvvələr var. Həmin qüvvələrə maraqlı idi ki, bu şəkildə təşviş yaransın".

Deputat sözlərinə davam edərək bildirib ki, bunun məqsədi ilə bağlı müxtəlif fikirlər səslənir: "Hesab edirəm ki, belə məsələlərdə səbrli olaraq gözləmək lazımdır. Dövlət Komissiyası hər halda araşdırmalarının nəticələri ilə bizi məlumatlandıracaq. Əgər insanların tələbləri qanunidirsə, təbii ki məmurlar bununla məşğul olmalı, təbliğat-təşviqat işləri aparmalıdır.

Məsələni şişirtməyə qaldıqda isə mənim fikrimcə, bu doğru deyil. Çünki belə hallar Azərbaycan barədə yanlış fikirlər formalaşdırır. Onu da qeyd edim ki, polislərin istər 44 günlük Vətən müharibəsində, istərsə də pandemiya dövründə Azərbaycan xalqının həyatında böyük bir zəhməti var. Lakin vəzifəsindən asılı olmayaraq kimsə kobudcasına qanunu pozubsa, cəzasını çəkməli və bu da başqalarına dərs olmalıdır.

Mən dövlətin işinə qarışmamaq tərəfdarıyam. Artıq bu hadisə baş verdi. Niyə baş verdi, günahkar kimdir, kimin nə marağı var idi, həmin maraqları niyə bu formada həyata keçirdi və s. kimi sualların cavabları Dövlət Komissiyası tərəfindən vaxtı gəldikdə ictimaiyyətə çatdırılacaq və labüd addımlar atılacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə